Azərbaycanı “Cücələrim”lə dünyaya tanıdan MƏŞHUR – Qəmbər Hüseynli ÖLMÜR
“Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və digər məşhur mahnıları ilə adını musiqi tarixinə həkk etdi.
Bir musiqisi — “Cücələrim”lə uşaqdan böyüyə hər kəsin qəlbini ovsunladı. Musiqisevərlər göydə aldılar ki, söhbət məşhur bəstəkar Qəmbər Hüseynlidən gedir. Bu gün onun xatirə günüdür.
Onun 1948-ci ildə şair Tofiq Mütəllibovun sözlərinə yazdığı “Cücələrim” adlı uşaq mahnısı dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub və ifa edilib. Mahnı nəinki Azərbaycanı, həm də müəllifini bütün dünyaya tanıtdı.
Bəlkə də dünya musiqi tarixində elə bir ikinci uşaq mahnısı yoxdur ki, müəllifini bu qədər məşhur etsin.
Qəmbər Hüseynlinin yaratdığı musiqilər nəinki sənət nümunəsidir, həm də bir tərbiyə vasitəsidir. Onun melodiyaları uşaqların ruhunu oxşayır, saf duyğular aşılayır, xeyirxahlığa, insanlığa, sevgi və qəhrəmanlığa səsləyir. Bu gün isə o ruhun çatışmazlığı daha çox hiss olunur.
İndi notu, ladı bəlli olmayan, mənasız və aqressiv “mahnılar” uşaqların zövqünü zəhərləyir. Belə mahnıların təsiri altında böyüyən uşaqlar da sonradan potensial qatilə çevrilir.
Uşaqlıqda “Cücələrim”lə böyüyən bir nəsil var idi – mərhəmətli, musiqili, duyğulu. İndi isə bəzi uşaqlar aqressiyanın, səs-küyün, mənasızlıqların içində böyüyür.Bu gün Azərbaycan musiqisinin Qızıl Fondunda yer alan Qəmbər Hüseynli əsərlərinə daha çox ehtiyac var.
Nə qədər ki, “Cücələrim” yaşayır, Qəmbər Hüseynli də yaşayacaq.
Cəvahir