Milli Süni İntellektin inkişafı: Pul proqramlara yox insan biliyinə yatırılmalıdır - RƏY

media-hightechnic-468x90

Süni intellekt sahəsində əsas sərmayə proqram təminatından daha çox insan biliyinə yatırılmalıdır.

media-screenshot_228

Bunu Yenicag.az-a informasiya-kommunikasiya texnologiyaları üzrə ekspert Əmrah Mövsümzadə deyib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın həyata keçirilməsi ilə bağlı gələn ilin dövlət büdcəsindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Həmçinin, “Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın icrasına yönəldiləcək xərclər üçün 5,8 milyon manat məbləğində vəsaitin ayrılması ehtimal olunur.

Ekspert maliyyənin daha çox hansı istiqamətlərə yönəldilə biləcəyini sadalayıb:

“Bu məbləğlər ilk baxışdan az görünsə də, əslində məqsədin nədən ibarət olmasından asılı olaraq səmərəli şəkildə istifadə oluna bilər. Maliyyə infrastrukturun qurulmasına, insan kapitalının formalaşdırılmasına, təlim proqramlarının, startapların və tədqiqatların dəstəklənməsinə yönəldiləcəksə, nəticə uğurlu olacaq. Süni intellekt sahəsində əsas sərmayə proqram təminatından daha çox insan biliyinə yatırılmalıdır. Bununla yanaşı, dataların toplanması və etibarlı saxlanılması mühüm istiqamətlərdəndir. Süni intellekt modellərinin keyfiyyəti birbaşa onların öyrədildiyi məlumat bazalarının effektivliyindən asılıdır. Buna görə də vəsaitin bir hissəsi milli data səviyyələrinin gücləndirilməsinə, məlumatların strukturlaşdırılmasına və təhlükəsiz paylaşım sistemlərinin yaradılmasına yönəldilməlidir”.

Ekspert qeyd edib ki, Azərbaycanda süni intellekt potensialı kifayət qədər yüksəkdir:

“Kibertəhlükəsizlik istiqamətində 5,8 milyon manat vəsait ayrılıb ki, bu da ilkin mərhələ üçün real rəqəmdir. Sözügedən sahədə məqsəd təkcə texnoloji müdafiə sistemlərini qurmaq deyil, həm də ictimai savadlılığı artırmaq, kibermaarifləndirməni gücləndirmək, dövlət qurumları və özəl sektor arasında koordinasiyanı genişləndirməkdir. Qonşu ölkələrdən, xüsusilə Ermənistanın beynəlxalq şirkətlərlə əməkdaşlıq etdiyini görürük. Bu, bizim üçün həm rəqabət, həm də öyrənmək üçün bir fürsətdir. Ölkəmizin süni intellekt potensialı yüksəkdir. Lakin inkişaf sürətini artırmaq üçün dövlət və özəl sektor tərəfdaşlığını gücləndirmək, qlobal əməkdaşlığa diqqət ayırmaq vacibdir. Bizim əsas problemimiz maliyyə azlığı deyil, diqqəti strateji planlaşdırma və koordinasiya mexanizmlərinin təkmilləşdirilməsinə yönəltməliyik. Doğru istiqamət seçilərsə, bu layihələr ölkə üçün mühüm infrastruktur başlanğıcı ola bilər”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa