Azərbaycanda bu şəxslərin pensiya təminatı gücləndiriləcək

media-hightechnic-468x90

Azərbaycanda bir sıra şəxslərin pensiya təminatı ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.

Yenicag.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsində qeyd edilib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün pensiya təminatı sisteminin təkmilləşdirilməsinə dair tədbirlərin həyata keçirilməsi istiqamətində dövlət öhdəliklərinin dəqiq çərçivəsinin müəyyən edilməsi təsbit olunmuşdur. Bu Strategiyada qeyd olunan hədəflərdən irəli gələn tələblərin qanunvericilikdə icrası üçün təqdim olunan qanun layihəsi ilə   “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda bir sıra dəyişikliklər nəzərdə tutulur.

Nəticə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği (8-ci maddə), bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği   (9.2-ci maddə), həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunaraq, tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.

Təklif olunan digər dəyişiklik mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin pensiya hüququ ilə bağlıdır. Bu sahədə işləyən şəxslərin pensiya hüququnun təmin olunması üçün bəzi əsaslar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müxtəlif qərarları ilə müəyyən edilir.

Bu hüquqi əsasların vahid qanunvericilik sisteminə uyğunlaşdırılması səbəbindən “Əmək pensiyaları haqqında” Qanunun 22.3-cü maddəsi ilə müəyyən olunan qaydaların tətbiqi həmin Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə əvəz edilir.

Bu dəyişikliklər pensiya təminatı sistemində dövlət öhdəliklərinin müəyyən olunması ilə xüsusi sosial müdafiə və güzəştli pensiya hüquqlarına malik olan şəxslərin sosial rifahının gücləndirilməsinə, eləcə də qanunvericilik aktlarının unifikasiyasına yönələrək dayanıqlı pensiya təminatı sisteminin formalaşmasına xidmət edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600