Azərbaycan bazarında "təkər krizi": Şirkətlər vəziyyətdən istifadə edib qiyməti qaldırır

media-hightechnic-468x90

Son dövrlərdə avtomobil ehtiyat hissələri bazarında müşahidə olunan problemlər sürücüləri ciddi narahat etməyə başlayıb. Xüsusilə təkər bazarında yaranan qıtlıq və qiymət artımı həm fərdi istifadəçilər, həm də servis sahibləri üçün əlavə çətinliklər yaradır.

media-banner_tuq

Mövzu barədə Yenicag.az-a açıqlamasında avtomobil ustası Sahil Ağabəyli bildirib ki, nəinki təkərlər, ümumilikdə bütün avtomobil ehtiyat hissələrinin tədarükündə gecikmələr müşahidə olunur. Onun sözlərinə görə, bu ləngimələrin əsas səbəblərindən biri Hörmüz boğazı üzərindən daşınan yüklərlə bağlı yaranan qlobal logistik problemlərdir:

“Daşınmalarda yaranan ləngimələr yerli bazara birbaşa təsir edir. Bir çox şirkətlər də mövcud vəziyyətdən istifadə edərək əldə olan malların qiymətini qaldırır. Nəticədə bazarda həm çatışmazlıq yaranır, həm də süni qiymət artımı müşahidə olunur”.

Usta qeyd edib ki, xüsusilə nadir ölçülü təkərlərdə vəziyyət daha kritikdir. Onun sözlərinə görə, bəzi təkər ölçüləri üzrə ölkəyə gün ərzində cəmi bir neçə ədəd məhsul daxil olur:

“Elə təkər ölçüləri var ki, Azərbaycanda həmin parametrlərə malik avtomobillərin sayı azdır və buna görə də həmin məhsullardan məhdud sayda gətirilir. Bəzən gündə cəmi 3–5 ədəd satılan təkər növləri olur ki, anbar ehtiyatı da eyni səviyyədə saxlanılır. Belə hallarda tədarük zəncirində yaranan kiçik bir gecikmə belə dərhal qıtlığa səbəb olur”.

Ekspert bildirib ki, daha geniş istifadə olunan təkər ölçülərində vəziyyət nisbətən stabildir. Çünki həmin məhsullar böyük həcmdə – yüzlərlə komplekt şəklində idxal olunur və ehtiyatda saxlanılır:

“Kütləvi istifadə olunan təkərləri şirkətlər 100, 200, hətta 300 komplekt həcmində gətirir. Ona görə də gecikmələr olsa belə, mövcud anbar ehtiyatı hesabına bazarı bir neçə ay idarə etmək mümkündür”.

Sahil Ağabəyli hesab edir ki, mövcud vəziyyət tədarükçüləri də öz strategiyalarını dəyişməyə vadar edəcək. Onun fikrincə, gələcəkdə nadir ölçülü təkərlərin də daha çox sayda sifariş edilməsi gözlənilir ki, oxşar qıtlıq halları təkrarlanmasın:

“Yəqin ki, növbəti sifarişlərdə tədarükçülər daha ehtiyatlı davranacaqlar. Əvvəllər az sayda gətirilən təkərlər artıq daha böyük həcmdə sifariş ediləcək ki, bazarda belə problemlər yaranmasın”.

Beləliklə, hazırkı vəziyyət göstərir ki, qlobal logistika problemləri yerli bazarlara birbaşa təsir edir və bu da həm qiymət artımına, həm də müəyyən məhsullar üzrə qıtlığa səbəb olur. Ekspertlər sürücülərə, xüsusilə nadir ölçülü təkərləri vaxtında tədarük etməyi və bazardakı dəyişiklikləri diqqətlə izləməyi tövsiyə edirlər.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05