“Azerspace-2” peyki orbitə nə vaxt çıxarılır? – Tarix açıqlandı

“Biznesin davamlılğını təmin edəcək “Azərspace-2” peykinin orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir”.

Yenicag.az xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, “Azərspace-2” peykinin aprel ayında orbitə çıxarılması nəzərdə tutulur.

“Azərspace-2” hazırkı əhatə dairəsini genişləndirəcək, bu da bizə müştərilərimizə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Qeyd edim ki, “Azərspace-2” peyki orbitə buraxılmamış tutumların 46%-i artıq satılıb”, -deyə R.Nəbiyev vurğulayıb.

O bildirib ki, “Azərsky”peyki üzrə əldə olunan gəlirlərin 98%-i xarici bazarlarda formalaşır. Bu baxımdan peykin imkanlarının ölkəmizdə daha geniş tətbiq olunması məqsədilə İqtisadiyyat Nazirliyi ilə birlikdə “Azərbaycan Respublikasında 2018-2020-ci illərdə yerin peyk vasitəsi ilə məsafədən müşahidəsi xidmətinin inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb: “Dövlət qurumlarında bu xidmətdən faydalanmaq üçün müasir maddi-texniki təminat səviyyəsinin və sahə üzrə ixtisaslı kadrların kifayət etməməsi sözügedən proqramın hazırlanmasını zəruri edib. Hesab edirik ki, dövlət proqramının qəbul olunması növbəti 5 ildə məsafədən idarə olunma xidmətinin inkişafına təkan verər, müşahidə xidmətləri vasitəsi ilə dövlət idarəetməsinin effektliyini artırar və bu sahə üzrə elmi-tədiqat və ixrac potensialını yüksəltmiş olar”.