Azərbaycan Haaqada keçirilən festivalda təmsil olunmuşdur
Niderland Krallığının ikinci böyük şəhəri olan Haaqada yaşayan xalqların öz mədəniyyətlərini nümayiş etdirmələri üçün dünya qardaşlıq festivalı keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilmişdir ki, tədbirdə Azərbaycanı “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi təmsil etmişdir. Təşkilat festivalda ölkəmizin mədəniyyətinə, tarixinə, adət-ənənələrinə aid kitab, buklet, suvenirlərlə zəngin stend qurmuşdur. Stenddə Qarabağ haqqında kitablar və rəsmlər, suvenirlər digər xalqların nümayəndələrində maraq doğurmuşdur. Festivalda Haaqa-Azərbaycan Məktəbinin kiçik yaşlı şagirdlərinin milli rəqslərimizi ifa etmələri alqışlarla qarşılanmışdır.
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva bildirmişdir ki, festival boyu stendə yaxınlaşan insanlara Azərbaycan, Qarabağ haqqında həqiqətlər barədə məlumat verilmiş, onlara Qarabağ müharibəsini əks etdirən ingilis dilində kitablar təqdim olunmuşdur.
Festival Haaqa Şəhər Bələdiyyəsinin təşəbbüsü və Haaqada fəaliyyət göstərən bir çox xalqların icmalarının təşkilatçılığı ilə baş tutmuşdur. Tədbirin təşkilat qrupuna daxil olan “Ana Vətən” Birliyinin sədri M.Ağamirzəyeva Hindistandan olan təşkilat rəhbəri ilə birgə festivalda aparıcılıq etmişdir.