Azərbaycanın ekoloji GÜNDƏLİYİ: BMT ilə əməkdaşlıqda YENİ MƏRHƏLƏ

media-hightechnic-468x90

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi fikirlər ölkənin ekoloji siyasətində yeni istiqamətlərin formalaşdığını göstərir. Dövlət başçısı çıxışında, xüsusilə Xəzər dənizində baş verən təhlükəli proseslərə diqqət çəkmiş və problemin yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıdığını vurğulamışdır

Prezident İlham Əliyev qeyd edib ki, Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşür və bu, ciddi ekoloji fəlakət riskini yaradır. O, yaranmış vəziyyəti yalnız iqlim dəyişikliyi ilə izah etməyin düzgün olmadığını bildirib. Bunun arxasında antropogen təsirlər, ekoloji balansın pozulması və təbii resursların qeyri-mütənasib istifadəsi dayanır.

Mütəxəssislər proqnozlaşdırırlar ki, mövcud tendensiyalar davam edərsə, Xəzər dənizinin səviyyəsi yaxın gələcəkdə daha da aşağı düşəcək; bu isə sahilboyu ərazilərdə suyun çəkilməsi, kənd təsərrüfatı və ekosistemlər üçün ciddi təhlükələr yaradacaq .

Prezident İlham Əliyev vurğulayıb ki, bu təhlükəli prosesin qarşısının alınması üçün Xəzəryanı dövlətlərin birgə səyləri vacibdir, çünki ekoloji problemlər sərhəd tanımır və yalnız regional əməkdaşlıqla həll edilə bilər

Azərbaycan uzun illərdir ki, ekoloji təhlükəsizliyi prioritet istiqamət kimi müəyyən edib. Xəzərin çirklənməsinin azaldılması, su ehtiyatlarının qorunması və bioloji müxtəlifliyin mühafizəsi üzrə bir sıra proqramlar həyata keçirilmişdir. Lakin mövcud vəziyyət göstərir ki, bu tədbirlər daha geniş miqyaslı regional əməkdaşlıq tələb edir.

Prezidentin çıxışında Azərbaycanın BMT ilə əməkdaşlığa hazır olması xüsusi vurğulanmışdır. Bu, ölkənin ekoloji problemlərin həllində beynəlxalq tərəfdaşlığa böyük önəm verdiyini nümayiş etdirir. BMT platforması, ekoloji problemlərin qlobal səviyyədə müzakirəsi və həlli üçün unikal imkanlar yaradır. Azərbaycanın bu təşkilatla əməkdaşlığa açıq olması həm ölkənin beynəlxalq nüfuzunu artırır, həm də ekoloji çağırışların həllinə daha geniş resursların cəlb edilməsinə şərait yaradır.

Prezidentin çıxışı göstərir ki, Azərbaycan ekoloji məsələləri yalnız daxili siyasət kontekstində deyil, həm də beynəlxalq təhlükəsizlik və davamlı inkişaf baxımından qiymətləndirir. Bu, ölkənin ekoloji gündəliyində yeni mərhələnin başlanğıcıdır.

Azərbaycan bundan sonra da həm regional, həm də qlobal səviyyədə ekoloji təşəbbüslərin fəal iştirakçısı olmağı, BMT ilə əməkdaşlıqda ekoloji məsələlərin ön sırada yer almasını hədəfləyir. Bu, Azərbaycanın beynəlxalq aləmdə məsuliyyətli tərəfdaş kimi mövqeyini möhkəmləndirəcəkdir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən ekoloq Rövşən Abbasov söyləyib ki, hər şeydə iqlim dəyişmələrini günahlandırmaq doğru deyil:

media-a6c2bc47-a749-399d-9bf2-eb2c9407aea2_825

“İqlim dəyişmələrinin təsiri olsa da, əsas səbəb deyil. Əsas səbəb Xəzərə gələn çayların, xüsusilə də Volqa çayının sululuğunun kəskin azalmasıdır. Bu isə ondan irəli gəlir ki, həm Rusiya ərazisində Volqa çayının suları həddən artıq götürülür və israf olunur, digər tərəfdən də ölkə ərazisində tikilmiş su anbarlarının sayı çoxdur. Buradan həm buxarlanma, həm də infiltrasiyalar baş verir. Bu da əlavə olaraq Xəzər hövzəsindən dənizə daxil olan suların miqdarını kəskin şəkildə azaldır”.

“Mən burada, xüsusilə onu vurğulamaq istəyirəm ki, Xəzəryanı dövlətlərin zirvə toplantılarında bu məsələ çox kəskin qoyulmalıdır. Hansı Xəzəryanı dövlətdən Xəzərə nə qədər su daxil olur və hər il nə qədər daxil olmalıdır – bu, razılaşdırılmalıdır. Həmçinin birgə komissiya yaradılaraq bu su daxilolmaları üzərində monitorinqlər təşkil edilməlidir. Monitorinqlər hər bir ölkənin ərazisində aparılsa da, bütün Xəzəryanı dövlətlər bu prosesə nəzarət etməli və ən azı monitorinqin nəticələri barədə davamlı olaraq məlumatlandırılmalıdır”, – deyə o, əlavə edib.

“Bu problemlərin həlli kimi mən əsasən Volqa çayı, Ural çayı və digər çay hövzələrində su götürmələrinin azaldılmasını və daha effektiv sudan istifadə texnologiyalarının tətbiqini görürəm. Bu, əlbəttə ki, Xəzərə gələn suyun həcminin artırılmasına kömək edər. Yenə deyirəm, bu, hər bir dövlətin suveren hüququdur. Lakin dövlətlər Xəzər Konvensiyası və ya digər razılaşmalar çərçivəsində öz üzərlərinə müəyyən öhdəliklər götürməlidirlər”, – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

Məsimə Məmmədova

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusuna uyğun olaraq dərc edilir.

media-medialogo

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa