!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanda Həcc ziyarətinin təşkili monopoliyaya çevrilib" - Etiraz

!Reklam – Yazi

“Ən böyük monopolist Qafqaz Müsəlmanları İdarəsidir”.

Bu sözləri Həcc ziyarətinin qiymətinin 9 106 manat müəyyən olunmasına münasibət bildirən ilahiyyatçı Elşad Miri Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ziyarət üçün tətbiq olunan qiymətlərə yenidən baxılması və Həcc ziyarətinin yenidən turizm şirkətləri tərəfindən həyata keçirilməsi məqsədəuyğundur:

“Əvvəllər Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi təsis ediləndə digər turizm şirkətlərinin zəvvarları Həcc və ya Ümrəyə ziyarətə aparması mümkün idi. Lakin o vaxtı Qafqaz Müsəlmanları İdarəsi bu vəziyyətə etiraz edir və müxtəlif yollarla əngəl törətməyə çalışırdı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev sayəsində turizm şirkətləri insanları ziyarətə aparıb gətirə bilirdi. Hətta komitə özəl şirkətlərlə əməkdaşlığa daha çox üstünlük verirdi. Ona görə də Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə gedənlərin sayı çox az idi. Sonrakı dövrlərdə Qafqaz Müsəlmanları İdarəsi yenidən gücü öz əlinə keçirə bildi. Hətta bunu dinlə əlaqələndirdilər və istənilən turizm şirkətinin bu cür dini ritualı həyata keçirməsinin doğru olmadığını bildirdilər. Nəticədə, Həcc ziyarətinin təşkili monopoliyaya çevrildi. Ən böyük monopolist isə Qafqaz Müsəlmanları İdarəsidir. Əgər bir sahədə rəqabət yoxdursa, ortaya keyfiyyətli nəticə qoymaq mümkün deyil.

Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinin qiymətini istədiyi kimi tənzimləyir. Qurum daha az qazanmaq anlayışı ilə deyil, qazanclarının azalmaması üçün yüksək qiymətin tətbiqinə üstünlük verir. Bunu Həcc ziyarəti üçün müəyyən olunan məbləğlə də anlamaq mümkündür. Həcc ziyarəti üçün təyin olunan 9 min manat bir gəncin 4 illik təhsil haqqına bərabərdir. Həcc ziyarətini təşkil edənlər bu işi gəlir əldə etmək məqsədilə həyata keçirirlər”.

Qeyd edək ki, Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb. Builki qiymət isə 2020-ci ildəki müvafiq rəqəmdən 860 dollar çoxdur.

Gülşən Şərif

www.yenicag.az

1428
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv