Azərbaycanda hüquqi kuryoz: keçirilməyən məhkəmə prosesinin saxta qərarı “tapılmır”

Qusar rayon məhkəməsində keçirildiyi şübhə doğuran iclasda “Bakı fındıq emalı” MMC-nin lehinə qərar “çıxarılıb”.

Yenicag.az xəbər verir ki, Xaçmaz rayonu Maqsudkənd kəndinin sakini, dövlətin ayırdığı 0,63 hektar pay torpaq sahəsi “Bakı fındıq emalı” MMC tərəfindən 10 ildən bəri zəbt olunan Yasin Gülağa oğlu Mehdiyev hüquqi fırıldaqla üz-üzə qalıb.

Redaksiyamıza məktubla müraciət edən Y. Mehdiyevin yazdığına görə, Qusar rayon məhkəməsi 2007-ci il 27 iyun tarixli iclasında ona və ailə üzvlərinə verilmiş pay torpağının (0,63 hektar) hər 100 kvadrat metri üçün 130 manat ödənilməklə “Bakı fındıq emalı” MMC-yə satıldığını təsdiqləyən qətnamə qəbul edib.

Amma müraciət edən tərəf qətiyyətlə bildirir ki, nə o, nə də qətnamədə adları keçənlərin heç biri həmin məhkəmə iclasında iştirak etməyib. Onlar ümumiyyətlə, Qusar rayon məhkəməsində sözügedən işlə bağlı iclasın keçirildiyinə inanmırlar.

Ancaq işin maraqlı və təəccüblü tərəfi bundadır ki, Mehdiyev və ailə üzvləri az qala 10 ildir ki, Qusar rayon məhkəməsinin bəhs olunan qətnaməsini əldə edə bilmirlər.

Bununla belə, Sumqayıt Apellyasiya Məhkəməsi özünün 2014-cü il 1 oktyabr tarixli qərarı ilə Qusar rayon məhkəməsinin 2007-ci il 27 iyun tarixli qətnaməsini qüvvədə saxlayıb.

Mehdiyev əleyhinə çıxarılan qətnamənin surətini almaq üçün dəfələrlə Qusar rayon məhkəməsinə müraciət etsə də, arzusu gözündə qalıb.

Qusar rayon məhkəməsinin sədri Adil Vəliyevin imzası ilə Mehdiyevin müraciətinə verilən cavabda bu “məhkəmənin arxivinin, həmçinin, statistik qeydiyyat kartoçkalarının və alfavit (?!-red.) kitablarının 2007-ci il və digər illər üzrə qeydiyyatında “Bakı fındıq emalı” MMC-nin Gülzar Əbil qızı Bədirxanovaya və qeyrilərinə qarşı əqdlərin etibarlı hesab edilməsinə dair tələbi üzrə 2-460a/2007 saylı mülki iş və həmin saylı 27 iyun 2007-ci il tarixli qətnamə aşkar olunmamışdır”.

Adil Vəliyevin cavabında əlavə olaraq bildirilir ki, “işlərə verilən nömrələr mövcud qaydalara əsasən, sıra ardıcıllığı ilə qeyd olunur, “a” sırası ilə nömrə verilməsi isə mövcud qaydalarda nəzərdə tutulmamışdır. Nəzərinizə çatdırıram ki, məhkəmədə mövcud olmayan hər hansı tələbə dair iş üzrə araşdırma aparılaraq, hüquqi qiymət verilə bilməz”. Məhkəmə sədrinin tövsiyəsinə əsasən, vətəndaş bu kimi hallarda polis və ya prokurorluğa müraciət edə bilər.

Belə… Sözün, həm də hüququn bitdiyi yer.

Ancaq Mehdiyev hüquq müstəvisində mülkiyyət hüququnun bərpası uğrunda mübarizədən geri çəkilmək niyyətində deyil. O, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bektaşiyə müraciət edib (surətini redaksiyamıza göndərib).

Mehdiyev Sumqayıt Apellyasiya Məhkəməsinin 1 oktyabr 2014-cü il tarixli qətnaməsinin ona təqdim olunmasını xahiş edir.

Araz Zeynalov

COP29