Azərbaycan-Qazaxıstan əməkdaşlığı regional bazarların inteqrasiyası üçün yeni imkanlar açır - RƏY
“Azərbaycan və Qazaxıstan arasında nəqliyyat, logistika əməkdaşlığı yalnız iqtisadi artımda ehtiva olunan ikitərəfli əməkdaşlıq hesab edilə bilməz, bu bütövlükdə regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan və Orta Dəhlizin vacib seqmenti kimi çıxış edən meyara çevrilib”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Deputat bildirib ki, Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan arasında 15-dək sənədin mübadiləsi bu sahədə kifayət qədər güclü iradənin hakim olduğunu göstərir:
“Bu məsələdə Qazaxıstanın mövqeyi kifayət qədər korrektdir. Qardaş dövlət yeni yaranan reallıqda Azərbaycanın güclənən mövqeyini çox düzgün qiymətləndirə bilir.
Cənab Tokayev də bu gün dövlət başçımıza xitabən bir daha ifadə etdi ki, “Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır. İqtisadi-ticari əməkdaşlığın, hətta siyasi tərəfdaşlığın inkişaf etdirilməsi də bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir”.
Azərbaycan və Qazaxıstan dövlətləri arasında siyasi münasibətlərə toxunan B. Məhərrəmov bu münasibətlərin iki ölkənin də inkişafına töhfə verdiyini qeyd edib:
“Təsadüfi deyil ki, məhz bu vəzifə rəhbər tutularaq Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb və bu, ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığın spektrinin çox geniş olduğunu göstərir. Həmçinin Azərbaycan və Qazaxıstan arasında nəqliyyat, logistika əməkdaşlığı yalnız iqtisadi artımda ehtiva olunan ikitərəfli əməkdaşlıq hesab edilə bilməz, bu bütövlükdə regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan və Orta Dəhlizin vacib seqmenti kimi çıxış edən meyara çevrilib.
Dövlət başçımızın “Kazinform”a müsahibəsində də ifadə etdiyi kimi, Azərbaycanla Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsində aparıcı müstəvi isə, heç şübhəsiz ki, Türk Dövlətləri Təşkilatıdır və bu platforma bizə istər Azərbaycan-Qazaxıstan, istərsə də bütün türk dövlətləri ilə mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığın sistemli və ardıcıl xarakterdə davam etdirilməsinə, o cümlədən siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və bütövlükdə humanitar əməkdaşlığın inkişafı üçün önəmli rol oynamaqdadır. Bu mənada, Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfərinə istər aidiyyəti dövlət strukturları, istərsə də media, həmçinin vətəndaş cəmiyyəti institutlarının xüsusi marağı başa düşüləndir və ölkələrimiz arasında getdikcə dərinləşən qardaşlıq münasibətləri fonunda, heç şübhəsiz ki, qazax xalqı Azərbaycanla münasibətlərə milli maraqların və mənafelərin zəruri şərti kimi baxmaqdadır. Eyni zamanda Azərbaycan da cənab İlham Əliyevin bu gün Astanada ifadə etdiyi kimi, bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyir.”
Nurlan Cəfəri