!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı alim: “Kədərə də, ağrılı taleyimin üzünə də gülümsəyib, qədərə meydan oxumuşam...” - FOTOLAR

!Reklam – Yazi

O, şəhriyarşünas-alim, filologiya üzrə fəlsəfə doktorudur. Bu günlərdə “XX əsr Güney Azərbaycan ədəbiyyatında poema janrı: inkişaf mərhələləri və problemləri” dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru titulunu qazanacaq.

1999-cu ilin 01 aprelindən etibarən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində çalışırır. Namizədlik dissertasiyası XX əsrin klassiki kimi tanıdığımız Seyid Məhəmmədhüseyn Şəhriyarın anadilli yaradıcılığı olub. O gündən bütün yaradıcılığını o taylı-bu taylı böyük Vətənin qoynunda yaranan ədəbiyyatın, daha çox Güney Azərbaycan ədəbiyyatının araşdırılmasına həsr edib.

Gözəl alim, məlahətli xanım, maraqlı müsahib, şair Əkbər Qoşalının təbirincə desək, “öz yaşına görə dünyanın ən gözəl qadını” olan Esmira Fuadın Yeniçag.az-a müsahibəsini dəyərli oxucularımıza təqdim edirik.

– Esmira xanım, uzun illərin tədqiqatçısısınız, ədəbiyyatda modern üsluba üstünlük verirsiniz, yoxsa?

– Ədəbiyyatda daha çox klassik üsluba üstünlük verirəm. Həmişə köklər üzərində yaranan ədəbiyyat qalıcı olur. Amma modern ədəbiyyatın da mükəmməl, daha poetik örnəklərini sevə-sevə tədqiq edirəm və oxuculara da sunuram ayrı-ayrı yazarların yaradıcılığı haqqında yazdığım məqalələrdə və tərtib etdiyim kitablarda… Fikrimcə keçmişlə bu günün, klassika ilə moderliyin vəhdəti bütün sahələrdə uğura yol açır, bu ortamda yaranan ədəbiyyat isə daha çox sevilir…

– Belə bir təsəvvür yaranıb ki, elmlə məşğul olan xanımlar quru, cansıxıcı və maraqsız olurlar…

– İnsanın iç dünyasına enmədən, ruhsal aləminə bələd olmadan bunu bilmək mümkün deyil. İstənilən peşə ilə məşğul olan insanın iç dünyası var. Alim həmkarım Rəhim Əliyevin fikrincə, ən seçkin qadınlar məhz ədəbiyyatçı, filoloq olurlar… Əlbəttə, söhbət elm sahəsində çalışan bir qadından gedirsə, təbii ki, elm onun həyatının əsas hissəsini təşkil edir. Amma o eyni zamanda, həm də bir ana, qadın, dost, ən önəmlisi, İnsandır. Düşünürəm ki, adına qadın dediyimiz varlıq hərtərəfli olmalıdır. Bu, öz yerində, ancaq səmimi etiraf edim ki, özümü həsr etdiyim sahə-ədəbiyyat, söz dünyası olmasaydı, mən Esmira Fuad olduqdan sonra, bunca mənəvi ağrıya tab gətirə, yaşaya bilməzdim. Ədəbiyyat, söz sənəti mənim üçün hava, su, nəfəs kimidir. A. Məsudun sözləri ilə desəm, ağrını candan çıxarmaq vasitəsidir. Bir əsər üzərində işləyirəm, hansısa mövzu ilə bağlı araşdırma aparıram, içim həmin əsərdə təsvir edilən olayların etkisi ilə dopdolu olur. O araşdırma bitəndən sonra, sanki bir boşluğa düşürəm, ta yeni bir əsərə başlayana qədər…

– Bax indi, içinizdə bir boşluq var, yoxsa?

– Qətiyyən, əksinə, işlərim çoxdur. Hazırda Güneyin modern şairi Rəsul Qədirinin “Tanrı bilsin, bir də könül” adını verdiyim şeirlər toplusunu çapa hazırlamışam və həmin topluya 25 səhifəlik ön söz, o tayda işlənən, bu tayın
oxucusuna aydın olmayan bəzi sözlərə izah yazmışam. Onun toxunduğu mövzuları ədəbi müstəviyə gətirərək təhlil süzgəcindən keçirmişəm. Məsud Harayın, Kiyan Xiyavın, İsmayıl Ülkərin, Əziz Səlaminin, Hümmət Şahbazinin əsərlərini də bir araya gətirmişəm və çap etdirmək amacındayam. Rəsul bəyin hekayələrindən ibarət toplu, Vali Gözətənin “Qarabəylilər”, “Köç gecəsi”, “Qış şöləni”, “Qırğın gecəsi”, “Turan”, “Bakıda”, “Təbrizdə”, “İmişlidə”, “Daşqapıda” bölümlərindən oluşan “Doqquzlar” romanı, Rza Bərahaninin “Yurdumun sirləri” və M.T.Zehtabinin “Əski İran türklərinin tarixi” iki cildlik möhtəşəm əsərləri də bu sıradadır.

