Azərbaycanda gender və ailə məsələləri son illərdə əhəmiyyətli dəyişikliklərə uğrayıb. Hökumət gender bərabərliyini təşviq edən bir çox qanun və proqramlar qəbul edərək qadınların cəmiyyətdə daha fəal rol almasına imkan yaradıb. Bu təşəbbüslər qadınların təhsil, iş həyatı və siyasətdə iştirakını artırmağa yönəlib. Yanaşı olaraq qadınlara qarşı zorakılıqla mübarizə aparan proqramlar və qanunlar da tətbiq olunaraq, cəmiyyətdə bu məsələyə daha çox diqqət ayrılıb.
Ailə institutunun qorunması və gücləndirilməsi Azərbaycanda önəmli bir məsələ olaraq qalır. Dövlət ailə münaqişələrini aradan qaldırmaq və uşaq hüquqlarını müdafiə etmək məsələsini də diqqətdən kənar saxlamayıb. Ailədaxili zorakılığın qarşısını almaq məqsədilə müxtəlif xidmətlər və müdafiə mexanizmləri yaradılıb.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, gender və ailə məsələləri, qadın hüquqları və ümumilikdə sözügedən sahə üzrə dövlətin gördüyü tədbirlər çox mühüm əhəmiyyət kəsb edir:
“Azərbaycan sosial dövlət olduğunu əməli işlərlə sübut edən ölkə kimi bu sahəyə xüsusi diqqət ayırır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ailə, qadın və gender məsələsinə xüsusi diqqət və qayğısı var. Eyni zamanda, bu sahədə həm dövlət orqanları, həm qeyri-dövlət təşkilatları və xüsusilə Heydər Əliyev Fondu çox mühüm işlər görür”.
Onun sözlərinə görə, burada diqqət yetirməli olduğumuz bir neçə məqam var:
“İstər qanunvericilik sahəsində, istərsə də ali icra hakimiyyəti orqanı səviyyəsində ailə, qadın, gender məsələləri üzrə profil təşkilatlar və Milli Məclisdə profil komitə bu işlə məşğul olur. Həmçinin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi yaradıldığı gündən indiki dövrə qədər çox mühüm işlər görüb. Eyni zamanda, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsi də dünyanın ən qabaqcıl ölkələrinin praktikasını Azərbaycan cəmiyyətinin spesifikasına uyğunlaşdıraraq bu sahə üzrə fəaliyyətini davam etdirməkdədir”.
Millət vəkilinin fikrincə, ailələrə yardım, ailə institutunun möhkəmləndirilməsi, milli dəyərlərimizə uyğun formalaşması, ailədə böyüyən uşaqların təhsili, ailə münasibətləri çərçivəsində məktəb-ali məktəb əks əlaqə prinsiplərinin formalaşmasında yerli icra hakimiyyəti orqanlarının, müvafiq nazirliklərin və ailə, qadın məsələləri üzrə icra hakimiyyəti orqanlarının qarşılıqlı fəaliyyətini müşahidə edirik:
“Bundan başqa, səhiyyə sistemində qadın sağlamlığı, ana ölümü, uşaq ölümü xüsusi diqqət mərkəzində saxlanılır, təhlillər aparılır. İlkin səhiyyə sistemində, xüsusən uşaq sağlamlığı mühüm məsələlərdən biri kimi dövlətin diqqət yetirdiyi, vəsait ayırdığı prioritet sahədir. Sosial müdafiə sahəsində əlilliyi olan uşaqlara, tək yaşayan qadınlara, övladını tək böyüdən analara xüsusi diqqət və qayğı müşahidə olunmaqdadır. Bundan başqa, dövlətin dəstək verdiyi və yardım etdiyi qeyri-hökumət təşkilatları da bu sahədə dövlət orqanları ilə birlikdə aktiv fəaliyyət göstərir. Ailə içi şiddət, uşaqlara, qadınlara qarşı şiddətin qarşısının alınmasında dövlətin preventiv fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Həmçinin müvafiq qanunvericilik sənədləri ilə bu prosesin qarşısının alınmasında istər inzibati, istər cinayət məsuliyyəti baxımından müvafiq hüquq mühafizə orqanları böyük işlər görür”.
“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova isə deyib ki, Azərbaycanda gender və ailə məsələləri üzrə atılan addımlar son illərdə cəmiyyətdə əhəmiyyətli dərəcədə müsbət dəyişikliklərə səbəb olub:
“Dövlətimizin qəbul etdiyi qanunlar, gender bərabərliyini təşviq edən proqramlar və ailə hüquqları ilə bağlı atılan addımlar cəmiyyətdə daha müasir və ədalətli münasibətlərin yaranmasına şərait yaradıb. Ailə institutunun gücləndirilməsi, qadınların və kişilərin hüquqlarının bərabər şəkildə qorunması, həmçinin ailədaxili zorakılıqla mübarizə üzrə görülən tədbirlər, ümumilikdə cəmiyyətə müsbət təsir edib. 2011-ci ildən etibarən qəbul edilən “Qadınların hüquqlarının qorunması haqqında” qanun, Azərbaycan dövlətinin gender bərabərliyinə olan ciddi yanaşmasının göstəricisidir. Bu qanun qadınların iqtisadi, sosial və siyasi həyatda daha fəal iştirak etmələrinə imkan yaradıb. Üstəlik, “Ailə Məcəlləsi”nin qəbul edilməsi, ailə münasibətlərinin hüquqi cəhətdən tənzimlənməsini təmin edərək, ailə münaqişələrinin həllini sadələşdirmiş və uşaq hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirib. Bu qanunlar həm də qadınlara qarşı zorakılıqla mübarizə aparmağa yönəlmişdir, xüsusən də 2010-cu ildən sonra həyata keçirilən “Ailə zorakılığının qarşısının alınması” qanunubu sahədə hüquqi dəstək sistemini möhkəmləndirib”.
M. Əmirhüseynovanın qənaətinə görə, dövlətin gender bərabərliyi sahəsindəki addımları ilə yanaşı, həyata keçirdiyi sosial proqramlar da cəmiyyətə müsbət təsirini göstərib:
“Azərbaycanda 2019-cu ildən etibarən həyata keçirilən “Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı” çərçivəsində qadınların iş gücündə iştirakı artırılmağa çalışılmışdır. Statistikaya görə, 2021-ci ildə iş gücündə olan qadınların sayı 37%-dən 43%-ə yüksəlib. Həmçinin qadınların menecerlik və rəhbərlik vəzifələrindəki nisbəti 2015-ci ildən bu yana 10% artıb. Bu artım gender bərabərliyinin təşviqinin nəticəsi olaraq, cəmiyyətdə qadınların müstəqil və güclü mövqe tutmalarına şərait yaradıb”.
“Bütün bu atılan addımların və qəbul edilən qanunların cəmiyyətə müsbət təsiri daha geniş ölçüdə görünür. Gender bərabərliyi və ailə hüquqları sahəsindəki islahatlar, həm də sosial psixoloji mühitə müsbət təsir edərək, cəmiyyətdə daha bərabər və hüquqla təmin olunan münasibətlərin formalaşmasına zəmin yaradıb. Bu proses, xüsusilə gənc nəsildə daha açıq və müasir düşüncə tərzinin yaranmasına, qadın və kişilərin bərabər hüquqlarına olan hörmətin artmasına gətirib çıxarıb. Gələcəkdə bu kursun davam etdirilməsi, daha bərabər və inklüziv cəmiyyətin yaranmasına şərait yaradacaq”, – deyə fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanıb.
www.yenicag.az