Miras üçün atasının maşınına bomba qoydu: Məhkəmədəki ifadəsi hamını şoka saldı
Türkiyənin Mardin vilayətinin Mazıdağı rayonunda ötən il miras üstündə atasını partlayıcı maddə ilə öldürmək istədiyi iddia edilən şəxs və ona pul qarşılığında kömək edən 3 təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.
Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, məhkəmə iclasında ata Mehmet E. və həbsdə olan oğlu Polad E. iştirak edib.
Polad E.-yə kömək edən digər həbsdə olan təqsirləndirilənlər Abas A., Baran A. və Bərkant K. isə məhkəməyə onlayn şəkildə qatılıblar
Məhkəmədə ifadə verən təqsirləndirilən Polad E. ailəsi ilə arasında düşmənçilik olmadığını bildirərək deyib:
“Ailəmlə bəzən mübahisə edirdim, amma bu heç vaxt zorakılığa çevrilməyib. Partlayıcının hazırlanmasında iştirak etməmişəm. Atama zərər vermək yox, əmlakımıza zərər vermək istəmişəm. Ətrafı olduğu üçün Abas A.-dan səs bombası istədim. Səs çıxsın, atam qorxsun istəyirdim. Ailə üzvlərim bəzən qardaşımı, bəzən məni haqlı sayırdı. Həmişə məni haqlı görsünlər deyə qorxutmaq istədim. Bombanı maşına Baran A. qoydu”.
Təqsirləndirilən Abas A. da Poladın evdə yaşadıqlarını ona tez-tez danışdığını və bu işi pul qarşılığında etmədiyini deyib.
Baran A. isə paketin içində nə olduğunu bilmədiyini qeyd edib.
Bərkant K. isə bombanı hazırlamadığını iddia edərək deyib: “Bomba ilə heç bir əlaqəm yoxdur. Təqsirləndirilənlərin mənimlə bağlı iddiaları doğru deyil. Bəraətimi və azadlığa buraxılmağımı tələb edirəm”.
Ata Mehmet E. oğluyla arasında heç bir düşmənçilik olmadığını bildirərək deyib:
“Bombanın zərər verməyəcəyini bilirdim. Maşında paketin içində gördüm. Əgər öldürmək üçün olsaydı, görünməyən yerə qoyardılar, məsələn, arxa oturacaqlara. Şikayətçi deyiləm”.
Məhkəmə heyəti təqsirləndirilənlərin həbsdə qalmasının davamına qərar verərək iclası 14 noyabr tarixinə təxirə salıb.
Əgər sözügedən şəxslər təqsirli bilinsələr, 18 ildən 29 ilə qədər həbs cəzası verilə bilər.