Azər Badamov: "Azərbaycanın enerji diplomatiyası qlobal böhrana qarşı ən real qalxandır"
“Tələbat mövcud qaz nəqli infrastrukturunun genişləndirilməsini zəruri edir”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O, Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxışı və buradan dünyaya ötürülən mühüm mesajlar barədə fikirlərini səsləndirib.
Deputat bildirib ki, bu gün dünya elə bir reallıqlar üzərindən inkişaf edir ki, enerji böhranı qaçılmaz xarakter alıb:
“Dünyanın müxtəlif istiqamətlərində gedən müharibələr enerji təhlükəsizliyi ilə bağlı riskləri önə çıxardır. Habelə, dünya əhəmiyyətli keçid yaşayır. Bu keçid milli enerji təhlükəsizliyində də özünü göstərir. Bu baxımdan həm enerji təchizatçısı, həm də enerji istehlakçısı olan dövlətlər yanaşmalarını dəyişməli və bir çox kompleks məsələləri nəzərə almalıdırlar. Çünki bunlar nəzərə alınmadan uğurlu siyasətin yürüdülməsi demək olar ki, mümkünsüzdür. Enerji, iqtisadiyyat, siyasət — bu məfhumlar bir-biri ilə ayrılmaz şəkildə bağlıdır. Dövlətləri bu mürəkkəb durumdan sadəcə düşünülmüş addımlar xilas edə bilər. Əsas amil ondan ibarətdir ki, burada müştərək addımlar atılsın.
Heç bir dövlət deyə bilməz ki, təkbaşına bu istiqamətdə siyasət yürütmək olar. Lakin, aydın vizyon və proqnozlaşdırılabilən siyasət yürütmək mümkündür ki, enerji təhlükəsizliyinin sabit və məqbul qiymətlərlə təmin edilməsi həyata keçirilə bilsin. Bu istiqamətdə qeyd olunmalıdır ki, Azərbaycan, həqiqətən də enerji təhlükəsizliyi baxımından nümunəvi siyasət ortaya qoymağı bacarır. Cənab Prezident İlham Əliyev bütün platformalarda çıxış edərkən, bu günün reallıqlarına və gələcəkdə bizi gözləyən çağrışlara, risklərə nəzər yetirir və bu işdə dünya birliyindən konsolidasiya gözləyir. Şübhəsiz ki, məsələlər müzakirə yolu ilə həllini tapmalıdır. Bu baxımdan da Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları zamanı çıxış edən dövlət başçımız qeyd edilən bu aktual məsələyə diqqət çəkdi.
Bu gün Azərbaycan qazının ixrac coğrafiyası sadəcə Avropa ilə kifayətlənmir. Bu gün Azərbaycan qazı Suriyaya gedib çatır. Beləliklə də Azərbaycan artıq 16 ölkəyə qaz ixrac edir. Lakin qarşıda yeni çağırışlar var. Tələbat mövcud qaz nəqli infrastrukturunun genişləndirilməsini zəruri edir. Bu baxımdan da əlavə interkonnektorlara ehtiyac var. Azərbaycan həm də yaşıl enerji siyasəti baxımından nümunəvi fəaliyyət ortaya qoyur. Çünki yaşıl enerji ətraf mühitə minimal təsir göstərən, təbii və bərpa olunan mənbələrdən əldə edilən enerjidir. Məşvərət Şurası çərçivəsində dövlət başçımızın qeyd etdiyi bir xüsusi məsələ var idi ki, bu da Xəzər dənizinin dayazlaşması reallığı yanaşmalarımızın ideoloji deyil, praqmatik addımlar tələb etdiyidir.
Azərbaycan yeni uğurlara imza atır. Türkiyədə 870 meqavat gücündə ən böyük elektrik stansiyalarından birini əldə etmişik. Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalamışıq. Hədəflər genişdir və dünyanın ən qüdrətli dövləti ABŞ ilə strateji tərəfdaş olduğumuzdan bu hədəf və məqsədlər də real görünür”, — deyə o bildirib.
Nəsimi Ələsgərli













