Azərbaycan “İbrahim sazişləri”nə QOŞULACAQ? – “Üçüncü dövləti təhdid etmir”
“Azərbaycanın hər hansı digər iki dövlətlə qurduğu ikitərəfli münasibətlər üçüncü dövləti təhdid etmir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Deputat “İbrahim sazişləri” ilə bağlı Azərbaycanın hansı addım atacağını, bu addımın İsrail və İranla olan münasibətlərinə necə təsir göstərəcəyini şərh edib:
“Azərbaycan müstəqil dövlətdir Sözün əsl mənasında bu gün beynəlxalq münasibətlər sistemində çox az sayda mövcud olan öz müstəqil iradəsi ilə qərar qəbul etmək imkanı olan müstəqil ölkədir. Ona görə də hər hansı digər subyekt, qonşu ölkə və ya təşkilatla münasibətləri quran zaman öz milli mövqeyindən çıxış edir. Azərbaycan dövləti öz xalqının maraqlarına uyğun addım atır. Ona görə də Azərbaycanın İsrailə hansı münasibətləri və ya bu münasibəti hansı formada qurması heç bir üçüncü ölkənin iradəsinə və mövqeyinə bağlı deyil. Azərbaycan dövləti nə zaman və hansı qərarı qəbul edəcəksə, öz milli və dövlət maraqları ilə çıxış edərək qərar qəbul edəcək”.
Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycanın hər hansı dövlətlə münasibət qurması digər üçüncü hansısa dövlətə təhdid yaratmayacaq:
“Bütün bunlarla yanaşı digər mühüm bir məsələ ondan ibarətdir ki, Azərbaycanın hər hansı digər iki dövlətlə qurduğu ikitərəfli münasibətlər üçüncü hər hansı dövləti təhdid etmir, onlar üçün təhlükə yaratmır. Sadəcə Azərbaycanın və münasibət qurduğu ölkənin maraqları kontekstində ikitərəfli qaydada münasibətlər tənzimlənir və əməkdaşlıq üçün yeni perspektivlər yaranır. Ona görə də Azərbaycan hansı ölkə ilə nə vaxt, hansı münasibətləri quracaqsa, bununla bağlı özü müstəqil qərar qəbul edəcəkdir”.
Nurlan Cəfəri