Həyatdan çox erkən – 51 yaşında köçən elmi rəhbərim Nazim Rizvanın nəşr olunmamış əsərlərini – “Yarımçıq vüsal”, “Anam Xəzər” və “Kitabxanaçı qadın” poemalarını da çap üçün yayın evinə təhvil vermişəm. Şəhriyarla bağlı namizədlik dissertasiyam üzərində işləyəndə o mənə mənəvi dəstək olub, əsl elmi rəhbər kimi doğru yol göstərib.

Nazim müəllim Şəhriyarı çox sevərdi. Dissertasiyam onun ruhunu o qədər oxşadı ki, prosesi özündə ehtiva edən bir şeir yazdı və məni yeni-yeni tədqiqatlar aparmaq üçün ruhlandırdı. O deyirdi ki, Şəhriyarın xəyal qanadlarında o qədər yüksəkliklərə uçursan ki, intəhasızlığa gedib çıxırsan. En göylərdən, ayağını yerə bir qədər bərk bas… Sonra da etiraf edirdi: – Axı, Şəhriyardan başqa cür yazmaq da mümkün deyil…

– Tədqiq arenanızda ustad Şəhriyarın xüsusi yeri var, ümumilikdə isə Güney və Quzey ədəbiyyatının araşdırmaçısı kimi tanınırsınız. Yəqin ki, Şəhriyarı duymayan adamla söhbətiniz heç alınmaz…

– Düşünürəm ki, Şəhriyarı sevməyən, heç olmasa “Türkün dili”, “Dərya elədim” kimi şeirlərini, “Heydərbabaya salam” poemasını duymayan bir türk, ədəbiyyatsevər yoxdur. Çünki Şəhriyarın əlyazma şəklində yayılan “Heydərbabaya salam” poeması məhz Azərbaycanın – Uluyurdun səsi deməkdir.

– Maraqlıdır, üzünü belə görmədiyiniz, bunca tanıdığınız və tanıtdırdığınız Şəhriyarı heç yuxuda görmüsünüzmü?

– Ustadı iki dəfə yuxuda görmüşəm. İlk dəfə əsərlərini toplayıb kataloqlaşdırmağa başlayanda gördüm. Böyük bir köşkdə üləmaların iştirak etdiyi möhtəşəm bir şeir məclisi qurulmuşdu. Mən onunla yanaşı idim, qoşa oturmuşduq. Bəyaz bir gecəydi, səmada ay, ulduzlar elə aydın görünürdü ki!.. Bədrlənmiş ayın işığı ətrafı nura boyamışdı. Hər tərəfi portallarla əhatələnmiş digər köşkdə isə gənc qələm sahiblərinin şeir məclisi qurulmuşdu. Portaldan köşkə giriş hissədə balaca Təbriz kökələri ilə dolu səbətlər qoyulmuşdu. Üst-üstə qoyulmuş dörd səbətin içi o kökələrlə dolu idi. Gənclər şeir deyir, hərdənbir həmin kökələrdən götürürüb yeyirdilər. Şəhriyar da onlara qəribə nəzərlərlə baxırdı. O kökələrdən birini də mən götürmək istədim, ancaq əlimə bir deyil, dörd kökə bitişik gəldi. Eləcə əyilmiş halda Şəhriyara baxdım ki, onun reaksiyasını öyrənim. Üzümə gülümsədi və başının hərəkəti ilə razılığını bildirdi. Yuxunun yozumuna görə, mən artıq onun xeyir-duasını almış oldum. Ancaq dörd çörək həm də o demək idi ki, Şəhriyarın IV cildlik divanını – külliyyatını da çap etdirməliyəm. Onun Qüzey Azərbaycanda tərcümə olunmamış və yayılmamış əsərlərini küll halında oxuculara sunmalıyam. Bununla bağlı güneyli mütəxəssislərlə danışıqlar da aparmışam və artıq işə başlamışıq… İkinci dəfə şairi İstanbuldakı Topqapı Türk Kültür evlərində (Kültür A.Ş.) “Peon Atlantis” yayın evində Türkiyə türkcəsində çapdan çıxmış “Muhammed Hüseyin Şehriyar – Yaşamı, ortamı, eserleri” monoqrafiyamın imza gününün keçirildiyi günün axşamı gördüm. Tədbirdən sonra həyat yoldaşım Aslanla evə getmək üzrə idik. Maşınımıza əyləşmişdik ki, ustad, tam yaşlanmış halında, əlində çəlik gələrək başını maşının pəncərəsindən içəri uzadıb dedi: – Məni də apararsuz?

