Azərbaycanda dini maarifçilik varmı?

media-hightechnic-468x90

süe4Son günlər Azərbaycanda radikal dini cərəyanlara qoşulanların sayının artması, bu konteksdə hüquq-mühafizə orqanı əməkdaşlarının daha çox təriqətçini həbs etməsi müşahidə edilməkdədir. Vəhabi təriqətinə mənsub şəxslərin Suriyadakı əməliyyatlarda yer alması, İraqdakı qətliamları ilə dünyanın gündəmində olan terrorçu İŞİD-in Azərbaycanda döyüşçü yığması ilə bağlı ölkə mətbuatında yer alan məlumatlar, fərqli cərəyanlara məxsus dini qrupların ölkə daxilindəki çəkişmələri və s. bu sahədə vəziyyətin heç də ürəkaçan olmadığını göstərməkdədir.

İctimaiyyəti isə daha çox bir sual düşündürür. Azərbaycanda radikal dini cərəyanların sürətlə artmasının səbəbi nədir və hüquq-mühafizə orqanları vasitəsi ilə mübarizə aparmaq yetərlidirmi?

Azərbaycanda dini maarifçilik varmı?

Mütəxəssislərin böyük bir qismi hesab edir ki, Azərbaycanda radikal dini cərəyanların sürətlə artmasına səbəb ölkədə həqiqi İslama əsaslanan lazımi maarifləndirmə işlərinin aparılmamasıdır. Bu baxımdan Türkiyə nümunəsinin ölkəmiz üçün örnək olduğunu vurğulayan ekspertlər hesab edir ki, Azərbaycanda da ölkə televiziyalarında dini maarifçilik baxımından ciddi layihələrin həyata keçirilməsi, insanların İslam və onun mahiyyəti ilə bağlı elmi baxımdan məlumatlandırılması zəruridir.
Məhz bu baxımdan da ekspertlər hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən həbslərin problemin həllinə kömək etməyəcəyini, əksinə cəmiyyətdəki mövcud gərginliyi bir qədər də artıracağı qənaətindədirlər.

“Allahın dini” anlayışı dövlət tərəfindən də qəbul olunmur”

Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa da hesab edir ki, Azərbaycanda dini müstəvidəki problemlərin aradan qaldırılması üçün hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər yetərli deyil. F.Mustafanın qənaətincə, bu gün dövlət rəsmilərinin özlərinin də dinə yanaşmasında ciddi nöqsanlar var ki, bu da problemin düşünüldüyündən də ciddi odluğunu göstərir: “Burada dövlətin üzərinə böyük məsuliyyət düşür. Dövlət bu məsuliyyəti hüquq-mühafizə orqanlarının üzərinə qoymaqla məsələnin həll olunacağını düşünür. Amma bugünə qədər baş verən proseslər göstərir ki, vəziyyət daha da mürəkkəbləşib.
Rəsmi açıqlamalarda Azərbaycanda dini iki yerə ayırırlar. Bunlardan biri ənənəvi din, digəri isə qeyri-ənənəvi dindir. “Allahın dini” anlayışı dövlət tərəfindən də qəbul olunmur. Dövlət tərəfindən də din ənənəvi və ya qeyri-ənənəvi olmaqla iki yerə ayrılır. Halbuki, bir Qurana aid olan İslam var, bir də Qurana aid olmayan din var. Bu gün dinə bağlılığı yalnız saqqaldan ibarət olan bir saqqallının da,daşa, bütə ibadət edənin də İslamla yaxınlığı yoxdur”.

“Əsas problem maarifçiliklə bağlıdır”

Millət vəkili müqəddəs Ramazan ayı ərzində ölkə televiziyalarında normal dini verilişlərin olmadığına da diqqət çəkdi: “Təsəvvür edin ki, Ramazan ayında Azərbaycan televiziyalarında bir dənə də olsun normal bir veriliş yoxdur. Belə olan halda radikal dini cərəyanların meydana gəlməsi, onların tərəfdaşlarının artması üçün şərait yaranır”.
F.Mustafanın qənaətincə, Azərbaycanda gerçək İslamın tədrisi zəruridir və nə qədər ki, maarifçiliklə bağlı bu problem öz həllini tapmayıb, radikal dini cərəyanlara axın da davam edəcək: “Gerçək İslamın, təmiz İslamın tədrisinə ehtiyac var. Bu isə müşahidə edilmir. Əsas problem də buradan qaynaqlanır. Maariçilik olmayanda hökmən bu boşluğun yerinə başqa elementlər tutmağa başlayır”.

