Azərbaycanda ölüm hökmü bərpa OLUNUR? – “Şəxsin islah olunması prosesi...”
“Bəzi hallarda o qədər ağır və amansız cinayətlər baş verir ki, yalnız ölüm hökmü ilə cəmiyyətin təhlükəsizliyini təmin etmək olar deyirlər”.
Bunu Yenicag.az-a açıqlamasında hüquqşünas Ceyhun Cəfərli deyib.
O, Rusiyanın “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının sədri Sergey Mironovun Rusiya Prezidenti Vladimir Putinə “milli təhlükəsizliyə müasir təhdidlər” səbəbindən ölüm hökmünə qoyulan moratoriumun ləğvi xahişi ilə bağlı müraciəti və ümumilikdə belə qərarın ölkəmizdə də verilməsi ehtimalı barədə danışıb.
Hüquqşünas bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər bir insanın yaşamaq hüququ vardır, buna görə də ölüm hökmü 1998-ci ildə ləğv olunub.
“Yaşamaq insanın təbii hüquqlarından biridir, heç bir əsas və səbəb olmadan insan bu hüquqdan məhrum edilə bilməz. Ölüm hökmünün mövcud hüquq sistemi və prinsiplərinə əsasən yenidən tətbiqi, yaxud bu cəza növünün qanunvericiliyə daxil edilməsi mümkün deyil. Cinayət hüququnda cəzanın əsas məqsədlərindən biri islahetmə və çəkindirmədir. Cəza insanı törətdiyi əmələ görə məsuliyyətə cəlb etməklə yanaşı, onu islah etmək və gələcəkdə analoji cinayətlərin qarşısını almağa yönəlir. Bu mənada, ölüm hökmü insanın həyatına son qoyduğu üçün onun islahedici və tərbiyəedici funksiyası sual altına düşür. Yəni ölüm hökmü ilə cəzanın əsas məqsədlərindən biri – şəxsin islah olunması prosesi mümkünsüz hala gəlir”, – deyə o, bildirib.
C. Cəfərli qeyd edib ki, zaman-zaman bütün cəmiyyətlərdə ölüm hökmünün yenidən tətbiq olunması ilə bağlı təşəbbüslər olur:
“Bu təşəbbüslər həm qanunvericilikdə rolu olan, həm də ictimai-siyasi xadimlər tərəfindən gündəmə gətirilir. Məqsəd isə cəmiyyəti sarsıdan ağır cinayətlərin qarşısını almaqdır. Lakin hər dəfə belə müzakirələr başlayanda ölüm hökmünün cəza növü kimi ləğv edilməsini müdafiə edənlər bu fikirlərə qarşı çıxırlar. Onların fikrincə, ölüm hökmü humanizmlə ziddiyyət təşkil edir. Yəni cəmiyyətin intiharı kimi qiymətləndirilir. Bu isə yolverilməzdir. Həmin fikri müdafiə edən nəzəriyyəyə görə insan, digər canlılardan fərqli olaraq tək yaşaya bilməz, yəni mahiyyət etibarilə cəmiyyətə uyğunlaşa bilən subyekt və sosial varlıqdır. Belə olan təqdirdə isə onun müvafiq, effektiv tədbirlərlə islah olunması mümkündür. Əgər insanın davranışı dəyişə bilirsə, onu dəyişmək və düzgün formalaşdırmaq bizim borcumuzdur”.
“Eyni zamanda bu nəzəriyyəni müdafiə edənlər problemin insanda deyil, üsullarda olduğunu deyirlər. Onların fikrincə, düzgün tərbiyə metodları, effektiv sosial və hüquqi tədbirlər həyata keçirilməlidir. Belə olduğu təqdirdə, ağır cinayətlərin qarşısı alınar. Məsələn, inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq deyilir ki, ölüm hökmünün tətbiq olunmadığı ölkələrdə belə cinayətlərin sayı daha azdır. Statistik göstəricilər bunu sübut edir”, .– deyə o, əlavə edib.
Hüquqşünas vurğulayıb ki, bu istiqaməti əsas götürən nəzəriyyəçilər öldürməyin “zəruri müdafiə” və ya “son zərurət” həddində mümkün olduğunu önə çəkir:
“Əgər bir şəxs son zərurət halında hərəkət edirsə, bu zaman o, əməlindən məsuliyyət daşımır. Yəni özünü və ya başqasını qorumaq üçün edilən hərəkətlər, məsələn, cinayətkarın zərərsizləşdirilməsi qanun çərçivəsində qəbul olunur. Ancaq əgər bir şəxs artıq həbs olunubsa və cəmiyyət üçün təhlükə yaratmırsa, o zaman onu edam etmək zəruri müdafiə sayıla bilməz. Bu zaman sual yaranır: artıq zərərsizləşdirilmiş bir insanı öldürmək nə dərəcədə məntiqlidir?”
