“Azərbaycanın Qarabağdakı müəyyən ermənilərlə qeyri-rəsmi əlaqələri olub, davam edir və davam edəcəkdir”.
Bunu Qarabağ ətrafında baş verən proseslər, erməni tərəfinin təxribat xarakterli çıxışları və rəsmi Bakının istər Rusiyanı, istərsə də Ermənistanı sərt dillə xəbərdarlıq etməsini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında səsləndirib.
Qabil Hüseynli bildirib ki, Ruben Vardanyan və Araik Arutunyanla danışmaq Azərbaycanın planlarına daxil deyil:
“Azərbaycanın Qarabağ məsələsinə dair mövqeyi çoxdan bəllidir. Bu barədə dəyişən heç nə yoxdur. Azərbaycan status məsələsini və qondarma Dağlıq Qarabağ Respublikasının varlığını da qəbul etmir. Həmin ərazi Azərbaycanın ayrılmaz hissədir. Məsələ ondadır ki, Ermənistan özü də Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. Ona görə də hansısa Moskvadan göndərilmiş inhisarlarla danışmaq Azərbaycanın planlarına daxil deyil.
Qarabağdakı müəyyən ermənilərlə qeyri-rəsmi əlaqələr olub və bu qeyri-rəsmi əlaqələr davam edir, davam edəcək. Ölkə Prezidentinin çıxışında Moskvaya da bir mesaj var idi. Rusiya öz inhisarlarını Qarabağa göndərməklə və fərqli mövqelər sərgiləməklə sülhyaratma prosesinə mane olur. Azərbaycan ciddi mövqe ortaya qoyub. Azərbaycan separatçılarla danışmayacaq. Ancaq erməni əhalisinin böyük hissəsi onlara uyub, bəziləri isə qorxudan səslərini çıxarmır. Azərbaycan onları bağışlayacaq və Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün çalışacaq”.
Səxavət Məmməd
www.yenicag.az