Azərbaycan təhsilinin mövcud bəlası - Ekspert həyəcan təbili çalır
“Son illər ərzində Azərbaycan Respublikasının rəhbərliyi səviyyəsində təhsilə xüsusi diqqət ayrılmış, böyük həcmli işlər həyata keçrilib. Lakin bu günə qədər Azərbaycan təhsilinin inkişafı ilə bağlı müəyyən işlər görülsə də, təhsilə nəzarət edən qurumların fəaliyyətsizliyi ucbatından lazımi nəticə əldə olunmayıb”.
Bu sözləri Yeniçağ.az-a təhsilin inkişafından danışarkən təhsil üzrə ekspert Kamran Əsədov deyib.
Danılmaz faktdır ki, Azərbaycanda təhsilin hansı səviyyədə olması buraxılış və ali məktəblərə qəbul imtahanlarından sonra daha çox nəzərə çarpır:
“Hər il minlərlə şagirdin attestatsız qalması, attestat alanların isə qəbul imtahanlarında biabırçı nəticə göstərməsi ölkədə təhsilin nə vəziyyətə olduğunu ortaya çıxarır. Buna bir sıra obyektiv amillərlə yanaşı, subyektiv amillər də təsir göstərir. İlk növbədə tez-tez buraxılış və qəbul imtahanlarında islahat və dəyişikliklər insanları vahid xətt üzrə stabil yönlənməsinə maneə olur. Bildiyimiz kimi, son üç il ərzində buraxılış imtahanlarında müüəyyən qədər müsbət nəticələr əldə olunmağa başlasa da, çari ildə həyata keçriləcək yeni qaydalarla buraxılış imtahanları yenədə ciddi şəkildə aşağı nəticələrin ola biləcəyini düşünürəm. Buna əsas verən fakt ali məktəblərə qəbul zamanı açıq test tapşırıqlarına yüksək hazırlaşmış abituriyentlərin belə zəif nəticə göstərməsidir. Bildiyiniz kimi, 2017-ci ildə IX sinifdən buraxılış imtahanları yeni təhsil strategiyası əsasında olacaqdır və şagirdlər açıq test tapşırıqlarına cavab verməli və esse yazmalıdırlar. Qeyd etmək lazımdır ki, cüzi irəliləyiş olsa da 2016-cı ildə keçirilən buraxılış imtahanlarının nəticələri də əvvəlkilərdən fərqlənmir. Məsələn, təkcə bir region üzrə imtahanların nəticələrinə əsasən, 2000 nəfərə yaxın şagird attestatsız qaldı. Ancaq Rusiyada buraxılış imtahanlarında əldə edilən nəticəyə reaksiya bu məsələnin nə dərəcədə ciddi olduğunu ortaya çıxarır. Belə ki, paytaxt Moskvada şəhər ümumtəhsil məktəblərinin 130 şagirdi buraxılış imtahanları nəticəsində attestat almaqdan məhrum olublar. Bu da şəhər təhsil departamentini ciddi narahat edib. Artıq növbəti dərs ilində belə problemin yaranmaması üçün fəaliyyətlərində dönüş yaradacaqlarını da bəyan ediblər. Əhalisi 12 mln. nəfəri keçən Moskvada 130 nəfərin attestatsız qalması ciddi problem kimi qəbul edildiyi halda, 9 milyonluq Azərbaycanda hər il bir neçə min şagirdin eyni vəziyyətlə üzləşməsi, 35 mindən çox şagirdin öz ana dilindən iki qiymət alması niyə Təhsil Nazirliyini və digər dövlət qurumlarını narahat etmir? Niyə məktəbində 3 ildir ki, iki qiymət alan direktorlar vəzifəsindən azad edilmir? Təəssüflər olsun ki, orta məktəbi bitirən uşaqların böyük hissəsi əmək bazarı üçün yararsız məhsula çevrilir və onların oxumasının heç bir nəticəsi olmur. Bu da ilk növbədə dövlətə ciddi zərər vurur. Çünki dövlət 10 ildə bir şagirdə təxminən 9 min manat pul xərcləyir. Attestatsız qalan uşaqlara xərclənən pul batmış olur. Digər tərəfdən, cəmiyyətin üzvü olacaq bu şagird hər şeydən məhrum qalır. Bu isə özlüyündə bir bəladır”.
Mən hesab edirəm ki, hökumət təhsil sektorunda ciddi islahatlar aparmalıdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına yeni səlahiyyətlər verilməlidir:
“Bu qurumun səyi nəticəsində Azərbaycanda təhsilin real vəziyyəti ilə tanış olmaq mümkündür. Bildiyiniz kimi son illər istər cəmiyyətdə, istər ailə daxilində, istərsə də orta məktəblərdə xoşagəlməz halların, cinayət hadisələrinin sayı artıb. Mən deyərdim ki, bütün problemlərin kökündə təhsilsizlik dayanır. Söhbət təkcə savadlı, peşəkar kadrların yetişməməsindən getmir. Savadsız gənc təhlükəli yollara düşə bilir. Radikal dini və digər cərəyanlara tez qoşulur, narkomaniyaya meyl edirlər. Bir sözlə, təhsilsiz insan gələcəkdə cinayətkar şəbəkələrin üzvü ola bilər. Aparılan araşdırmalar göstərir ki, cinayət törədən şəxslərin böyük əksəriyyəti təhsilsizdirlər. Ölkədəki sosial, siyasi, mədəni və iqtisadi problemlərin kökündə bir tərəfdən sistemsizlik dayanırsa, digər tərəfdən təhsilsizlik durur. Son illər ərzində ölkə prezidenti tərəfindən müəllimlərin maaşı artırılsa da, təhsilin keyfiyyətində ciddi şəkildə irəliləyiş nəzərə çarpmır. Bu gün azərbaycanda ali məktəbə qəbul olanların 90 faizi müəllim yanına əlavə hazırlığa gedir, ya da özəl liseylərdə təhsil alırlar. Deməli, hökumətin icbari ümumtəhsil sistemi tamamilə yenidən qurulmalıdır”.
Gülnarə Eynullaqızı
Yeniçağ.az