– O halda Şəhriyarı bizə daha yaxından tanıdın…

– Olduqca humanist insan olub Doktor Seyid Məhəmmədhüseyn Behcət Təbrizi Şəhriyar… Mükəmməl, orijinal qəzəlləri, dərin mənalı şeirləri və dolğun məzmunlu poemalarına görə çox sevilib, təkcə Azərbaycanın deyil, bütün İranın, həmçinin Türk dünyasının iftixarı olub və dövrünün Hafizi, Sədisi kimi dəyərləndirilib, sağlığında ikən ustad sayılıb. Böyük eşq acısı yaşayıb, sevgilisi Sürəyya-Pəri əlindən alınıb, şahın qohumuna zorla ərə verilib. Sürgünə göndərilib uzaq Nişabura. Nakam sevgisinə 28 il yas saxlayıb şair. 28 ildən sonra qohum-əqrəbanın təkidi ilə bibisi nəvəsi Əzizə xanımla evlənib. Təəssüf ki, şəxsi həyatında xoşbəxt günləri çox az olub, Əzizə xanım da gənc ikən infarktdan dünyasını dəyişib və dərdli şair ömrünün sonuna qədər tənha yaşayıb, anasız qalmış üç övladını – Hadi, Şəhrzad və Məryəmi min bir zillətlə böyüdüb… Bir sözlə, ömrünün son beş ilini isə əsl dərviş həyatı yaşayıb.

– Demək ki, eşq acısı onun böyük şair olmasına təsirsiz ötüşməyib?

– Sevincdən şair olmurlar ki, şairi şair edən eşq acısı, böyük dərdlər, yaşadığı əzablar, üzgünlük və kədər olur… Fikrimcə, eşq həyatda insanın yaşam qaynağıdır, elə kədərin özü də bəzən bu qaynağa dönüşür. Dərdlərinə minnətdar olan neçə-neçə söz adamı tanıyırıq. İnsanı İNSAN-a çevirən kədərdən, dərddən danışırıq təbii ki…

– Yəni, sevgi mütləq evliliklə bitməyə də bilər, bunumu demək istəyirsiniz?

– Cinsəl sevgi sonucda evliliklə bitə, ya da bitməyə bilər. Birinə bəslədiyin öləsiyə sevgi güclü nifrətə də çevrilə bilər. O çox qısa bir sürədə yaşanıla, hətta yarım da qala bilər. Bir də ki, Q.Q.Markesin təbirincə desək, bir ilişki, “eşq bitdi deyə kədərlənmək deyil, yaşandı! – deyə sevinmək gərəkir. Yaşadığı o böyük eşqlə, sevgili ilə bağlı xatirələr də sevən insana kifayət edir… Axı, kimisə sevmək, onun ruhunun öz ruhunda qaynayıb-qarışdığını görmək bambaşqa, hər kəsə nəsib olmayan çox ali bir hiss, qeyri-adi duyğudur. O adam, sevdiyin kəs daim bardaş qurub oturur sənin ruhunun tən ortasında. Sənin heç səsin, cınqırın da çıxmaya bilər, onunla heç danışmazsan belə, amma o adam hər anında səninlədir, onunla dərdləşir, duyğularını paylaşır, tövsiyələrini dinləyirsən. Əslində sevməyi bacarmaq özü bir fədakarlıqdır. Fədakar olmayan, sevdiyi uğruna canından keçməyi gözə almayan insan o ali duyğunu yaşaya bilməz. Görürsünüz, yalnız Vətəni, ana yurdu canından çox sevən cəsarətli, mərd adamlar qəhrəman olurlar. Qorxaqlar qəhrəman ola bilməzlər. Çünki qorxaqlar müəyyən durumlarla üzləşdikdə hər gün ölüb-dirilər, igidlər, mərdlər isə bir dəfə ölərlər və ardınca qosqoca tarix qoyarlar. Allah çox sevdiyi bəndələrinə o ali duyğunu, doğma yurd eşqini bir hədiyyə kimi göndərir. Mən sevginin cinsəl olaraq, yəni qarşı cinsə məxsus fərdlərlə məhdudlaşdırılmasının tərəfdarı da deyiləm… Sevmək daha böyük bir anlamdır.

– Amma bu gün əvvəlki sevgilər daha yoxdur, deyə çoxları gileylənir…

– Əvvəllər kiçik şeylərlə xoşbəxt ola bilirdi insanlar, indi isə hər şey var, ağır fiziki əməklər mexanika sayəsində xeyli asanlaşıb. Ancaq bütün ehtiyaclar əsasən ödənsə də xoşbəxt ola bilmir bir çoxumuz. Sadəcə, insanlar arasında ülvi hisslər, bir-birinə dəyər vermək, sədaqət, etibar azalıb, əksinə, paxıllıq, qısqanclıq, bir-birini gözü götürməmək, hərislik kimi hallar artıb…

– Bəs Şəhriyar nə deyirdi bu yerdə?

