Azərbaycanın deputatları Ermənistandakı iclasa qatılmadı - SƏBƏB RƏSMİ İRƏVAN DEYİL
“İrəvanda keçiriləcək iclasda iştirak etməmək Ermənistanla yox, məhz Avronest Assambleyasının fəaliyyətinə verilən qiymətlə bağlıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, “Avronest” Parlament Assambleyasının nümayəndə heyətinin üzvü Asim Mollazadə deyib.
O, Azərbaycan parlament nümayəndə heyətinin Avronest Assambleyasının İrəvanda keçiriləcək 12-ci plenar iclasında iştirak etməməyinin səbəblərini açıqlayıb.
Deputat bildirib ki, əslində, Azərbaycanla yanaşı Gürcüstan da iştirakdan imtina edib:
“Bunun səbəbi məhz Avropa Parlamentinin bizə qarşı qərəzli fəaliyyətidir. Avropa Parlamentində elə qüvvələr var ki, onlar Azərbaycan-Ermənistan sülh prosesinə maneçilik törətmək istəyirlər. Onların məqsədi nədir və nəyə görə belə davranırlar? Çünki bir sıra Avropa ölkələrində yaşayan erməni icmasının nümayəndələri ilə sıx əlaqələri var. Eyni zamanda erməni lobbisi tərəfindən maliyyələşirlər. Ona görə də sülh prosesinin qarşısını almağa çalışırlar.
Avropada yaşayan erməni icması Ermənistanın daim müharibələrdə olmasında, problemlərlə üzləşməsində maraqlıdır. Çünki vəziyyətdən istifadə edərək öz maliyyə vəziyyətini yaxşılaşdırırlar. Yəni fondlar yaradırlar, hay-küy qaldırıb maliyyə toplayırlar. Türkiyənin prosesdə birgə iştirakı isə onların bütün planlarını pozur.
Məhz buna görə də Avropa Parlamenti tez-tez elə bəyanatlar verir ki, onların sülhün tərəfdarı olmadığı hiss olunur. Onlar konkret olaraq öz maliyyə maraqlarına görə erməni icmasına xidmət edirlər. Ermənistan və ermənilər isə sülh istəyir. Ermənistan rəhbərliyi sülh istiqamətdə Azərbaycanla birgə zəruri addımlar atır. Vaşinqton Memorandumu da bunu bir daha göstərir.
Avronest Assambleyasının öz fəaliyyətini bəzən mənfi istiqamətdə aparır. İrəvanda keçiriləcək iclasda iştirak etməmək Ermənistanla yox, məhz Avronest Assambleyasına verilən qiymətlə bağlıdır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












