“Bəzi “psixoloqlar” şişirdilmiş qiymətlər müəyyənləşdirərək, bir seans üçün pasientdən 200-400 manat tələb edirlər”.
Bu fikirləri Azərbaycanda psixoloq xidmətlərinin baha olmasının səbəblərini şərh edən mütəxəssis Ülkər Məhərrəmova Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, psixoloqlar daha çox özəl şirkətlərdə fəaliyyət göstərdiklərindən, bu xidmət üçün standart qiymətləri yoxdur:
“Dövlət müəssisələrindən fərqli olaraq, özəl müəssisələrdə psixoloqlar daha uzun seans keçə bilirlər. Psixoloq xidməti üçün qiymətlərin baha olmasının səbəblərindən biri öz üzərində işləyən psixoloqların təhsillərini başa vurduqdan sonra xarici mütəxəssislər tərəfindən keçirilən xüsusi terapiya təlimlərinə qoşulmalarıdır. Bu təlimlər beynəlxalq akreditasiyalı təlimlər olduğu üçün qiymətilər də yüksəkdir.
Mən düşünürəm ki əsl mütəxəssis və işini sevən psixoloq kəmiyyətə yox, keyfiyyətə önəm verməlidir. Bəzi “psixoloqlar” şişirdilmiş qiymətlər müəyyənləşdirərək, bir seans üçün pasientdən 200-400 manat tələb edirlər. Belə hallar psixoloqlara olan inamı azaldır. Biz çalışmalıyıq ki, öz sahəmizin güclü tərəflərini insanlara göstərək. Hazırda aparılan təcrübələrə əsasən, hər 6 nəfərdən birinin psixoloji narahatlığı var.
Yaşadığımız dövr, bazar iqtisadiyyatının sürətli inkişafı, COVİD bəlasının insanların həyatına anidən gəlməsi, müharibə şəraitinin olması, bir sıra xəstəliklərin artması, insanlarda depresiya, stress, həyacan və bu kimin halları artırırdı. Düşünürəm ki, hər bir insanın psixoloqa getmə imkanı olmalı və bunun üçün qiymətlər əlçatan olmaldır”.
Nuray Məmmədzadə
www.yenicag.az