Azərbaycan qazı Suriyada: Bakı Yaxın Şərqə enerji körpüsü QURUR
Azərbaycanın Suriyaya qaz ixracına başlaması ölkəmizin Yaxın Şərqə açılan strateji enerji körpüsüdür. İlk dəfədir ki, Azərbaycan qazı Cənubi Qafqazdan keçərək müharibədən çıxmış və infrastruktur baxımından çökmüş bir ölkəyə çatır. Bu proses təkcə enerji ehtiyaclarını qarşılamaqla kifayətlənmir, həm də regionda geosiyasi tarazlıqları dəyişdirəcək yeni bir mərhələnin əsasını qoyur.
Suriyanın gündəlik 3,4 milyon kubmetr həcmində Azərbaycan qazı alması isə enerji sektorunda real dəyişikliklərə yol açır. Bu həcmin elektrik istehsalına yönləndirilməsi nəticəsində, ölkənin illərdir əziyyət çəkdiyi enerji böhranının müəyyən dərəcədə aradan qalxacağı gözlənilir. Qaz təchizatı sayəsində 900-1200 meqavat gücündə elektrik enerjisinin istehsalı planlaşdırılır ki, bu da gündə cəmi 3-4 saat elektrik alan bəzi bölgələr üçün həyati önəm daşıyır.
Azərbaycanın bu addımı onun beynəlxalq arenadakı nüfuzunu və enerji diplomatiyasında sərgilədiyi çevikliyi bir daha nümayiş etdirir. Artıq Cənubi Qafqaz qazı təkcə Avropa bazarları ilə məhdudlaşmır, əksinə, Türkiyə üzərindən Yaxın Şərqə, perspektivdə isə İordaniya, Misir və Livana qədər uzanacaq yeni ixrac marşrutları formalaşır. Bu isə Azərbaycanın enerji siyasətində keyfiyyətcə yeni dövrün başlanması deməkdir.
Yenicag.az-la söhbətində Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycanın yaratdığı yeni reallıqlardan sonra beynəlxalq münasibətlər sistemində rolunun və nüfuzunun artması onu daha böyük regionda təsirli bir aktora çevirir.
Millət vəkili söyləyib ki, bu gün dünyanın ən strateji coğrafiyalarından biri olan, Şərqin qapısı hesab edilən Suriya–Azərbaycan münasibətləri də bu kontekstdə yeni imkanlar əldə edir və yeni məzmun qazanır:
“Əlbəttə ki, Azərbaycanın enerji siyasəti xalqımızın milli maraqlarının reallaşdırılması üçün mühüm əhəmiyyət daşıyan vasitələrdən biridir. Amma bu heç bir halda yalnız enerji vasitəsi kimi nəzərdən keçirilməməlidir. Çünki bu cür layihələr həm mədəni, humanitar, həm də siyasi və iqtisadi əlaqələrin dərinləşməsi üçün ciddi əsaslar yaradır. Suriya, əslində, tarixən Azərbaycanın etnomədəni və coğrafi məkanına daxil olan ərazilərdən biridir. Hələb şəhəri məhz Azərbaycan mədəniyyətindən qidalanmış bir mədəni mühitə və hətta dil mühitinə sahibdir. Bu isə bütövlükdə Suriyanın ümumi etnomədəni tərəqqisinin inkişafında mühüm rol oynayıb. Ona görə də, əlbəttə ki, Azərbaycan qazının Suriyaya ixracına başlanması bu əlaqələrin yenidən bərpası və daha da dərinləşməsi baxımından mühüm addım olacaqdır”.
Onun sözlərinə görə, Azərbaycan heç bir layihəni sadəcə konkret coğrafiya və konkret ölkələrə istiqamətləndirərkən onun gələcək perspektivlərini nəzərdən qaçırmır:
“Hər bir layihənin uzunmüddətli nəticələri nəzərə alınır. Vaxtilə bizim Avropaya qaz ixracına dair layihəmiz olan TANAP və TAP bu gün artıq Transadriatik layihəsi kimi İtaliyaya qədər uzanır. Azərbaycanın Yaxın Şərqə doğru atdığı addımlar da sadəcə Suriya ilə məhdudlaşmayacaq. Çünki Yaxın Şərq və Şimali Afrikada Azərbaycanın münasibətlər qurmalı olduğu çox mühüm aktorlar mövcuddur. Onlarla münasibətlərin inkişafı artıq yeni bir mərhələyə qədəm qoymalıdır. Bu mərhələ həm Azərbaycanla əməkdaşlıq etmək niyyətində olan ölkələrin, həm də Azərbaycanın maraqları baxımından böyük perspektivlər vəd edir. Ona görə də mən düşünürəm ki, Suriya, Ərəbistan yarımadası, Körfəz ölkələri və Şimali Afrika Azərbaycanın gələcək mümkün əməkdaşlıq coğrafiyası olacaq və bu prosesdə təşəbbüskar tərəf kimi, iqtisadi münasibətlərin keyfiyyətinə görə də Azərbaycan öz maraqlarını irəli sürmüş olacaq”.
İqtisadçı-ekspert Günay Hüseynova isə təsdiqləyib ki, Azərbaycanın ticari tərəfdaşlarının sayının artması ölkəmizin iqtisadi və beynəlxalq ticarət əlaqələrinin inkişafı baxımdan xüsusi əhəmiyyət kəsb edir:
“Hazırda Suriya ilə ticari əməkdaşlığımız həm Yaxın Şərqdə Azərbaycanın daha nüfuzlu ticari tərəfdaşa çevrilməsi, həmçinin də ölkəmizə valyuta axını baxımdan iqtisadi səmərə təşkil edir. Belə ki, enerji ixracı eksport gəlirlərinin artması, tədiyyə balansının yaxşılaşdırılmasına səbəb olur. Bundan əlavə, məlumdur ki, qlobal iqtisadiyyatda dollar üzərində təzyiqlər mövcuddur. Eyni zamanda iqtisadi sanksiyalar və müxtəlif vasitələrlə ölkələrin iqtisadiyyatına təzyiq qlobal iqtisadiyyatda mal və xidmətlərin qiymətlərinin artmasına səbəbdir. Belə bir mühitdə inflyasiyanın da surəti artır”.
Mütəxəssisin fikrincə, anlaşılandır ki bu iqtisadi vəziyyət ölkəmiz üçün də real təhlükədir:
“Milli valyutanın stabilliyini qorumaq üçün xarici valyutaya ehtiyac var. Belə bir iqtisadi mühitdə ölkəmizin xarici ticari tərəfdaşlarının sayının artırması dayanıqlı iqtisadi inkişaf yolunda uğurlu addımları iqtisadi əhəmiyyət kəsb edir. Yeni bazarlara çıxış ixrac diversifikasiyası həmçinin sabit gəlir mənbəyi təşkil edir. Azərbaycan Respublikası dövlət büdcəsinin əsası neftdən gələn gəlirlər hesabınadır. Qeyri-neft sektorunun inkişafı da həmçinin bu sahədən gələn gəlirlər hesabınadır. Ticari tərəfdaşların sayının artması qeyri-neft sektorunun inkişafı, işsizliyin müəyyən qədər aradan qaldırılması, inflyasiyanın sürətinin azalması baxımından da iqtisadi səmərə təşkil edir”.
Məsimə Məmmədova
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.