Azərbaycan dirijorunun beynəlxalq uğuru
Vasili Safonov adına Rusiya Akademik Federal Filarmoniyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin iştirakı ilə görkəmli rus bəstəkarı və pianoçusu Anton Rubinşteynin “Demon” operasının premyerası keçirilib.
Tamaşa dahi rus şairi və mütəfəkkiri Mixail Lermontovun anadan olmasının 200 illiyinə həsr edilib. Layihənin rəhbəri və təşkilatçıları Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və V.Safonov adına Rusiya Dövlət Filarmoniyasıdır.
Operada əsas rolları beynəlxalq müsabiqələr laureatları Sergey Maydanov (Demon), Yelena Filimonova (Tamara), Mixail Xojigirov (Knyaz Qudal), Natalya Starkova (Mələk), Aleksey Ronçuqov (Knyaz Sinodal) və Yevgeni Bulıçevski (Fiqaro) oynayıblar. Tamaşada, həmçinin filarmoniyanın akademik simfonik orkestri və xoru (bədii rəhbər Alina Muxamedjanova) iştirak ediblər.
Əsərin ifasını böyük maraqla izləyən dinləyicilər tamaşanın sonunda azərbaycanlı dirijor və rusiyalı ifaçıları uzun müddət alqışlarla qarşılayıblar.
Tamaşanı izləmək üçün Moskva və Sankt-Peterburq şəhərlərindən qonaq gəlmiş görkəmli musiqiçilər – Rusiya Federasiyasının Xalq Artisti, “Sankt-Peterburq Musiqi Evi”nin rəhbəri, P.Çaykovski adına beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri, Mariinski Teatrının dirijoru, professor Sergey Roldugin, Rusiyanın Xalq Artisti, professor Yelena Mirtova, bu ölkənin Əməkdar Artisti, məşhur orqan ifaçısı Svetlana Berejnaya, beynəlxalq müsabiqələr laureatı, bəstəkar və pianoçu Aleksey Orlovetski dirijor Əyyub Quliyev və digər ifaçılara bu mürəkkəb əsərin məharətli təfsirinə görə minnətdarlıqlarını bildiriblər.
V.Safonov adına Rusiya Akademik Filarmoniyası bu ölkənin ən qədim musiqi ocaqlarından biridir. 2015-ci ildə filarmoniya 200 illik yubileyini qeyd edəcək. 2013-cü ildə Əyyub Quliyev həmin orkestrin baş dəvətli dirijoru təyin olunub. Bununla bərabər o, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi kimi musiqi mədəniyyətimizin inkişafı prosesində iştirak edir.
(azertag.com)