AYNA-nın cibəgirən “sistemi” – “Aylıq 120-200 manat arası yalnız parkinqə xərclənir”

media-hightechnic-468x90

 

“Bakıda tətbiq edilən yeni parklanma sistemi (Azparking) artıq ilk gündən insanların əsəblərini tarıma çəkib. Çünki bu sistemin mahiyyəti vətəndaşa xidmət yox, ondan pul qoparmaq üzərində qurulub.

Əslində, parklanma qaydaları sivil şəhərlərdə insanların işini asanlaşdırmaq, tıxacların qarşısını almaq və rahatlıq yaratmaq üçün tətbiq olunur. Amma bizdə tam əksi baş verir, belə ki, vətəndaşın çiyninə əlavə yük qoyulur və cibinə isə göz dikilir”.

Yenicag.az xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının sədri Samir Əsədli özünün “Facebook” hesabında paylaşıb.

O, yazır ki, şəhərin mərkəzində 1 saatlıq parkinqin 1 manat, digər ərazilərdə isə 30, 40, 70 qəpik olması açıq-aşkar soyğunçuluqdur:

“İndi təsəvvür edin: işə şəxsi maşını ilə gedən bir vətəndaş gün ərzində maşınını 8 saat park etməlidir. Mərkəzdə bu, 8 manat deməkdir. Aylıq hesabladıqda isə 120-200 manat arası yalnız parkinqə xərclənir. Bu, gündəlik yanacaq xərcindən belə artıqdır. Başqa sözlə, Bakının parklanma sistemi avtomobili hərəkətsiz vəziyyətdə saxlayaraq yanacaqdan da baha başa gəlir”.

VHP funksioneri əlavə edib ki, dünyanın heç bir normal şəhərində belə absurd tarif yoxdur:

“Avropada, Amerikada, Asiyada parklanma qiymətləri adətən ilk saat üçün müəyyən olunur, sonrakı saatlarda isə ya sabit qalır, ya da azalır. Çünki məqsəd insanı incitmək yox, sistemi tənzimləməkdir. Bizdə isə məqsəd bəllidir: vətəndaşın cibini boşaltmaq.

Əgər doğrudan da parkinq sistemi qurmaq istəyirlərsə, düzgün yanaşma belə olmalıdır:

ilk saat üçün 50 qəpik, sonrakı saatlar isə azalan xətlə getməlidir. Bu halda vətəndaş həm cibindən artıq yük hiss etməz, həm də işinə rahat gedib-gələr. Çünki əsas yüklənmə məhz iş saatlarında baş verir”.

O, həmçinin AYNA-nın tətbiq etdiyi sistemin qanunvericiliklə ziddiyyət təşkil edən məqamları da sadalayıb:

1. Konstitusiyaya görə, Azərbaycan vətəndaşının mobil cihazdan istifadə etmək kimi öhdəliyi yoxdur. O halda AYNA hansı əsasla vətəndaşı daim mobil telefon daşımağa, kontur yükləməyə məcbur edir?
2. Azərbaycan Respublikasında əsas ödəniş vasitəsi manatdır. Bəs AYNA nə vaxtdan SMS-i ödəniş vasitəsi kimi təqdim etmək səlahiyyətini əldə edib?
3. Mobil telefonunu unudan vətəndaş məcburiyyətdən dayanacaqdan istifadə edir. Bu isə Konstitusiyanın verdiyi sərbəst hərəkət hüququnun qorunmasıdır. Qanunvericiliyə görə belə hallarda məsuliyyət yaranmır. AYNA hansı hüquqi əsasla bunu “icbari xəta” kimi yozur?
4. Qanuna görə, parkinqlərdə ödəniş parkomatlar vasitəsilə edilməlidir. Əgər parkomat yoxdur və ya işləmirsə, vətəndaş başqa üsullardan asılı olmayaraq ödəniş etməyə borclu deyil. Əsas ödəniş vasitəsi manatdır, SMS yox.

O, vurğulayıb ki, bütün bunların fonunda AYNA-nın topladığı ödəniş və cərimələrin qanunsuz olması ortadadır:

“Ədalətli yanaşma yalnız qiymətləri endirmək deyil, həm də vətəndaşa hörmətlə yanaşmaqdır. Amma görünən odur ki, “parklanma” adı ilə qurulan bu mexanizm vətəndaşın belini qırmaq, cibini boşaltmaq üçün icad olunub.

Unutmayaq ki, bu ölkənin torpağı da, sərvəti də, şəhəri də vətəndaşındır. Məmurlar vəzifəyə vətəndaşın rifahını yaxşılaşdırmaq üçün gəliblər, həyatını çətinləşdirmək üçün yox. Əgər parklanma sistemi bu cür fantastik qiymətlərlə davam edəcəksə, bu, nə sivil addım olacaq, nə də vətəndaşın maraqlarına xidmət edəcək.

Əksinə, bu, vətəndaşla hökumət arasında etimadı zədələyəcək.

Dövlətin gücü vətəndaşın rifahı ilə ölçülür. Vətəndaşı yaşat ki, dövlət yaşasın- bu sadəcə şüar yox, real siyasət prinsipi olmalıdır”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa