!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda tətbiq ediləcək Süni İntellekt Strategiyası: "Ölkənin iqtisadi, elmi və təhlükəsizlik sahələrində..."

!Reklam – Yazi

“Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası ölkənin rəqəmsal transformasiya yolunda mühüm bir mərhələdir”.

Bunu 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası çərçivəsində Azərbaycanda süni intellekt sahəsində dövlət standartlarının hazırlanmasının planlaşdırılması ilə bağlı fikirlərini Yenicag.az-la bölüşən Rəqəmsal sahə üzrə mütəxəssis Elvin Abbasov deyib.

Mütəxəssis qeyd edib ki, strategiyanın əsas istiqamətləri arasında yüksəksəviyyəli hesablama infrastrukturu qurulması, süni zəka sahəsində ixtisaslı kadr hazırlığının genişləndirilməsi və süni intellektin etik istifadəsi üzrə normativ-hüquqi bazanın formalaşdırılması yer alır:

“Bununla yanaşı, dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi və beynəlxalq institutlarla əlaqələrin inkişafı da prioritet məsələlərdir.

Azərbaycan süni intellektin milli və qlobal səviyyədə tətbiqini genişləndirərək innovasiyalar üçün əlverişli ekosistem yaratmağı və süni zəka sahəsində liderliyə doğru irəliləməyi hədəfləyir. Bu strategiya təkcə texnologiya deyil, həm də ölkənin iqtisadi, elmi və təhlükəsizlik sahələrində dayanıqlı inkişafa xidmət edəcək”.

İT mütəxəssisi Vasif Qəhrəmanov isə Yenicag.az-a bildirib ki, xüsusilə mühasibatlıq sahəsində süni intellektin tətbiqi artacaq:

“Azərbaycanda süni intellektin inkişafı ilə bağlı standartların hazırlanması və bu sahədə maliyyələşmənin mühüm rol oynayacağı gözlənilir. Bu proses ümumilikdə Azərbaycan iqtisadiyyatına və xüsusilə də təsərrüfatdan başlayaraq informasiya texnologiyaları sahəsinə qədər böyük töhfələr verəcək.

Süni intellektin əsas məqsədi insanlara kömək etməkdir, lakin bu texnologiya tam olaraq insanların yerini ala bilməz. Süni intellekt sadəcə köməkçi vasitə olaraq istifadə ediləcək və dövlət sektoru ilə yanaşı, qeyri-dövlət sektorunda da prosesləri asanlaşdıracaq. Xüsusilə mühasibatlıq sahəsində süni intellektin inteqrasiyasının artacağı vurğulanıb. Dünyada artıq bu texnologiya geniş şəkildə tətbiq olunub və Azərbaycanda da süni intellektin mühasibatlıq sahəsində tətbiqi gözlənilir. Bu, insanlara işlərini daha rahat və effektiv şəkildə idarə etmək imkanı verəcək”.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası çərçivəsində ölkəmizdə süni intellekt sahəsində dövlət standartlarının hazırlanması planlaşdırılır. Bu müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti birgə olaraq süni intellekt üzrə standartların tətbiqinə başlamağı hədəfləyir.

www.yenicag.az

312
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv