Elnarə Akimova tələbələrə “Türkçülük işığında” mövzusunda ustad dərsi keçdi
Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində artıq ənənə halını almış “Ustad dərsləri” silsiləsi çərçivəsində daha bir maraqlı və elmi əhəmiyyətli görüş keçirilib.
Yenicag.az xəbər verir ki, onlayn formatda baş tutan növbəti dərsin qonaqları Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova və “Ədəbiyyat” qəzetinin baş redaktoru, /məkdar mədəniyyət işçisi Azər Turan olub.
Bu dəfəki ustad dərsi “Türkçülük işığında” mövzusuna həsr edilərək, tələbələr arasında geniş maraq doğurub. “AƏ25” və “T25” qruplarının iştirakı ilə keçirilən dərsdə 1926-cı ildə Bakida keçirilmiş Türkoloji Qurultayın tarixi əhəmiyyəti, türk dünyasının mədəni-siyasi oyanışında bu qurultayın oynadığı rol, habelə ümumtürk düşüncəsinin formalaşmasına təsir göstərmiş şəxsiyyətlər, ideyalar və tarixi hadisələr ətrafında geniş müzakirələr aparılıb.
Məruzəçilər türkologiyanın XX əsrin əvvəllərindən başlayaraq keçdiyi inkişaf yolundan, milli kimliyin möhkəmlənməsində dil, ədəbiyyat və mədəniyyətin strateji əhəmiyyətindən bəhs ediblər. Elnarə Akimova türkçülük ideyasının yalnız ideoloji xətt deyil, həm də milli intibah, mədəni özünüdərk və mənəvi dirçəliş prosesi kimi qiymətləndirilməli olduğunu vurğulayıb. Azər Turan isə türkologiya tarixinin az araşdırılmış məqamlarından, dövrün elm və fikir adamlarının fəaliyyətindən, eyni zamanda onların müasir elmi fikrə təsir istiqamətlərindən danışıb.
Dərs təkcə nəzəri müzakirələrlə məhdudlaşmayıb, tələbələrin fəal iştirakı ilə interaktiv dialoq formatında davam edib. Tələbələr məruzəçilərə həm tarixi hadisələrlə, həm də müasir türkoloji araşdırmalarla bağlı çoxsaylı suallar ünvanlayıblar. Bu isə görüşün sırf elmi məlumatlandırma deyil, həm də düşüncə mübadiləsi platformasına çevrildiyini göstərib.
Tədbirdə türkçülük ideyasının günümüzdəki aktuallığı, qlobal miqyasda türk dövlət və cəmiyyətlərinin qarşılıqlı mədəni əməkdaşlığı və tarix elminin bu əməkdaşlıqdakı rolu kimi məsələlər də müzakirəyə çıxarılıb. Məruzəçilər qeyd ediblər ki, gənclərin tarixi və ideoloji məsələlərə maraq göstərməsi, müasir elmi yanaşmaları öyrənməsi və praktik biliklərlə zənginləşməsi gələcək ixtisas hazırlığı baxımından xüsusi önəm daşıyır.
Sonda tələbələr qonaqlara təşəkkür edərək bildiriblər ki, bu kimi ustad dərsləri onların həm nəzəri biliklərini artırır, həm də elmi araşdırmalara maraqlarını stimullaşdırır.
Qeyd edək ki, MDU-nun Təhsil fakültəsində keçirilən “Ustad dərsi həftəsi” tələbələrə müxtəlif sahələr üzrə tanınmış alimlər və ekspertlərlə birbaşa ünsiyyət qurmaq imkanı yaradan, akademik təcrübəni praktik yanaşmalarla birləşdirən mühüm layihə kimi dəyərləndirilir.