– Şəhriyar həyatda sevginin ən alisini, öləsiyə eşqi yaşayıb, amma təəssüf ki, sevgilisinin vüsalına yetə bilmədiyindən kədərin də ən dərinini yaşayıb… Qəlbində heç vaxt silinməyən, öləziməyən eşqini dəfələrlə nəzmə çəkib. “Getmə, tərsa balası” qəzəlində isə sevdiyinə duyduğu böyük eşqi vəsf etməklə yanaşı, keçən əsrin hələ 60-cı illərində Azərbaycanda var olan tolerantlığın da poetik örnəyini yaradıb, İslam, Xristianlıq və İudaizm dinlərinin peyğəmbərlərini İsa, Musa və Məhəmməd (S.Ə.) – bir araya gətirib:

İzn ver toy gecəsi mən də sənə dayə gəlim,
Əl qatanda sənə məşşatə, təmaşayə gəlim.
Sən bu məhtab gecəsi seyrə çıxan bir sərv ol,
İzn ver məndə dalunca sürünüb sayə gəlim.
Mənə bir baxdın o şəhla gözilən, mən qara gün,
Cürətim olmadı bir kəlmə təmənnayə gəlim.
Qıtlığ illər yağışı tək, quruyub göz yaşımız
Kuyi-eşqində gərək bir də müsəllayə gəlim.
Sən də səhrayə marallar kimi bir çıx, nolu ki,
Mən də bir seyrə çıxanlar kimi səhrayə gəlim.
Allahından sən əgər qorxmayıb olsan tərsa,
Qorxuram mən də dönüb dini-məsihayə gəlim.
Şeyx Sənan kimi donquz otarıb illərcə,
Səni bir görmək üçün məbədi-tərsayə gəlim?
Yox sənəm! Anlamadım, anlamadım, haşa mən,
Buraxım məscidimi sənlə kəlisayə gəlim.
Ya sən islamı qəbul eylə, mənim dinimə gəl,
Ya da təlim elə mən məzhəbi-İsayə gəlim.
Gəl çıxaq Turi təcəllayə, sən ol cilveyi tur,
Mən də Musa kimi ol turi təcəllayə gəlim.
Şirdir Şəhriyarın şeiri, əlində şəmşir,
Kim diyər mən belə bir şir ilə davayə gəlim.

– Hər kəsin qəlbinin 40-cı qapısı var. Sizdə o qapı kilidlidi, yoxsa açıq?

– Açıqdır…

– Paylaşmağı xoşlayırsız?

– Əlbəttə, elə bir gizlinim də yoxdu, hər şey göz qabağındadı. Bəli, çoxlarından fərqli olaraq paylaşmağı sevirəm və bəzən də bunun acısını yaşayıram. Dostlarım-rəfiqələrim var, onlarla danışıb paylaşanda içim rahatlanır. Həyatda çox acılar yaşamışam. Amma mən heç vaxt yazıq, çarəsiz, gücü göz yaşlarına çatan zəif, dərdli bir qadın kimi görünmək istəməmişəm. Kədərə də, ağrılı taleyimin də üzünə gülümsəmiş, qədərə meydan oxumuşam. Etiraf edim ki, bunu bacarmışam da… Bu gün həsəd aparılacaq dərəcədə xoşbəxt və güclü qadın kimi görünə bilirəm… Çox zor olan bu durumda yanımda olmağı bacaran, dayağıma çevrilə bilən, məni anlayan, dəyər verən soydaşlarıma o qədər minnətdaram ki!.. Bilirsiniz, sevinci paylaşanda artır, qəmi, kədəri paylaşanda azalır… Bu məqamda ölməz şairimiz Bəxtiyar Vahabzadənin misraları xatırlanır:

Bir günəş bəsindir, pərişan olma,
Sənin yüz Kür qədər göz yaşın olsa.
Min dərd hücum etsə, ürək, sıxılma
Bir nəfər dərd bilən sirdaşın olsa…

Və sevgili Cəfər Cabbarlının bu misraları gəlib düz sənin qolçağına dönüşür:

Axan çaylar, sən kiminsən? -Mənə körpü salanın!
Doğan günəş, sən kiminsən? -Məndən işıq alanın!
Sonsuz fəza, sən kiminsən? -Məndə qanad çalanın!
Həyat, söylə, sən kiminsən? -Mən həyatı öyrənənin, bacaranın, alanın!

Həyat mübarizləri, risk edənləri, hər maneənin, əngəlin qarşısında özünü itirməyib pəs etməyənləri sevir və ayaqda saxlayır, yaşadır… Məni əymək, sındırmaq mümkünsüzdür…

– Acılarınızı bizimlə bölüşərdinizmi?

– Həyat yoldaşı, oğul, ana, bacı, iki qardaş itkisi yaşamışam. Elə ömür-gün yoldaşını ki, bütün ömrü boyu tək məni sevib, necə sevib, necə dəyər verib, bu, başqa söhbətin mövzusudu… Aslan dünyasını dəyişəndən sonra kiçik qaynım onun üç mərasimi günü içinin öfkəsini bu kəlmələrlə dindirdi: – Esmira, Sənin yeganə xoşbəxtliyin Aslanın Səni dəlicəsinə sevməsi idi. Əslində bu sözlər həmin an içimdə dilimdən çıxan bəzi cavablarla yanaşı, bu cavabı doğurmuşdu: – Bir qadın özünü bir kişiyə dəlicəsinə sevdirə bilirsə, əlbəttə, nə mutlu ona… Və sirr deyil ki, dəlicəsinə sevilmək səadəti məhz özəl qadınların qismətinə yazılır…

Torpaqlarımızın itkisi, gülləbaran edilmiş, yerlə yeksan edilmiş yurd yerlərimizi, zorlanmış ana-bacılarımızı, körpə qızlarımızın yerə-göyə sığmayan dərdini də şəxsi dərdlərim sanmış, öz içimdən keçirib yaşamışam. Onları görəndə varımdan yox olmuşam və özümü məğlub xalqın (hələlik!!!) qızı kimi çox bədbəxt hiss etmişəm. Erməninin Azərbaycan türkünün qəlb evindən vurması, bunu bacarması bəzən bütün həyat eşqimi söndürüb. Çox ağır gəlib mənə bu dərd… Xocalının Ermənistan ordusu və Rusiyanın motoatıcı diviziyası tərəfindən işğalından, bir şəhərin bir gecədə yer üzündən silinməsindən sonra hər gecə yatıb səhər yuxudan oyandıqda öz-özümə deyirdim ki, Allahım, demək mən bu gecə də ölmədim, ayıldım? Yəni, 1992-ci il fevralın 25-dən 26-na keçən gecədən, Xocalının işğalından sonra qürurumun sındığını, mənliyimin xırpalandığını düşünürdüm günlərcə… İnanın, bu sözlər kimlərinsə xoşuna gəlmək, ucuz reklam xatirinə dilə gələsi sözlər, fikirlər deyil, içimdən gələn ən səmimi etiraflarımdı… Bütün müqəddəslərə and olsun ki, mən bu gün də həmin əqidədə qalmışam. Biz Qarabağsız xoşbəxt xalq ola bilmərik, deyilik də… yarımçığıq… Gülüşlərimiz belə hıçqırıq kimidi… Amma hələ keçən əsrin 90-cı illərində cəbhəyə düşmənlə döyüşə aparılarkən Kürdəmirdə, Hacıqabulda avtobusdan düşüb qaçan, aylar boyunca o qohumun, bu qardaşın evində gizlənən, sonra da odlu-odlu Vətəndən, vicdandan, yurd sevgisindən, özünün də anlamadığı fəlsəfədən boş-boş qırıldadanları, öz keyfiyyətsizliklərini unudub başqalarına qeyrət dərsi vermək iddiasında olanların bəzilərini şəxsən tanıyıram və hallarına acıyıram…

– İstəməzdim, yubileyniz ərəfəsində sizi kövrəldim. Gəlin evdarlığınızdan danışaq. Mətbəxlə aranız necədir? İstəyrdim bir alim xanımı daha yaxından tanıyım və tanıdım…

– Belə deyirlər ki, alim qadınların əksəriyyətinin mətbəxdə keçirdikləri vaxta heyfləri gəlir. Bu vaxtı itirilmiş zaman sayırlar. Amma mən belə düşünmürəm. Bir qadın ilk öncə evinin xanımı olmalı, mətbəxdə ən gözəl yeməkləri bişirməyi, yüksək zövqlə süfrə açmağı bacarmalıdır. İnanın ki, ən ali məqama yetmiş bir kişi üçün də ən böyük zövq sevib dəyər verdiyi qadının ona diqqət göstərməsi, öz əlləri ilə sevə-sevə bişirdiyi yeməyi onun qarşısına qoymasıdı… Mənə elə gəlir ki, məhz bu zaman ən böyük zövq, duyğu yaşanır. Yoldaşım da ən dadlı yeməkləri məhz mənim bişirdiyimi sanardı və etiraf da edərdi… Eh, nə isə…

– Hansı yeməyi daha dadlı bişirirsiniz?

