“Azərbaycanda söz azadlığı varmı? – Fərqli mövqelər, ittihamlar…
“Turan” İnformasiya Agentliyinin rəhbəri, media eksperti Mehman Əliyev mətbuata açıqlamasında söz azadlığının önəminə diqqət çəkərək, Azərbaycanda bütün azadlıqların ancaq sözdə olduğunu bildirib: “Söz azadlığının mövcud olmadığı bir ölkədə hər hansı digər azadlıqlardan danışmaq sadəcə olaraq mümkünsüzdür. Söz azadlığı demokratik azadlıqların ilk şərtidir. Bu azadlıq demokratik və normal cəmiyyətin bünövrəsidir. Bütün azadlıqların önündə məhz mətbuat azadlığı gedir. Əgər bu yoxdursa, o zaman heç bir azadlıq yoxdur. Azərbaycanda bütün azadlıqlar yalnız sözdədir. Reallıqda belə bir azadlıq yoxdur. Reallıqda olmadığı üçün də gerçək bir nəticəyə nail olmaq imkansızdır. Ölkədəki son həbslər və proseslər bunu birbaşa sübut edib. Biz illərlə deyirdik ki, azad söz olmayan yerdə normal inkişaf ola bilməz. Bu, mümkün deyil. Bu gün baş verən proseslər uzun illərdir ki, dediklərimizi sübut etdi”.
Millət vəkili Aydın Mirzəzadə Yenicag.az-a açıqlamasında M. Əliyevin yuxarıda səslənən fikirlərini qəribə bir məntiq kimi dəyərləndirdi: “Mehman Əliyev Azərbaycanda azadlığın olmadığını bildirir və eyni zamanda onun dediyi sözlər ölkə mətbuatında açıq şəkildə yayıla bilir. İstənilən azadlığın, demokratiyanın birinci şərti azad söz demək və fikrin yayıla bilməsidir. Bu isə reallıqda var. Azərbaycanda fərqli fikrə görə heç kim məsuliyyətə cəlb edilmir və bu ola da bilməz. Digər tərəfdən, Konstitusiya ilə Azərbaycan vətəndaşı üçün nəzərdə tutulan bütün hüquq və azadlıqlar reallıqda ölkəmizdə təmin edilib. Bunun daha da təkmilləşdirilməsi, vətəndaşın özünü daha sərbəst və təhlükəsiz hiss etməsi üçün dövlət tərəfindən maksimum işlər görülür. O başqa məsələ ki, bir qrup insanlar azadlıq və hüquq deyəndə ancaq özlərinin nəzərdə tutduqlarını fikirləşir. Əgər hakimiyyətdə onların rəğbəti olan insanlar təmsil olunursa, bu azadlıqdır. Yox, opponenti olduğu siyasi partiya hakimiyyətdədirsə, bu artıq onlara görə anti-demokratiyadır. Hesab edirəm ki, bu artıq azadlıq və demokratiya haqqında təhrif olunmuş düşüncədən irəli gələn məsələdir. Azərbaycanın seçimi demokratiyadır”.
ELÇİN