!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan "Xalq Cümhuriyyəti”, “Demokratik Respublikası” yoxsa “Cümhuriyyəti”? - ADR rəsmi olaraq necə adlanıb?

!Reklam – Yazi

Bu gün 1918-ci ildə Şərq dünyasında ilk dəfə olaraq siyasi sistemini demokratik dövlət quruculuğu prinsipləri əsasında quran Azərbaycan dövlətinin “Xalq Cümhuriyyəti”, “Demokratik Respublika” yoxsa “Azərbaycan Cümhuriyyəti” adlanması barədə mübahisəli fikirlər mövcuddur. Bəs əslində, dövlət necə adlanmışdır? “Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan Demokratik Respublikası”, yoxsa qısa olaraq “Azərbaycan Cümhuriyyəti”?

Bu sualların cavabını siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Yenicag.az-da verib.

Araşdırmaçı-alim bildirir ki, məntiqlə hər üç ad düzdür:

“1918-ci ildə müstəqilliyini elan edən dövlətin adı sənədlərdə “Azərbaycan Cümhuriyyəti” kimi də qeyd edilib, “Azərbaycan Xalq Cümhuriyyəti” kimi də… Ancaq respublikanın demokratik olması “İstiqlal” bəyannaməsində xüsusi olaraq vurğulanıb”.

Bəyannamənin ikinci maddəsində göstərilir ki:

موستقیل آزربایجان دؤولتینین شيکلی-ایدارهسی خالق جومهورییتی اولاراق تقررور ائدیور

“Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqərrür ediyor”.

Bəyannamənin üçüncü maddəsində qeyd edilir:

آزربایجان خالق جومهورییتی بوتون میللتلر و بیلخاصه، همجیوار اولدوغو میللت و دؤولتلرله موناسیبتی-حسنه تاسیسینه عزم ائدیور

“Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti – həsənə təsisinə əzm edər.”

“Sonrakı maddələrdə də “Azərbaycan Xalq Cümhuriyyəti” deyə təkrar olunub.

Sənədin türk dilində olan nümunəsində də “Xalq Cümhuriyyəti” kimi yazılır:

Zaur Əliyev qeyd edir ki, professor Altay Göyüşov Azərbaycan Cümhuriyyətinin adını haqlı olaraq rus dilinə ” Азербайджанская Демократическая Республика” kimi tərcümə edib və bu da qısadılmış şəkildə ADR kimi yazılıb. O dövrdə bəzi sənədlər, yazışmalar rus dilində aparılırdı. Onda AXC-ni ADR kimi qeyd edirdilər. “Cümhuriyyət” sözünü “respublika”, “xalq” sözünü isə “demokratiya” kimi tərcümə etmişdilər.

Misal olaraq, İstiqlal bəyannaməsinin fransızca mətninə baxaq. Mətndə “Azərbaycan Demokratik Respublikası” kimi qeyd edilib.

Lakin burada bir maraqlı məqam var ki, Azərbaycanın nümayəndə heyətinin prezidenti Əlimərdan bəy Topçubaşovun Paris Sülh Konfransına ünvanladığı məktublarda Azərbaycanın adı fransızca “Azərbaycan Respublikası” olaraq yazılıb.


Müsahibimizin sözlərinə görə, o zaman rus dilinə tərcümə edilən sənədlərdə Azərbaycan Xalq Cümhuriyyətinin adı “Demokratik Respublika” kimi qeyd edilib ki, bu da düzgün tərcümə deyil:

“Yaxud AXC hökumətinin ictimai intizamın qorunması barədə 1918-ci ilin 18 sentyabr tarixli sənədində dövlətin adı “Azərbaycan Cümhuriyyəti”, rus dilinə tərcümədə isə “Azərbaycan Respublikası” kimi yazılır.İlk radiostansiyanın fəaliyyətə başlaması münasibətilə Ə. Topçubaşovun təbrik məktubuna baxdıqda isə görürük ki, 1919-cu ilin 28 noyabrında yazılan mətn rus dilində tərtib edilib və sənəddə “Azərbaycan Respublikası” kimi yazılıb.

Maraqlıdır ki, bir çox rəsmi sənədlərdə, blanklarda, möhürlərdə bu gün səsləndirilən “Azərbaycan Demokratik Respublikası” və ya “Azərbaycan Xalq Cümhuriyəti” sözləri yazılmayıb. Misal üçün: 1918-ci ilə aid pasportda, yəni dövlət sənədində rusca “Azərbaycan Respublikası” adı işlənib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə buraxılan kağız pul vahidlərinə gəldikdə isə onun üzərində Azərbaycan Cümhuriyyəti (Respublikası), bəzən də Azərbaycan Hökuməti Cümhuriyyəsi yazılıb (yəni Azərbaycan Cümhuriyyəti Hökuməti).

1918-ci ildə “Azərbaycan” qəzetində dərc edilən rəsmi yazılarda da Azərbaycan Cümhuriyyəti (Respublikası) kimi dövlətin adı yazılır”.

Araşdırmaçı-alim qeyd edir ki, Bakının azad olunması üçün Azərbaycana gələn Nuru Paşanın da sentyabrın 15-də Gəncəyə göndərdiyi məktub Azərbaycan qəzetində çap olunub və orada da dövlətin adı “Azərbaycan Cümhuriyyəti” kimi yazılıb:

Həmin məktubun mətnində deyilir:

“Gəncədə Azərbaycan Cümhuriyyəti Rəyasəti – Alisinə. Azərbaycan Cümhuriyyətinin paytaxtı olan Bakı şəhərini ziyarət etmək üzrə Heyəti – Vükəlanın yarın Bakıya təşriflərinə müntəzirəm, əfəndim.

15.09.18
Yavərani-həzrəti-şəhriyaridən
Fərik-Nuru”

1953-cü il, may ayının 28-də M. Ə. Rəsulzadənin “AMERİKANIN SƏSİ” radiosu ilə Azərbaycan xalqına müraciətində deyilir:

“Azərbaycan, onunla bərabər bütün Qafqazya Cümhuriyyətləri həqiqi azadlıq və istiqlalına 1918-in Mayısında qovuşdular” Bu yazıda da Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” olaraq qeyd edir.

Qərbi Avropada, Amerikada Diplomatik nümayəndəliklərin təsis edilməsi və Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin təyin edilməsi haqqında qanun layihəsində də Azərbaycan Cümhuriyyəti (Respublikası) olaraq dövlətin adı qeyd edilir.

BMT-nin Cenevrə bölməsinin kitabxanasında saxlanılan və 1919-cu il aprelin 28-də Parisdə keçirilən sülh danışıqları zamanı Azərbaycanla bağlı sənəddə dövlətin adı “Azərbaycan Cümhuriyyəti” (Respublikası) kimi yazılırdı.

Son olaraq qeyd edək ki, dövlətin “Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan Demokratik Respublikası” yoxsa “Azərbaycan Cümhuriyyəti” kimi adlanması o dövrün sənədləşmələrində necə yazılmasından asılı olmayaraq, 1918-1920-ci illərdən ta bu günədək bütün dünya Azərbaycan adlı dövlətin varlığını qəbul etdi.

Səxavət Məmməd

COP29

www.yenicag.az

4735
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv