Azərbaycan qazı avqustun 1-dən Suriyaya nəql olunacaq
Bu ilin 1 avqust tarixindən Azərbaycan təbii qazının Türkiyə üzərindən Kilis xətti vasitəsilə Suriyaya nəqlinə başlanılacaq.
Yenicag.az APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Suriyanın yenidən qurulmasında mühüm addım hesab olunan yeni enerji xəttinin 1 avqustda istifadəyə verilməsi planlaşdırılır. Azərbaycandan gələn təbii qaz Türkiyə üzərindən Kilis xətti ilə Suriyaya çatdırılacaq. Bu layihə Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına və Türkiyənin regional enerji mərkəzi olma hədəfinin gücləndirilməsinə töhfə verməyi məqsəd qoyur”, – məlumatda qeyd olunur.
Qeyd olunur ki, SOCAR ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 milyard kubmetr təbii qazın Suriyaya göndərilməsi planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.
Xatırladaq ki, iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.