“Ölüm hökmünün əleyhdarları bildirirlər ki, dövlət bir insanı həbs edibsə və onu cəmiyyətdən təcrid edibsə, bu artıq zərərsizləşdirmədir. Daha sonra həmin şəxsi öldürmək hüquqi və mənəvi baxımdan əsaslı deyil. Digər tərəfdən, ölüm hökmünün tərəfdarları isə deyirlər ki, bəzi hallarda o qədər ağır və amansız cinayətlər baş verir ki, yalnız ölüm hökmü ilə cəmiyyətin təhlükəsizliyini təmin etmək olar. Onların fikrincə, bəzi cinayətkarlar əməlini törədərkən gələcəkdə azadlığa çıxacaqlarını və həyatlarına davam edəcəklərini düşünürlər. Onlar üçün maddi qazanc və ya şəxsi intiqam motivləri ön plandadır. Amma bilsələr ki, bu əməlin cəzası ölüm olacaq, o zaman bu addımı atmazlar. Yəni ölüm hökmü müəyyən hallarda çəkindirici rol oynaya bilər”, – deyə C. Cəfərli vurğulayıb.
Vəkil qeyd edib ki, bu arqumentlər iki əsas baxışın mövcudluğunu göstərir: biri insanın dəyişə bilən, tərbiyə oluna bilən varlıq olması, digəri isə bəzi hallarda insanın cəmiyyətə o qədər təhlükə yaratması ki, onun fiziki olaraq aradan qaldırılması zəruri sayılması.
“Hər iki mövqe öz arqumentlərini təqdim edir, lakin hüquqi və mənəvi üstünlük hələ də humanist yanaşmada qalır. Birincisi, ölüm hökmü qətl törədən şəxsin cavab olaraq eyni şəkildə öldürülməsi deməkdirsə, bu, cəza yox, artıq qisas kimi qiymətləndirilə bilər. Bu fikri müdafiə edənlər olsa da, onlar məsələnin humanist tərəfini nəzərə almırlar. Onlar bəzən cəzanın icrasının gizli şəraitdə, qapalı mühitdə həyata keçirilməsini təklif edirlər. Amma bu halda da ölüm hökmünün çəkindirici təsiri azalır. Tarixdən bilirik ki, keçmişdə meydanlarda edamlar həyata keçirilirdi. Bu, insanlara qorxu hissi aşılamaq üçün idi. Əgər ölüm hökmü bu gün də qapalı şəkildə həyata keçirilərsə və insanlar bunu görməzsə, o zaman onun çəkindirici təsiri zəifləyəcək. Bunu nəzərə alan bəzi insanlar yenə də ölüm hökmünün tətbiq olunmasının tərəfdarıdırlar”, – həmsöhbətimiz söyləyib.
Mütəxəssisin fikrincə, insan tərbiyə olunan sosial varlıqdır:
“O, tərbiyəyə tabedir. İnsan kədərli hadisəyə kədərlənir, sevincli bir hadisəyə sevinir, zarafata gülür, maddi marağa uyğun reaksiya verir. Demək ki, insan formalaşan və idarə olunan varlıqdır. Buna görə də ölüm hökmünü tətbiq etməkdənsə, insanları belə cinayətləri törətməyə vadar edən səbəblərin qarşısını almaq lazımdır. Bunun üçün cəmiyyətdə bir çox təsir vasitələri mövcuddur. Sosial təsir alətləri, maarifləndirmə vasitələri, ədəbiyyat, sənət, məktəb, tərbiyə ocaqları – bütün bunlar insanın formalaşmasına xidmət edir. Məktəb, məlumdur ki, insanın təkcə biliyini deyil, tərbiyəsini də formalaşdıran ən böyük ocaqdır. Məktəbin qarşısında duran əsas məsələ təkcə təhsil vermək deyil, həm də tərbiyə verməkdir”.
Müsahibimiz əmindir ki, dini institutlar da insan tərbiyəsində mühüm rol oynayır:
“Məsələn, Avropada xristianlıq və kilsənin rolu danılmazdır. Həmçinin məktəbin, ailənin və ictimai institutların milli-mənəvi dəyərlərin, dini dəyərlərin, əxlaq normalarının formalaşmasında da əvəzsiz təsiri var. Ən başlıcası isə ailədir. Ailə insanın tərbiyə olunduğu ilk və ən əsas sosial institutdur. Sonra məktəb, daha sonra isə cəmiyyətin digər strukturları, iş yerləri, dövlət qurumları, hüquq-mühafizə orqanları, səhiyyə müəssisələri, sənaye sahələri və s. – insanın şəxsiyyət kimi düzgün formalaşmasına xidmət edən mühüm vasitələrdir. Bu yerlərdə nizam-intizam, daxili qaydalar, kollektiv münasibətlər insanın davranışına təsir edir, onu formalaşdırır. Bütün bu institutlar, mexanizmlər və sosial təsir alətləri insanın tərbiyəsinə yönəlmiş şəkildə işlədikdə, mən inanıram ki, ölüm hökmünün tətbiqi ilə bağlı bu müzakirələrə belə ehtiyac qalmayacaq”.
Nəsimi Ələsgərli