Bir il əvvəl Azərbaycan Ermənistanın Qarabağ bölgəsindəki qeyri-qanuni hərbi mövcudluğuna və onun separatçı rejiminin varlığına son qoydu. “Dağlıq Qarabağ” adlı heç bir bölgə və ya qurum yoxdur.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “X” platformasında Almaniya XİN-ə cavabında bildirib.
A.Hacızadə qeyd edib ki, münaqişə 30 il əvvəl Ermənistanın hərbi təcavüzü və azərbaycanlılara qarşı etnik təmizləmə aparması nəticəsində başlayıb. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra münaqişə başa çatıb. Bölgəni tərk etmək erməni sakinlərin öz seçimi olub və Azərbaycan tərəfi onları bunu etməkdən çəkindirib”.
“Bəli, indi sülh vaxtıdır və ümid edirəm ki, Ermənistan Azərbaycanın xoş niyyətinə cavab verəcək, qonşu dövlətlərin ərazisinə olan iddialarından təkcə sözdə deyil, həm də əməldə əl çəkəcək”, – A.Hacızadə vurğulayıb.
Qeyd edək ki, Almaniya XİN-in “X” səhifəsində yayılan paylaşımda deyilir ki, bir il əvvəl “Dağlıq Qarabağ” növbəti dəfə hərbi qarşıdurma səhnəsinə çevrildi. Minlərlə insan evlərini tərk edərək Ermənistana üz tutub. O vaxtdan bəri Ermənistan və Azərbaycan davamlı olaraq yanaşı yaşamaq üçün çalışıb və sülh danışıqlarına başlayıb./Report/
www.yenicag.az