Azərbaycanda inflyasiya 6 faizə çatır
Bu ilin I rübündə istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 105,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105,7 %, qeyri-qida məhsulları üzrə 102,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,8 % təşkil edib.
Yenicag.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin mart ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 105,9 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,5 %, qeyri-qida məhsulları üzrə 102,8 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,5 % olub.
Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 % təşkil edib. O cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 % olub.
Martda ayrı-ayrı qida məhsullarından daha çox artım balıq və balıq məhsullarının, süd və süd məhsullarının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, bananın, almanın, armudun, kivinin, qozun, fındığın, kələmin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, soğanın, kartofun, qəhvənin, kakaonun, qazlı və qazsız suların, siqaretin, azalma isə unun, yumurtanın, göyərtinin, xiyarın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1% olub. Qeyri-qida mallarından daha çox artım kərpicin, sementin, ortopedik döşəklərin, mebellərin, zərgərlik məmulatlarının, azalma isə məişət cihazlarının, mobil telefonların, televizorların qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Martda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə aprelə nisbətən 100,2 % təşkil edib.