AZAL-dan “təntənəli” mərasim: Göz yaşına bürünmüş tort – FOTO
Avqustun 8-də Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın doğum günü münasibətilə keçirilən tədbir cəmiyyətdə kəskin tənqidə səbəb olub.
Yenicag.az xəbər verir ki, bu barədə jurnalist Ağa Dadaşzadə sosial şəbəkə hesabında paylaşım edib.
İddiaya görə, tədbirdə şəhid anasının qarşısına üzərində qızının şəkli olan tort qoyularaq “kəsin” təklif edilib. Sosial mediada və ictimai müzakirələrdə bu jest “hörmət əlaməti” kimi deyil, həssaslıq çatışmazlığı kimi qiymətləndirilib.
O, qeyd edib ki, şəhid ailələrinə hörmət onların yarasını təzələməklə deyil, əksinə, kədərini azaltmaqla göstərilməlidir. Bu cür davranışın nə dövlət qurumunun imicinə, nə də şəhidin müqəddəs xatirəsinə uyğun olduğu bildirilib.
AZAL-ın açıqlamasında isə bildirilib ki, tortu sifariş edən və tədbiri təşkil edən qurum AZAL olmayıb, şirkət əməkdaşları yalnız qonaq qismində iştirak ediblər. Lakin jurnalist AZAL əməkdaşlarının həmin an etiraz etməməsini də düzgün saymayıb və dövlət qurumlarının şəhid ailələrinə xüsusi həssaslıqla yanaşmalı olduğunu vurğulayıb.