!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın büdcə şəffaflığı: "Bu məsələyə lazımi səviyyədə nəzarət yoxdur" - ŞƏRH

!Reklam – Yazi

2021-ci ilin Açıq Büdcə İndeksi (Open Budget Index) açıqlanıb. Azərbaycan 120 ölkə arasında 44-cü yerdə qərarlaşıb. Ölkəmiz büdcə şəffaflığı üzrə 100 mümkün baldan 57 bal toplayıb. Metodologiyaya görə, 61 və daha yüksək bal toplamış ölkələrdə ictimai müzakirə üçün büdcə barədə kifayət qədər məlumatlar açıqlanır.

Büdcə şəffaflığı üzrə Azərbaycanın göstəricilərini dəyərləndirən iqtisadçı Eyyub Kərimli öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, Açıq Büdcə İndeksinin hesabatında ölkəmiz irəlidə olsa da, ümumilikdə, bir sıra çatışmazlıqlar hələ də mövcuddur:

“Əvvəlki göstəricilərlə müqayisədə hazırda irəliliyişin olduğu müşahidə edilir. 2019-cu ilin açıq indeks göstəricilərinə baxsaq, o vaxtı 35-ci yerdə idik. Hazırda 57-ci yerdə olmağımız bu sahədə şəffaflığın artırılmasının bariz nümunəsidir. Yəni indiki halda vəziyyət yaxşılaşıb. Lakin büdcə hesabatlılığında zəiflik, açıq informasiya şəffaflığı ilə bağlı vəziyyət ürəkaçan səviyyədə deyil. Bu gün hansısa büdcə məsələsinin formalaşmasında ictimai müzakirələrə və monitorinqlərə rast gəlmək mümkün deyil. Çünki bu məsələyə lazımi səviyyədə nəzarət yoxdur. Büdcə şəffaflığı nöqteyi-nəzərindən beynəlxalq standartlardan geridəyik. Bu gün hesabatlılıqla bağlı açıq informasiya əldə etmək çətindir. Düzdür, cəmiyyət büdcə xərcləri ilə bağlı aparılan islahatlarda elə də maraqlı deyil. Bu sahədə Milli Məclisin fəaliyyətinin aktivləşməsi təqdirəlayiq haldır. Çünki büdcə xərclərinin həm də parlament qarşısında hesabatlılığı olmalıdır.

Sevindirici haldır ki, son zamanlar büdcə xərclərinin şəffaflaşdırılması istiqamətində dövlət proqramları hazırlanır və “Dövlət satınalmaları haqqında” qanunda dəyişikliklər olub. İndiki halda büdcə xərcləri barədə məlumat almaq üçün sorğu göndərmək vacibdir. Sorğuya verilən cavabda isə göstəricilər şəffaf və açıq göstərilmir. Bu vəziyyətin qarşısını almaq üçün tənzimlənmə işləri həyata keçirilməli və bütün xərclər elektron formada nəzarətdə saxlanılmalıdır. Çünki ictimai iştirakçılığın mövcudluğu sosial rifahın artırılmasına və insanların ümumi maliyyə durumunun yaxşılaşdırılmasına xidmət edir”.

Gülşən Şərif

www.yenicag.az

620
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv