XİN: Bu federasiya ilə anlaşma memorandumu imzalandı
Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası (IBSA) arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Yenicag.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Beynəlxalq Gözdən Əlillər İdman Federasiyasının prezidenti İlqar Rəhimov ilə görüşüb.
Görüş zamanı AIDA ilə IBSA arasında əməkdaşlıq perspektivləri, beynəlxalq inkişaf əməkdaşlığı çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsi, gözdən əlillər və görmə məhdudiyyətli şəxslər üçün idman sahəsində inkişaf proqramlarının dəstəklənməsi, eləcə də bu istiqamətdə beynəlxalq tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Yalçın Rəfiyev AIDA-nın Azərbaycanın beynəlxalq inkişaf əməkdaşlığı sahəsində fəaliyyət göstərən rəsmi qurumu olaraq tərəfdaş ölkələrdə potensialın gücləndirilməsi, insan kapitalının inkişafı, bilik və təcrübə mübadiləsinə töhfə verən çoxşaxəli layihələr icra etdiyini qeyd edib. Eyni zamanda, gözdən əlillər və görmə məhdudiyyətli şəxslərin idman sahəsində imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüslərin AIDA-nın beynəlxalq inkişaf əməkdaşlığı prioritetləri ilə uzlaşdığı vurğulanıb.













