!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli sazişə üstünlük verməsi və bu prosesdə...” - ŞƏRH

!Reklam – Yazi

“İkitərəfli sazişin imzalanmasının yubanmasında Brüsselin bu bərabərliyi pozan müddəalarla çıxış etməsinin çox ciddi təsiri var”.

Bu fikirləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı daimi nümayəndəsi Peter Mixalkonun dekabrın 15-də keçirdiyi mətbuat konfransında təmsil etdiyi qurumla Azərbaycan arasında ikitərəfli sazişin tezliklə imzalanacağı haqda fikirlərini şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, danışıqların davam etdiyi bir şəraitdə barəsində danışılan sazişin imzalanacağı tarix haqqında konkret fikir bildirmək çətindir:

“Təbii ki, biz Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli sazişin imzalanması istiqamətində davam edən prosesin nədən ibarət olduğunu bilirik. Burada cənab prezidentin bir fikrini xatırlatmaq istərdim ki, həmin sazişin imzalanmasında Azərbaycanın milli maraqları tamamilə nəzərə alınmalıdır.

Bu yöndə danışıqlar artıq bir müddətdir ki, davam edir və geridə qalan zaman kəsimində müəyyən məsafə qət olunub. Azərbaycanın əsas istəyi Avropa İttifaqının güc və imkanlarından asılı olmayaraq, imzalanacaq sazişdə bərabər tərəfliliyin təmin edilməsidir.

Ancaq təəssüf ki, sazişin imzalanmasının yubanmasında Brüsselin bu bərabərliyi pozan müddəalarla çıxış etməsinin çox ciddi təsiri var. Konkret desək, qarşı tərəfin Azərbaycana nələrisə qəbul etdirmək cəhdlərinə görə sözügedən saziş hələ də imzalanmayıb.

Avropa İttifaqında unutmamalıdırlar ki, Azərbaycan spesifik iqtisadiyyata malik olan, hələ gənc sayılan bir dövlətdir. Bu baxımdan, rəsmi Bakının ölkənin siyasi-iqtisadi maraqlarının nəzərə alındığı siyasət yürütməsi, sırf bu mövqedən çıxış etməsi təbiidir. Belə bir şəraitdə sazişin imzalanacağı tarix haqqında konkret fikir bildirmək çətindir.

Digər tərəfdən, “Şərq tərəfdaşlığı” proqramının digər iştirakçılarından fərqli olaraq, Azərbaycan nə Rusiyanın patronajlığında olan Avrasiya İqtisadi İttifaqına, nə də birmənalı şəkildə Qərb strukturlarına qoşularaq, Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanmasına üstünlük verdi. Bu kifayət qədər ciddi məqamdır və rəsmi Bakının müstəqil siyasət yürütməsinin göstəricisidir”.

A.Zeynalov

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv