“Azərbaycanlı namizəd prezident seçilərsə, iki ölkə arasında münasibətlər daha da möhkəmlənər və inkişaf edər”.
Bunu Yenicag.az-a açıqlamasında İranda keçirilən növbədənkənar prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkianın qalib olmasının ölkəsinin Azərbaycanla münasibətlərə gələcək təsirindən danışan VI çağırış Milli Məclisin deputatı Azər Badamov deyib.
O, İranda keçirilən prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkianın seçilməsini arzuladığını bildirib.
“Ancaq nəzərə almaq lazımdır ki, İranda prezidentin kim seçilməsindən asılı olmayaraq, dövlət siyasətinin kursunu ali dini lider müəyyənləşdirir. Azərbaycan-İran münasibətləri son zamanlar müsbət ruhda inkişaf edir. Hətta Araz çayı sahilində Prezident İlham Əliyevlə İranın mərhum prezidenti İbrahim Rəisi arasında görüş keçirildi. Görüşdə ölkələrimiz arası münasibətlərin inkişafına dair müsbət nəticələr əldə olundu. Təəssüf ki, Rəisi helikopter qəzasının qurbanına çevrildi.
Biz qonşu dövlətlərik. Ölkələrimiz və regionumuz üçün birgə əhəmiyyətli layihələrimiz var. Bu baxımdan İranda prezident kürsüsünə kimin seçilməsindən asılı olmayaraq, münasibətlər normallaşmalıdır. Azərbaycanlı namizəd prezident seçilərsə təbii ki, iki ölkə arasında münasibətlər daha da möhkəmlənər və inkişaf edər”, – deyə deputat bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az