Azadlığa çıxan Fədayə Laçının SON DURUMU – Bacısından AÇIQLAMA

Fədayə Laçın bu gün azadlığa buraxılıb.

Bu barədə Yenicag.az-a müğənninin bacısı İlahə Fəda məlumat verib.

“Hazırda evdəyik. Ailəvi olaraq sevinc içindəyik. Fədayə Laçın çox yorğundur. Bu gün heç kimlə görüşməyəcək, dincəlir. Yaxın vaxtlarda mətbuat konfransı keçirəcək. Fədayə bütün sualları orada cavablandıracaq”, – İlahə Fəda qeyd edib.

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri – Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvətalma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və F. Laçının cəza müddəti 2 ilə endirilib.

Cəvahir