Canavarla kaftarın savaşı: Böyük güclərin bir-biri ilə mübarizəsi dünyaya necə sabitlik gətirir? - "Al-Jazeera" jurnalistindən TƏHLİL
Cərir ibn Atiyyə bir şeirində deyir: “Bir gün qoyunlarım dağıldı və mən onlar üçün belə dua etdim: “Ey Rəbbim, onların üstünə canavar və kaftar göndər”.
Bu sadə misra bu gün Yaxın Şərqdəki mürəkkəb geosiyasi mənzərəni izah etməyə yarayan dərin siyasi hikmət daşıyır. Çünki canavar və kaftar bir yerə yığışanda ov üstündə bir-birilə vuruşurlar və nəticədə sürü xilas olur. Bu gün məhz Çin–ABŞ rəqabətinin yaratdığı budur; böyük güclərin bir-biri ilə məşğul olması bölgədəki bölünmə layihələrini çətinləşdirdi və böyük güclərin xəritə ilə oynamaq yox, ölkələrin birliyini qorumaq istəyini artırdı.
Yeni əsrin əvvəlindən ötən onilliyin ortalarınadək “Yeni Yaxın Şərq”, “yaradıcı xaos” və “yeni Sayks–Piko” kimi ifadələr Amerika siyasət düşüncəsində mövcud idi. Vaşinqton parçalanmanı nəzarəti asanlaşdıran və üsyan etməyə və ya müqavimət göstərməyə gücü çatmayan kiçik, zəif qruplar yaratmağa imkan verən bir layihə kimi görürdü.
Lakin bu amerikan yanaşması Çin kimi nəhəng iqtisadi və hərbi gücün yüksəlişindən sonra tamamilə dəyişdi. Çünki parçalanma artıq bir fürsət deyil, əksinə, hər bölünmüş hissəyə Çin, Rusiya, İran və Türkiyənin daxil olub genişlənməsinə şərait yarada biləcək strateji bir təhlükədir.
Amerikalılar anlayıblar ki, bölünmüş bir dövlət hər xarici oyunçu üçün açıq bir meydan olur: Türkiyəyə bağlı, İranın qoruduğu bir bölgə, Çinin investisiya qoyduğu ərazi və Avropa şirkətlərinin yarışdığı başqa bir sahə. Neft kəmərləri parçalanır, limanların loyallığı müxtəlif tərəflərə bölünür və daxildə çoxsaylı cəbhələr yaranır ki, onların idarəsi böyük enerji tələb edir.
Vaşinqton üçün bu, ən pis ssenaridir: nəzarət edilə bilməyən xaos və hər küncdə beynəlxalq rəqiblərlə qarşıdurma. Buna görə də Amerika siyasətinin məntiqi dəyişdi: vahid, bütöv bir dövlətlə işləmək iki və ya üç hökumətlə, fraksiyalar və kiçik qruplarla işləməkdən qat-qat asandır.
Bundan əlavə, Vaşinqtonun Çinə diqqət ayırması artıq mütləq prioritetə çevrilib. ABŞ administrasiyası bu gün əsl rəqibin Yaxın Şərqdə deyil, Pekində olduğunu düşünür. “Pew” və “Atlantic Council” kimi Amerika tədqiqat mərkəzlərinin məlumatlarına görə, ABŞ qərarvericilərinin 73%-i Çini ən böyük təhlükə hesab edir – nə terrorizmi, nə də Yaxın Şərqi. ABŞ müdafiə büdcəsinin 58%-i Çinin qarşısını almağa yönəlib və 2014-cü ildən bəri ABŞ-nin bölgədəki hərbi müdaxiləsinin həcmi 75% azalıb. Bu reallıqlar fonunda Vaşinqtonun artıq bölünmə layihələri açmaq və ya yorğun dövlətlər daxilində yeni münaqişələr idarə etmək üçün vaxtı yoxdur. İndi tələb olunan yeni qapılar açmaq yox, mövcud dosyeləri bağlamaqdır.