“Saqqalı erməni də saxlayır, “bomj” da”

F.Mustafanın sözlərinə görə, bu gün insanların bəzisi mahiyyətə deyil, formaya daha çox üstünlük verir: “Burada söhbət ərəb ölkələrdən stimullaşdırılan və radikal olaraq adlandırılan dini təriqətlərdən söhbət gedir. Həqiqətən də nəzəri olaraq islamın prinsiplərini doğru təyin etmiş, lakin forma aludəçiliyi ilə İslam adına qorxu dinini bərpa etmiş bir yığın insan ağlasığmaz səviyyələrə çatmış cahillik ənənəsini dəyişərək insanlıq tarixində ən böyük islahatı aparan İslam peyğəmbərinin davranışını, gözəl əxlaqını daşıya bilmədilər. Ancaq formasına aludə oldular. Bu gün sosial şəbəkələrdə ancaq bığın, saqqalın fəzilətlərindən danışmaqla İslam adına müdafiə taktikası qurmağa çalışırlar. Halbuki həmin saqqalı müşriklər də daşıyıblar, yəhudilər də, Rabinzoh Kruzo da, küçədəki bir “bomj” da, vaxtilə tez-tez işlətdiyimiz “erməni saqqallıları” da. İslamda da bu hər kəsin hüququdur, bu sünnətdir, ancaq ən böyük sünnət imandır, təmizlikdir. Əndazəni aşmadan, natəmiz görünmədən nə istəyirsən saxla, nə istəyirsən geyin”.

“Azərbaycan dövləti ənənəvi din əvəzinə sağlam, doğru İslamı stimullaşdırmalıdır”

F.Mustafa ənənəvi din ifadəsinin də doğru olmadığını vurğuladı: “Bəs ənənəvi dinimiz nədir? Bu dinin nə olduğunu xatırlatdıqca hər kəsin tanış epizodları dərhal xatırlayacağını düşünürəm.

Ənənəvi dinimiz, Şeyx Nəsrullahın İsfahandan gəlib Azərbaycanda atalarının razılığı ilə 13 yaşlı körpə qız uşaqlarına siğə yolu ilə təcavüz etdiyi dindir. Ənənəvi dinimiz, öz sənətinə vicdanla yanaşmayan Usta Zeynal cəhaləti ilə bağdaşmış bir dindir. Ənənəvi dinimiz Molla Sadığın meyxanasıdır. Ənənəvi dinimiz, Seyyid Əzimin “vur başını yar köpək oğlu” dediyi dindir. Ənənəvi dinimiz, əsrin əvvəllərində Mirzə Cəlilin, Sabirin harada müsəlman görəndə qorxduğu dindir. Ənənəvi dinimiz zavallı Zeynəbin iyrənc Xudayar bəyə molla tərəfindən zorla kəbininin kəsildiyi dindir. İndi bu ənənəvi dinin nəyi ilə fəxr edirik? Və nəyə yaxşı alternativ kimi təqdim edirik? Azərbaycanlının mühakiməsində yüz il bundan öncəsi ilə müqayisədə dini düşüncədə nə dəyişib ki? Yaxşı ki, tariximizdə Türkmənçay adlanan bir vaqiə baş verib, yaxşı ki, Qori seminariyası deyilən bir məktəb açılıb və yaxşı ki, oralardan yüz-iki yüz oxuyan-yazan insan yetişib və gəlib bir dövlət qura bilmişik. Ənənəvi dini bir az da qaldırsaydıq, bu gün ideoloji İslamın yaşandığı sözdə müsəlman cəmiyyətlərindən heç nə ilə fərqlənməzdik. Əksinə Azərbaycan dövləti ənənəvi din əvəzinə sağlam, doğru, başqasına zərər verməyən, ideoloji qəliblərdə gizlənməyən İslamı stimullaşdırmalıdır, insanların doğru maariflənməsi üçün şərait yaratmalıdır ki, insanlar ənənəvi və ya qeyri-ənənəvi din deyibən seçim qarşısında qalmasınlar. İslam siyasiləşdirmədən, mazoxizmə çevirmədən, öz əxlaqını təkmilləşdirmək üçün yaşamaq imkanı qazansınlar”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600