Azərbaycanın əmək bazarında "xaos": "Qanun qadağan edir, şirkətlər isə "cins və yaş" seçir"
Əmək bazarında müşahidə olunan qarışıq vəziyyət həm iş axtaranlar, həm də işəgötürənlər üçün ciddi çətinliklər yaradır. Mövcud reallıqda vakansiyalarda qoyulan bəzi şərtlər isə bu vəziyyəti daha da mürəkkəbləşdirir.
Mövzu barədə Yenicag.az-a açıqlamasında insan resursları (HR) meneceri Röyal Əhmədov deyib ki, hazırda əmək bazarında qeyri-müəyyənlik hökm sürür:
“Hazırda əmək bazarındakı qarışıq durum həm iş axtaranlar, həm də şirkətlər üçün çətin vəziyyət yaradır. İş axtaranların qarşılaşdığı əsas problemlər elanlarda təklif olunan əməkhaqqının aşağı olması, iş şəraitinin ağırlığı, iş saatlarının uzunluğu və bəzi hallarda yaş, həmçinin cins kimi məhdudiyyətlərin qoyulmasıdır”.
Ekspert bildirib ki, qanunvericilik ayrı-seçkiliyi qadağan etsə də, vakansiya elanlarında bunun qarşısını alan konkret mexanizm yoxdur:
“Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən, cinsindən, irqindən və digər amillərdən asılı olmayaraq hər kəs bərabər hüquqlara malikdir. Lakin bu norma daha çox əmək münasibətlərini tənzimləyir. İş elanlarında ayrı-seçkiliyin açıq şəkildə qarşısını alan xüsusi bir mexanizm isə hələ də mövcud deyil”.
Onun sözlərinə görə, əmək bazarında “yaş və təcrübə paradoksu” da açıq şəkildə hiss olunur:
“Şirkətlər daha çox gənc kadrlar axtarır, lakin eyni zamanda onlardan yüksək iş təcrübəsi tələb edirlər. Gənclərin isə bu təcrübəni qazanmaq imkanları kifayət qədər məhduddur. Digər tərəfdən, yaşı çox olan şəxslər təcrübəli olsalar da, texnologiyanın sürətli inkişafı ilə ayaqlaşmaqda çətinlik çəkirlər”.
Röyal Əhmədov qeyd edib ki, bəzi sahələrdə cinsə görə seçimlər müəyyən qədər izah olunsa da, bu yanaşma hər zaman əsaslı olmur:
“Tikinti və istehsalat kimi fiziki güc tələb edən sahələrdə kişi namizədlərə üstünlük verilməsi başa düşüləndir. Xidmət sektorunda isə bəzən qadın namizədlər ön plana çıxarılır. Lakin bəzi hallarda bu seçimlər şirkətlərin obyektiv meyarlarına deyil, sadəcə daxili prinsiplərinə əsaslanır”.
Ekspert hesab edir ki, vakansiyalarda yaş və cins məhdudiyyətlərinin qoyulması müraciət edənlərin sayını ciddi şəkildə azaldır:
“Məsələn, hər hansı vakansiyaya uyğun 100 namizəd ola bilər, lakin yaş və ya cins məhdudiyyəti tətbiq edildikdə bu say 20-40 nəfərə düşür. Bu isə həm işəgötürən, həm də iş axtaran üçün mənfi nəticələr doğurur”.
Sonda o vurğulayıb ki, bu sahədə daha sistemli tənzimləmələrin tətbiqi əmək bazarındakı durğunluğu aradan qaldıra bilər:
“Bu məsələlərin qanunvericiliyə uyğun şəkildə daha dəqiq tənzimlənməsi əmək bazarında balansın yaranmasına və mövcud xaosun aradan qalxmasına kömək edə bilər”.
Samir Məcidov