Çinə gəlincə, o, səs-küy salmadan oyunun qaydalarını dəyişən sakit oyunçudur. Amerika əsgərlər göndərib bazalar inşa edərkən Çin mühəndislər göndərir, körpülər, limanlar və elektrik stansiyaları tikirdi. Yaxın Şərq “Kəmər və Yol” təşəbbüsünün əsas hissəsinə çevrilib. 150-dən çox ölkə bu təşəbbüsə qoşulub və Çin Yaxın Şərqin birinci ticarət tərəfdaşına çevrilib. Səudiyyə Ərəbistanı, BƏƏ və İraq neftinin böyük hissəsini məhz Çin idxal edir. 2013-cü ildən bəri Çinin bölgəyə yatırdığı investisiyaların dəyəri 220 milyard dollardan çoxdur. Çin parçalanmış dövlətlər istəmir, çünki bu, ticarət yollarına, gəmiçilik xətlərinə və nəhəng layihələrinin sabitliyinə təhdid deməkdir. Başqa sözlə, Çin sabitlik istəyir və onun bölgədəki mövcudluğu hətta rəqiblərini belə birlik seçimlərinə meyilləndirib.
Bu dəyişimin sübutu kimi real nümunələrə baxmaq olar. Suriyada bir neçə il əvvəl bölgələrin bölünməsi və ya geniş muxtariyyət layihələri haqqında danışıldığı halda, bu gün Vaşinqton açıq şəkildə “vahid Suriya” istədiyini bəyan edir. Səbəb sadədir, Amerika Şərqi Suriyanın Çinə, cənubun Rusiyaya, şimalın isə Türkiyəyə açılmasını istəmir.
İraqda da Amerika davranışı dəyişib; əvvəllər Kürdüstan regionu ilə, demək olar ki, müstəqil bir qurum kimi davranan Vaşinqton bu gün güclü mərkəzi hökuməti dəstəkləyir, çünki hər hansı parçalanma Çinin neft xətlərinə və infrastruktur layihələrinə güclü şəkildə daxil olması deməkdir.
Yəməndə isə illərlə “Şimali və Cənubi Yəmən” ssenarisinin real görünməsinə baxmayaraq, Vaşinqton artıq bölünməyə qarşı çıxır, çünki bu addım dünyanın ən mühüm dəniz keçidlərindən birində Çinə mümkün hərbi mövcudiyyət qazandıra bilər.
Beləcə, demək olar ki, böyük rəqib olaraq Çinin mövcudluğu Amerikaya dövlətlərin birliyini qorumağı mənafe baxımından daha sərfəli edib, çünki parçalanma rəqib güclərin sızması üçün boşluqlar yaradır. Buna görə də Çinə təşəkkür etməliyik – sevgi və ya heyranlıq səbəbilə yox, onun bölgədəki ağır və həlledici mövcudluğu ABŞ-ni on il əvvəl açıq və ya dolayı şəkildə gündəmdə olan parçalanma layihələrindən əl çəkməyə məcbur etdiyi üçün. Artıq böyük güclər arasındakı rəqabət zəif dövlətlər üçün bir növ qoruyucu çətirə çevrilib; Cərir bin Atiyyanın şerində olduğu kimi: canavarla kaftar bir-biri ilə savaşanda sürü xilas olur.
Sonda Çin nə kimisə sevir, nə də kiməsə qarşı nifrət bəsləyir, o öz maraqlarını qoruyur. Amerika da heç kimi sevmir və heç kimi qorumaq niyyətində deyil, o da öz nüfuzu və maraqları üçün çalışır. Lakin böyük güclərin maraqları ölkələrimizin birliyinin qorunması ilə kəsişəndə, biz heç bir haqq ödəmədən qazanırıq. Bu gün dövlətlərin birliyi artıq etik və ya humanitar seçim deyil, elə böyük güclərin özləri üçün geosiyasi zərurətdir. Buna görə də Çinin beynəlxalq arenaya daxil olması bölgəyə illərlə davam edən xaosdan sonra nəfəs dərmə imkanı verdi.
Burada isə paradoks ortaya çıxır: başımızın üzərində toqquşan qüvvələr, fərqinə varmadan xəritələrin yenidən çəkilməsindən və bölünmə macəralarından bizi qoruyan tərəfə çevrilə bilər. Çünki bu gün Yaxın Şərq yeni bir qaydanın altında hərəkət edir: canavarla kaftarın savaşı… Və sürü ən az itki ilə çıxır. Yeni oyunun qaydalarını başa düşməyən hər kəs anlamalıdır ki, o, oyunçuya deyil, ova çevriləcək.
Feysal Qasım
Suriya yazarı, Qətərin “Al-Jazeera” telekanlının aparıcısı












