Azərbaycandan Avropaya qaz nəqlini artırmaq üçün YENİ İMKANLAR - ŞƏRH
“Azərbaycan Ukraynaya “swap” üsulu ilə qaz sata bilər. Onlarla birbaşa şəbəkəmiz olmasa da, rəsmi Kiyevlə sərhəd olan ölkələr vasitəsilə bunu həyata keçirmək mümkündür”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, sözügedən əməliyyatı Rumıniya və ya Macarıstan vasitəsilə həyata keçirmək olar:
“Biz müəyyən həcmdə qazı həmin ölkələrə ötürə, onlar da Ukraynaya çatdıra bilərlər. Texniki imkanlar mövcuddur. Ancaq satış böyük həcmdə olmayacaq. Çünki Azərbaycanın o qədər də çox qaz ehtiyatı yoxdur. Digər tərəfdən isə Avropa bazarı bizim üçün daha premium sayılır. Əgər əlavə qaz ehtiyatı olarsa, İtaliya bunu almağa hazırdır. Hazırda İtaliya il ərzində Azərbaycandan aldığı 1000 kubmetr qaz üçün 505 dollar ödəyir. Bu, Azərbaycan üçün yüksək və sərfəli qiymətdir. Bundan başqa, Qazaxıstan neftinin də Azərbaycan üzərindən tranzitinin artması mümkündür. Hazırda 1,5 milyon ton Qazaxıstan nefti Azərbaycan vasitəsilə Avropaya çatdırılıb. Bu həcmin iki dəfə artırılması potensialı var. Həmçinin əlimizdəki infrastruktur vasitəsilə İran üzərindən Türkmənistandan qaz alıb Avropaya sata bilərik. Təbii ki, bu, Azərbaycanın Avropanın enerji təminatında rolunu daha da gücləndirəcək”.
Məlik Məlikov