Bakıda 4 nəfərin öldüyü yanğınla bağlı cinayət işi açıldı - YENİLƏNDİ
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında dörd nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədər cinayət işi açılıb.
Baş Prokurorluqdan Yenicag.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə tapşırılıb.
Bildirilib ki, cinayət işi üzrə aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icra edilib.
İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaq.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
***09:02
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş vermiş yanğınla bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır.
Bu barədə Yenicag.az-a qurumun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.
Hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-si azyaşlıdır) boğularaq ölüb.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.












