“Nə Ukrayna xalqının, nə də Ukrayna hökumətinin mənim məsləhətimə ehtiyacı yox idi” – Prezident
Sizi yenidən görməyimə şadam. Dəvətimizi qəbul edərək Qarabağa yenidən səfər etdiyinizə görə sağ olun. Azərbaycan xalqının ukraynalılara, Ukraynaya münasibəti barədə söylədiyiniz xoş sözlərə görə də sağ olun. Bütün bunlar təmiz ürəkdən gəlir. Sizin ötənilki sualınıza və mənim tövsiyəmə gəldikdə, zənnimcə, nə Ukrayna xalqı, nə də Ukrayna hökumətinin mənim məsləhətimə ehtiyacı yox idi, amma mən onu bu gün də təkrar edəcəyəm: Heç vaxt işğalla barışmamaq. Ukrayna bunu edir. O, işğalla barışmır. Bu il ərzində çətin məqamlar olsa da, biz gördük, bilirik və eşitdik ki, müəyyən dairələr mahiyyətcə işğalın qanuniləşdirilməsi, döyüş əməliyyatlarının dayandırılması şərti ilə təzyiq göstərirdi. Amma Ukrayna xalqı və onun rəhbərliyi bunu qəbul etmədi”.
Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
“Qarşı tərəfə məsləhətlərə gəldikdə, əgər onlar məndən soruşsalar, əlbəttə ki, məsləhət verərəm. Amma indi, zənnimcə, sizin sualınız çərçivəsində bu məsləhətləri vermək o qədər də düzgün olmazdı. Amma vəziyyətə və davam edən hərbi əməliyyatların perspektivlərinə dair qiymətləndirməmə gəldikdə, düşünmürəm ki, bu, sizinkindən çox da fərqlənmir. Fikrimcə, bu müharibəni dayandırmağın və həm də dərhal dayandırmağın lazım olduğu çoxdan başa düşülməli idi. Bu, Azərbaycanın mövqeyidir və mənim də sırf insani mövqeyimdir. Bu, işğal altında olan ərazilərini azad edən bir ölkəyə rəhbərlik edən və rəhbərlik etməkdə davam edən bir insanın mövqeyidir. Düşünürəm ki, bu təcrübə tarixdə olduqca nadirdir, çünki həm işğal, həm də kobud desək, Qarabağı təhvil verməyə məcbur etmək cəhdləri ilə bağlı təcrübəmiz var. Mən bunu dəfələrlə demişəm: ABŞ, Fransa və Rusiyanın rəhbərlik etdiyi bu Minsk qrupu yalnız Qarabağı, yəni təkcə Qarabağı deyil, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini deyil, həm də Laçın və Kəlbəcər rayonlarının bütün ərazisini əlimizdən alıb Ermənistana vermək istəyirdi ki, biz buna razı olaq. Bunun müqabilində bizə olduğumuz yerdən şərqə doğru beş rayonun qaytarılması vəd edilirdi. Amma nə mən, nə də Azərbaycanda heç kim buna razı olmazdı. Lakin bu, üç aparıcı ölkənin konsolidasiya olunmuş mövqeyi idi, ən azından onların Təhlükəsizlik Şurasının daimi üzvləri, mən bu termindən istifadə edirəm – dünyanın aparıcı dövlətləri olduqlarını nəzərə alsaq, bu mövqeyə müqavimət göstərmək olduqca çətin idi. İkinci Qarabağ müharibəsi başlayanda onların hamısı dərhal dayanmağı tələb edirdi. Bəziləri çox, digərləri az bezdirici şəkildə qorxudur, təhdid edir, zəng edirdilər. Amma hamısı istəyirdi ki, biz dayanaq, hər şeyi olduğu kimi saxlayaq. Bir məqamda bəziləri təklif edirdi: “Yaxşı, Füzuli azad edilib, amma dayanın”. Müxtəlif diplomatik mexanizmlərdən istifadə etməli olduq. Xarici işlər nazirimizi Moskvada, Vaşinqtonda və Avropada çoxsaylı görüşlərə göndərdim. Belə bir məqsəd var idi – Azərbaycanın öz ərazisini bərpa etməsinə imkan verməmək. Lakin bu məqsədə nail olunmadı, çünki xalqın iradəsini qırmaq mümkün deyil. Müstəqillik uğrunda mübarizə aparan, kimliyini qoruyan bir xalqı məğlub etmək, onları məhv etmək, başqalarının iradəsini zorla qəbul etdirmək mümkün deyil. Bu anlayış hələ də hərbi əməliyyatların davam etdirilməsi uğrunda çıxış edənlərə agah olmalıdır”, – deyə dövlət başçısı qeyd edib.