– Mən bütün yeməkləri bişirə bilirəm, amma hazırda qızım və oğlumun xoşladığı yeməkləri bişirməyə daha çox önəm verirəm. Onların ən çox sevdiyi yeməklər isə plov, özü də döşəməli, dovğa, aşılanmış buğda şorbası, dolma, küftə, kotlet, ləvəngi, qovurma və s.-dir. Deyilənə görə, əlimin dadı-duzu da var. 2009-cu ildə ATV kanalında Zaur Baxşəliyevin “Yağ kimi” verilişində alim xanımları təmsil etmişəm və yarışın şərtlərinə uyğun olaraq üç saat ərzində bişirdiyim şirniyyat və yeməklər – çuğundur salatı, içərisinə xırda-xırda xiyar turşusu qoyub sobada bişirdiyim lülə, küftə, döşəməli plov və badamburaya görə qalib olmuşam. Amma bədii hissədə Azərbaycan bayrağını qonaqlarımın olduğu zala gətirməyim, ay-ulduzlu, üçrəngli bayrağımızın altında Güneyimizin ünlü şairi Əli Daşqının milli bayrağımıza həsr etdiyi “Mən səni öylə sevdim ki!..” şeirini deməyim, çay süfrəsini Azərbaycanın xəritəsi nəqş olunmuş şokoladla simvolik olaraq bəzəmə-yim, toy adətlərimizdən olan “Şax bəzəmə”yim, milli musiqi və rəqslərimizin nümayişi də bu qələbədə az rol oynamadı.

– Xanım olaraq özünüzə çox vaxt ayırırsınız?

– Ayırıram, amma o qədər də yox. Ancaq bu düşüncədəyəm ki, qadın evdə də gözəl görünməli, səliqəli, zövqlü geyinməlidi…

– Qarderobunuzda əlvan rənglər üstünlük təşkil edir, yoxsa, boz, qara?

– Bir qadın imkan daxilində qarderobunu daim yeniləməlidir. Hətta köhnə geyimlərinə də əl gəzdirib yeniləməyi bacarmalıdır. Qara, mavi, ağ və lacivəd rəngli geyimlərim çoxdu. Ancaq ən çox sevdiyim rəng mavidir. Bəlkə də ruhən türk olduğumdan, həm də Türklüyü sevdiyimdəndir mavi rəngə bu dərəcədə bağlılığım, hətta bayılmağım… Məlum səbəblər üzündənsə uzun zaman qara rənglərə üstünlük vermişəm.

– Bəs idman üslubunu necə, sevmirsiniz?

– İdman üslubunun da öz yeri var. Hər iki üslubu sevirəm. Ancaq qəti bir qənaətim var: Mənə nə yaraşırsa, hansı üslubda geyinəndə daha cazibədar görünürəmsə, həmin üslub gözəldir və mənim dəbimdir… Moda xatirinə nə gəldi geyinib əcaib görünməkdənsə, sadə və yaraşan paltarı geyinib gözəl və çəkici görünmək daha yaxşıdır.

– Hansı xüsusiyyətinizdən zəhləniz gedir?

– Bəzən tənbəl oluram və bu xüsusiyyətimə qarşı üsyan edirəm. Əlacım olsa, gecə də yatmaz, işləyərəm. Yuxuda olduğum vaxtları itirilmiş zaman kimi qəbul edirəm. Bəzi hallarda hansısa durum barədə məntiqli sözüm, cavabım olur içimdə, amma dilimə gətirmirəm və sonra peşiman oluram. Bu zaman içimdə özümün özümlə savaşım başlayır. Bu cəhətimə qarşı üsyan etsəm də, belə hallarım hələ də olur…

– Bəs üstün hesab etdiyiniz xüsusiyyət?

– Çox fəal görünürəm. Pozitiv, güclü insanam. Həmkarlarım bu nüansı özəlliklə vurğulayırlar ki, məndən ətrafımdakılar yalnız müsbət enerji alırlar. Bir də axı, mən öz dərd yükümlə qarşımdakıları niyə yükləməli, onların gününü zəhər etməliyəm? Bu haqqı mənə kim verib? İşgüzarlığım da var, işləməyəndə özümü gərəksiz insan sayıram. Kiminsə yaxasından asılmağı, ondan mərhəmət, sevgi, şəfqət dilənməyi, nələrsə xahiş etməyi qətiyyən sevmirəm… 2016-cı ildə Güney Azərbaycan ədəbiyyatı ilə bağlı 5 kitabım işıq üzü gördü. 13 illik zəhmətimin bəhrəsi idi bu kitablar və yayınlanması bir ildə baş verdi, sadəcə, ustad Şəhriyar haqqında yazdığım monoqrafiya Tehranda əski əlifbada təkrar yayımlanmışdı. Düşündüm ki, Aslanın ölümündən sonra, məhz həmin ildə bu kitabların nəşri və gözəl sunum toplantısının keçirilməsi uca Tanrımın mənə böyük lütfü, hədiyyəsi idi… Ovudurdu qədərinə bəlalar yazdığı bəndəsini… Qarşıma anlayan, dəyər verməyi bacaran insanları çıxarmaqla ödülləndirirdi…

Məndə orta hədd yoxdur, maksimalistəm. Gölgədə qalmağı da sevmirəm. “Ya hər şey, ya də heç nə” yaşam prinsipimdir .

