“Amazon”un gizli planı: 600 min nəfərlik işi robotlara həvalə edəcək

media-hightechnic-468x90

ABŞ-ın ikinci ən böyük işəgötürəni olan “Amazon” işçi sayısını artırmaq əvəzinə avtomatlaşdırmaya yönəlir. 

Yenicag.az  xəbər verir ki, “The New York Times” nəşrinin əldə etdiyi daxili sənədlərə görə, şirkətin avtomatlaşdırma komandası 2027-ci ilə qədər təkcə ABŞ-da normal şərtlərdə işə götürülməsi planlaşdırılan 160 min nəfərdən imtina etməyi nəzərdə tutur. Bu strategiya “Amazon”a qablaşdırma və çatdırılma əməliyyatlarında təxminən 30 faiz qənaət imkanı verəcək.

Lakin plan bununla məhdudlaşmır. Sənədlərə əsasən, şirkət rəhbərləri ötən il idarə heyətinə təqdim etdikləri hesabatda bildiriblər ki, robotik sistemlər satışlar iki dəfə artsa belə, 2033-cü ilə qədər ABŞ-dakı məşğulluq səviyyəsini sabit saxlaya bilər. Bu isə “Amazon”un qarşıdakı illərdə təxminən 600 min yeni iş yeri açmaqdan çəkinəcəyinə işarə edir. Hədəf, əməliyyatların ümumi 75 faizini avtomatlaşdırmaqdır.

İrəliləyiş, yoxsa işsizlik dalğası?

Avtomatlaşdırma və süni intellektin əmək bazarına təsiri ilə bağlı narahatlıqlar artmaqda davam edir. Mütəxəssislər bildirirlər ki, elektron ticarət sektorunda həlledici mövqedə olan “Amazon”un bu istiqamətdə atdığı addımlar, “Walmart” və “UPS” kimi nəhəng şirkətlərin də eyni yolu izləməsinə təkan verə bilər.

Məlumatlara görə, şirkət ictimai reaksiyanı yumşaltmaq üçün imic kampaniyaları hazırlayır. “The New York Times” yazır ki, “Amazon” ictimai tədbirlərdə iştirak etməyi, oyuncaqlar üçün yardım kampaniyaları keçirməyi və “avtomatlaşdırma” və ya “süni intellekt” əvəzinə “irəli texnologiya” və “əməkdaş robotlar” (cobot) kimi ifadələrdən istifadə etməyi müzakirə edib.

“Yalnız bir qrupun baxışı”

“Amazon”un sözçüsü Kelli Nantel bildirib ki, “bu sənədlər yalnız bir komandanın baxışını əks etdirir və şirkətin bütün bölmələri üçün keçərli işəgötürmə planı kimi qiymətləndirilməməlidir.” O, həmçinin yaxın bayram mövsümü üçün 250 min nəfərlik yeni işə qəbul planlaşdırıldığını qeyd edib. Şirkət əlavə edib ki, işçilərdən müəyyən ifadələrdən çəkinmələri istənilməyib və ictimai tədbirlər avtomatlaşdırma planları ilə əlaqəli deyil.

“Shreveport” modeli

“Amazon” hazırda dünya üzrə bir milyon aktiv robotdan istifadə edir. Avtomatlaşdırmanın təsiri isə ən aydın şəkildə şirkətin Luiziana ştatının Şrivport şəhərində yerləşən yüksək texnologiyalı anbarında müşahidə olunur. Sənədlərdə qeyd olunur ki, burada təxminən min robot fəaliyyət göstərir və bu da insan əməyinə olan tələbatı 25 faiz azaldıb.

Şirkət 2027-ci ilin sonuna qədər bu modeli 40 yeni müəssisədə tətbiq etməyi planlaşdırır. Bu müəssisələrdən ilki 2024-cü ilin aprelində Virciniya Biç şəhərində fəaliyyətə başlayıb. Ştatın qubernatoru Qlen Yanqkin açılış mərasimində bu mərkəzin 1 min tam ştatlı iş yeri yaradacağını bildirmişdi.

Avtomatlaşdırmanın iki üzü

“Amazon”un qlobal əməliyyatlara cavabdeh rəhbəri Udit Madan şirkətin avtomatlaşdırmadan əldə etdiyi vəsaiti “yeni rollar yaratmaq” məqsədilə yenidən sərmayə qoyduğunu deyib. Kənd və ətraf bölgələrdə yeni çatdırılma mərkəzlərinin açılması da bu yanaşmanın nəticəsi kimi göstərilir.

Bununla belə, ümumi mənzərə aydındır: “Amazon” yaxın illərdə iş anlayışını köklü şəkildə dəyişdirəcək bir mərhələnin astanasındadır. Bu dönüşüm bəziləri üçün məhsuldarlıq inqilabı, digərləri üçün isə yaxınlaşan işsizlik dalğasının başlanğıcı kimi qiymətləndirilir./Valyuta.az /

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa