“Azərbaycan daim Gürcüstanın yanında olub” – Kavelaşvilinin MÜHÜM SƏFƏRİ
“Bu amillər fonunda Gürcüstan prezidenti ilk səfərini Azərbaycana etmək qərarına gəlib”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.
O, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk səfər üçün Azərbaycanı seçməsinin səbəblərindən danışıb.
Analitik söyləyib ki, onun ilk rəsmi səfərini ölkəmizə etməsi dövlətimizə və xalqımıza verilən dəyəri göstərir:
“Gürcüstan parlamentli respublikadır, yəni prezidentin səlahiyyətləri məhduddur. Ancaq bütün hallarda prezident dövlət başçısı sayılır. Onun ilk rəsmi səfərini Azərbaycana etməsi dövlətimizə və xalqımıza verilən dəyəri göstərir. Həmçinin bütövlükdə gürcü xalqının Azərbaycan xalqına olan minnətdarlığının və hörmətinin ifadəsidir. Gürcüstanın Cənubi Qafqazda, regionda və bütövlükdə post-sovet məkanında ən çox Azərbaycanla yaxın olduğunun nümayişidir”.
Müsahibimiz əlavə edib ki, ən ağır zamanlarda Azərbaycan daim Gürcüstanın yanında olub, onun problemlərinin həllində yaxından iştirak edib:
“Eyni zamanda, həm Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, həm Bakı-Tbilisi-Qars dəmiryolu, həm də digər layihələrin gerçəkləşməsi zamanı Azərbaycan Gürcüstana ən əlverişli şərtlərlə, aşağı faizlə kredit verib. Bu gün Gürcüstan iqtisadiyyatında sözügedən strukturların rolu çox böyükdür. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR Gürcüstanın ən iri vergi ödəyicilərindən biridir”.
“Əlavə olaraq Gürcüstanda yaşayan həmvətənlərimiz onun dövlətçiliyinin möhkəmlənməsində də aktiv şəkildə iştirak edirlər. Azərbaycan daim Gürcüstana münasibətdə konstruktiv mövqe tutub, Gürcüstan dövlətinin və xalqının maraqlarını nəzərə alıb. Bu amillər fonunda Gürcüstan prezidenti ilk səfərini Azərbaycana etmək qərarına gəlib. Bu bizim üçün çox xoşdur”, – deyə o bildirib.
Nəsimi Ələsgərli