– Məğlubiyyəti qəbul edirsinizmi?

– Heç vaxt. Ona görə də məğlub olmamaq uğrunda mübarizə aparıram, əgər hansısa bir yenilgim olarsa, o zaman özüm-özümə divan tutur, içimdə özümə vicdan məhkəməsi qururam. Gün ərzində nə etdiyimin, nələr danışdığımın, haqlı, yaxud haqsız olduğumun haqq-hesabını aparıram… Yanlış yapmayan bircə əlahəzrət Tanrıdır, deyilmi?

– Adətən uğurlu insanların paxıllığını çəkənlər də çox olur. Daim öndə olmağınız, uğurlarınız ətrafınızdakılarda paxıllıq hissi yaradırmı?

– Üzümə o qədər gülənlər var ki… Amma mən onların əksəriyyətini səmimi qəbul edirəm. Çünki çoxu gerçəkdən səmimi, gözəl insanlardır. Son illərdə qadın həmkarlarım içərisində sevənlərimin sayı elə sürətlə artıb ki, özüm belə şaşırıb qalıram. Cavidə xanım, Fəridə xanım Vəlixanlı, Fəridə Əzizova, Gülər xanım, Səfurə Quliyeva, Sevinc Ağayeva, Dilarə Adilova, Aytən Rüstəmzadə, Rasta, Samirə, Gülnar, Xədicə kimi xanımlarımızın (adlarını çəkə bilmədiklərim lütfən bağışlasınlar) ürəkdən gələn xoş sözlərini eşitdikdə qürur hissi keçirir, sevinirəm. Etdiklərimi, hətta qohumlar arasında təkrarlayanlar və qısqananlar da var. Hansı sahədə uğur qazansam, o sahəyə meyl edənlərin də sayı artır. Hətta dissertasiya mövzusu götürüb müdafiə etmək eşqinə düşənlər də olub və bu gün də var… Axı, bu yol elə də asan gedilən yol deyil, ona görə də bir azdan vaz keçiblər…

– Reaksiyanız necə olur bəs, bu sizi qıcıqlandırırmı?

– Bəzən qıcıqlandırır, əksərən də yox. Bəzən gülüb keçirəm. Belə halları görməzdən gəlirəm. Bir az yuxarıdan baxıram, onda asan olur.

– Gözə, nəzərə inanırsınızmı?

– Deyəsən, mən Tanrının sevdiyi bəndələrdənəm, çünki çox şükür Yaradanıma, bəd nəzərlər mənə təsir edə bilmir. Axı, mən həyatda çox ağır bədəl ödəmişlərdənəm həm də… dini kitabımız Qurani-Kərimdə də var ki, özünü nəfsdən və ipə düyün vurub üfürən qadınların şərindən qoru! Oğlum Fuadı 19 yaşında itirəndə anladım ki, nəfs var. 2002-ci ildə, əsgərlikdən icazəli evə gələrkən qəzaya düşdüyü gündən beş gün əvvəl onunla toyda idik. Aslan təbrik sözü dedi, sonra mənim havamı çaldırdı. K.Kərimovanın “Yar başına dönüm sənin” mahnısını… və qarşıma gəlib rəqsə dəvət elədi, Fuadım həmən ayağa durdu və həmişə olduğu kimi, mənim sevimli partnyorum oldu, çünki o da gözəl rəqs edirdi. Qolboyun olub oynadıq, məclisdə olanlarıın çoxunun gözü bizdə idi. Ortada rəqs edənlər bizlər idik çünki… Onunla biz təkcə ana-bala deyil, illərin sınağından çıxmış güvənli, son dərəcə səmimi dostlar kimi idik… Eyni rəqs hərəkətlərini o qədər məharətlə edir və hər şeyi unudaraq meydan boyu elə süzürdük ki, sanki dünyanın bəxtəvəri idik, qoşa şəklimiz də var. Bu, bir gerçəkdir, çünki Fuaddan sonra yaşamımda hər şey dəyişdi, hətta ağız dadım belə… O bəxtəvər günlər sona yetdi… Həmin toyda kənardan həsəd dolu baxışları gördüm. Mən onun ölümündən sonra alın yazısına daha çox inandım. Mən yaşamaq istəmir, yalnız ölməyi və tezliklə ona qovuşmağın yollarını düşünürdüm. İnandım ki, insan Tanrının izni olmasa, dünya dağılsa belə, öz istəyi ilə ölə bilməz. İnsana bəxş edilən nəfəs belə sayılıdır…

– Qarşıdan yubileyiniz gəlir, yaş üstə yaşın gəlməsi sizi qorxutmur ki?

