“Universitet rektoru hazırda hərbi xidmətdə və döyüşdə olan tələbələrin diplomlarını valideynlərinə vermir”.
Yenicag.az xəbər verir ki, Əmək Hüquqlarını Müdafiə Liqasının (ƏHML) rəhbəri Sahib Məmmədov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (AZNSU) rektorunu bu ali məktəbin hazırda hərbi xidmətdə olan tələbə və məzunlarına qarşı yolverilməz davranışını tənqid edib.
Sahib Məmmədov özünün “Facebook” hesabında bunları yazıb:
“Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – AZİ. Mən bu universitetdə İctimai Şuranın üzvüyəm. Etiraf edim ki, universitetdə xeyli pozitiv dəyişikliklər var.
Amma bu yaxınlarda məni dəhşətə salan xəbərlər eşidirəm. Universitet rektoru hazırda hərbi xidmətdə və döyüşdə olan tələbələrin diplomlarını valideynlərinə vermir. Deyir ki, özləri gəlsin.
Bəzi tələbələrin isə kiçik məblğdə borcları var. Hədələyirlər ki, döyüşdə olmaqlarının dəxli yoxdur. Pulu ödəməlisən. Ödəyəndə də yenə diplom verilmir ki, özü gəlsin, ya da notariusdan etibarnamə versin. Hərbi xidmətdə, döyüşdə olan hərbçidən etibarnamə tələb edirlər.
Qanunun formal tərəfini qoyuram bir tərəfə, amma bu rektor və onun komandasında elementar insani hisslərin olmaması təəssüf doğurur. O bayrağı yalandan asmaqla deyil. Çox təəssüf.
Telefonla rektorun köməkçisi ilə danışmaq istədim. Adam elə danışdı ki, sankı yerin-göyün sahibidir. Elementar etikadan xəbəri yoxur adamın”.
www.yenicag.az