Alimlər yaşlandıqca immun sistemini cavanlaşdırmağın yolunu tapdılar
İnsanlar yaşlandıqca immun sistemi zəifləyir: T hüceyrələrinin sayı azalır, qalanları isə mikroblara daha yavaş cavab verir. Bu, yaşlıları infeksiyalara qarşı daha həssas edir.
Yenicag.az xəbər verir ki, bu barədə araşdırma “Nature” jurnalında dərc olunub.
Massaçusets Texnologiya İnstitutu və Broad İnstitutunun alimləri qaraciyər hüceyrələrini müvəqqəti yenidən proqramlaşdıraraq T hüceyrələrinin fəaliyyətini gücləndirən üsul hazırlayıblar. Məqsəd timusun – T hüceyrələrinin yetişdiyi orqanın – yaşla azalmasını kompensasiya etməkdir.
Komanda “mRNA” vasitəsilə üç faktor (“DLL1”, “FLT-3”, “IL-7”) çatdıraraq siçanların immun sistemini cavanlaşdırıb. Müalicə alan yaşlı siçanlarda peyvənddən sonra T hüceyrələrinin sayı və müxtəlifliyi artıb, həmçinin xərçəng immunoterapiyasına cavab güclənib.
Timus erkən yetkinlikdən sonra kiçilməyə başlayır və 75 yaşda, demək olar ki, fəaliyyətini itirir. Əvvəlki cəhdlər böyümə faktorlarını qan dövranına verməyə yönəlib, lakin yan təsirlər yaradır. İnstitut komandası isə qaraciyəri müvəqqəti “fabrik”ə çevirərək timusun siqnallarını təqlid etməyi seçib.
Tədqiqat göstərib ki, müalicə alan siçanlarda peyvənd reaksiyası iki dəfə güclənib, xərçəng müalicəsində sağ qalma göstəriciləri yüksəlib. Alimlər növbəti mərhələdə digər heyvan modellərində sınaqlar aparmağı və əlavə siqnallar axtarmağı planlaşdırırlar.












