“Dərmanın istehsalından xəstənin istifadəsinə qədər hər şey düşünülməli, lazımi normalar gözlənməlidir”.
Bunu ölkədə yaşanan dərman problemi ilə bağlı fikirlərini bölüşən farmakoloq Aydın Əliyev Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, dərmanlarla bağlı ölkəmizdə bir sıra problemi sadalamaq olar:
“Problemlərin başında duran əsas məsələ ölkədaxili dərman istehsalının sıfır səviyyəsində olmasıdır. 30 ildir müstəqilliyimizi bərpa etsək də, təbbi dərman preparatlarının və avadanlıqlarının istehsalı minimal səviyyədədir. Müşahidə olunan bahalığın kökündə məhz bu məsələ dayanır.
İkinci məsələ isə ölkədə dərman monopoliyasıdır. Hər kəs dərman gətirə, satışı ilə məşğul ola bilmir. Yalnız xüsusi şirkətlərin ölkəyə dərman gətirmək üçün “icazəsi” var. Misal üçün, xaricdən ölkəyə dərman preparatları gətirə biləcək biznesmen düşünək. Ancaq buna imkan vermirlər. Niyə? Çünki monopoliyadır.
Üçüncü problem, azad iqtisadi zonaya daxil olan ölkədə, məsələn Dubayda şirkət yaradaraq Hindistanda 1 dollara olan dərmanı buraya gətirirlər, daha sonra 5 dollara rəsmiləşdirib Azərbaycana idxal edərək 10 dollara satırlar. Nəticədə isə Hindistanda 1 dollara olan dərman Azərbaycanda 10 dollara alınır.
Ölkəyə idxal olunan dərmanlar tibbi yoxlanışdan keçirilib, keyfiyyətinə qiymət verilməlidir. Burada da bir sıra problemlər var. Düzdür, sənədlər var, ancaq hansı qaydada alınıb, necə yoxlanılıb, bu haqda məlumatımız yoxdur.
Sıradakı problem dərmanların depolarda saxlanma şəraitidir. Elə preparatlar var ki, müəyyən temperaturda, rütubət səviyyəsində saxlanmalıdır. Həmin nüanslar nəzərə alınmadan saxlanılan dərman keyfiyyətini itirir.
Digər problem isə dərmanların vitrində düzgün saxlanmamasıdır. Yayda vitrinə düzülən dərmanların üzərinə günəş şüalarının düşdüyünü hər birimiz görürük. Bu hal da dərmanların keyfiyyətinə təsiir edir.
Dərmanın istehsalından xəstənin istifadəsinə qədər hər şey düşünülməli, lazımi normalar gözlənməlidir”.
Nəsimi Ələsgərli
www.yenicag.az