– İstər kişi, istər qadın, fərq etməz, içində yaşlanmaqla bağlı bir xof daşıyır, ona görə də yaşlandıqca gənc görünməyə çalışır…

– Fransızlar deyir, qadın şərab kimidir, yaşlandıqca dəyərini artırır…

– Onlar bunu sədaqət anlamında deyirlər. Yaşlandıqca bir-birinə daha çox öyrəşən, həyatında önəm daşıyan cütlüklərin bir-birini itirmək qorxusu daha çox olur. Yaşlı insanlar bir-birinə daha çox bağlanır, ayrılıqda yaşaya bilməyəcəklərini düşünürlər. Axı, qu quşları kimi, gerçəkdən ayrılıq mahnısı çalınan cütlüklərin bəzən bir-birindən ayrı yaşaya bilmədikləri ilə bağlı faktlar da var…

– Bu, fransız kişilərinin gəldiyi qənaətdir, bəs Azərbaycan kişiləri necə düşünür sizcə?

– Nə qədər hüquqlarımızı əlimizdən alsalar da, öz millətimin kişiləri də, qadınları da bir-birinə çox dəyər verirlər. Təbii, mən bu adı daşımağa layiq olanlardan danışıram… Güney Azərbaycanda qadın ailədə azaddır. Kişi qab yuyur, ev işləri görür, qadına hər işdə kömək edir. Bizim qadınlar bundan xalidir, amma onlar da daha çox cəmiyyətdə azaddırlar. Əslinə baxsan, heç istəmərəm ki, kişi də mənimlə məbəxdə qab yusun, paltar ütüləsin, masaya yemək gətirsin. Həyat yoldaşım təzə ailə qurduğumuz vaxtlarda, bir dəfə mənə kömək etmək istədi. Dovğa bişirirdim, çömçəni əlimdən alıb buladı. Kiçik baldızım təəccüblə dedi ki, ayyy, baxın, Aslan dovğa bulayır. Həmin dəqiqə çömçəni bir kənara qoydu və bir daha ev işlərində mənə kömək etmədi… Amma nə olur-olsun, millətimizi təmsil edən kişilər də, qadınlar da başqalarından fərqlidi… Qızım Türkiyədə təhsil alır, hər dəfə onunla içdən, qəlb söhbəti etdiyimiz vaxt bu cümləni özəlliklə təkrar edir, ana, öz xalqımız kimi yaxşı xalq yoxdur…

– Deyirlər, qadın hansı yaşda görünürsə, elə o yaşdadır. Çox məlahətli xanımsınız…

– Əkbər Qoşalı Elektron akt zalımızdda Türk dünyası şairlərinin görüşü zamanı mənə: “Öz yaşında dünyanın ən gözəl qadını” deyə bilərəm Sizə, lütfkarlığını etdi və belə bir sual verdi: – Həmişə təravətli qalmağın bir sirri, düsturu var bəlkə, biz bilmirik, deyə bilərsinizmi?

– Cavabım kəsə oldu: heç kəsin paxıllığını çəkib ürəyi yükləməmək, bacardıqca yaxşılıq etmək, dostların uğuruna sevinmək, evdə qonaq qarşılamaq, tənbəlliyin daşını atmaq…

– Ədəbiyyatda sevdiyiniz obraz varmı?

– Mən ruhən feministəm. Qəhrəman və duyğusal qadın obrazlarını çox sevirəm. “Qılınc və qələm” əsərində Qətibə obrazı sevdiyim obrazlardandır. Sükut obrazını da çox sevirəm. Sükutun içində o qədər böyük nəsnələr gizlənir ki! Baxışlar danışırsa, sözə ehtiyac qalmır, lal baxışlar vasitəsi ilə insan insana enerjisini ötürə bilir, o qədər geniş, böyük mənalar ifadə edir ki!..

– Gözəl xanımsınız. Deyirlər sevgi qadını gözəlləşdirir?

– Eləmi? (gülür)

– Bilmirdiniz ki?

– Yoo, çox yaxşı bilirəm bu gerçəyi… Mən də sevirəm – insanları, həyatı, işimi, ailəmi, dostlarımı, yaşadığım evi – elə bilirəm dünyanın ən huzurlu, ən rahat, ən gözəl yeri evimdir…

– Mən Elza Seyidcahan kimi gülü, çiçəyi, dağı-daşı, heyvanları demirəm. Qadın sevgisindən danışıram.

– Mən axı dedim, sevdiyim bir obraz da var – Sükut… Ruhu şad olsun böyük Cəfər Cabbarlının:
Mən susmaz bir duyğuyam ki, ürəklərdə gəzərəm,
Mən səninçin ömrüm boyu cəfalara dözərəm.
Sənsiz güllər açılmasın, axar çaylar dayansın,
Oxu, bülbül, bəlkə yarım oyansın!..

– Aydın oldu…

Cəvahir

Foto:Cəmalə

COP29

www.yenicag.az

3256
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv