Bir neçə ay öncə paytaxtda dayanacaqla bağlı yenilik tətbiq ediləndə və “Azparking” yaradılanda hər kəs sevinirdi. Gözləntilər də böyük idi.
Birincisi, “parking mafiyası”ndan xilas olacaqdıq, daha hər əlinə dəyənək alan maşınların parklanmasından pul qazanmayacaq.
İkincisi, qayda-qanun yaranacaq və parking xaousuna son qoyulacaq.
Üçüncüsü, mobil tətbiqə malik olan “Azparking” pərakəndəliyi aradan qaldıracaq.
Dördüncüsü, parkingdən toplanan pullar kimlərinsə cibinə yox, dövlət büdcəsinə gedəcəkdi…
Bu siyahını uzada da bilərik, amma nəticə heç də gözlənilən kimi olmadı. Az keçmədi bütün bunların yalnız arzu olduğunu və arzu olaraq qalacağını anladıq. Bu gün “Azparking” sələfi olan “parking mafiyası”na rəhmət oxutdudur.
Normal məntiqə və qanunlara görə, əgər sizin avtomobiliniz varsa və parkinq qaydalarını pozmamısınızsa, problem yaranmamalıdır. Amma bu gün tam fərqli mənzərə yaranıb. İstənilən vaxt cərimə edilmək təhlükəsi var. “Azparking”in qalustuklu əməkdaşlarının taxdıqları qalustuklarının altından “paring mafiyası”ndan çox da fərqlənməyən simalar çıxır.
Bununla yanaşı, “Aparking”in yaranması ilə paytaxtın hər yeri parking yeri olaraq qəbul edilməyə başlayıb. Misal üçün, ofisinin, hətta eviniz qarşısı belə parkanma olaraq qeyd olunur, buna görə ödəniş tələb edilir, edilmədikdə cərimə yazılır. Bunu edənlər isə “Aparking”in qalustluklu əməkdaşlarıdır. Onlar dərhal avtomobilin fotosunu çəkir və cərimə tətbiqi üçün müvafiq ünvana yönləndirirlər. Müvafiq ünvan isə AYNA-dır…O zaman sual yaranır: AYNA niyə bu işi həyata keçirmir, yaxud bütün bunlar qanuna nə dərəcədə uyğundur?
Üzləşdiyimiz vəziyyət, o cümlədən, eyni problemdən əziyyət çəkən sakinlərin şikayətləri və sosial şəbəkələrdə yayılan faktlar təsdiq edir ki, hazırda paytaxtda parking xaousu yaşanır.
“Azparking”in nə parkingə görə pulun toplanması, nə də cərimənin edilməsi işini həyata keçirə bilməz. Qanun buna imkan vermir. Çünki “azparking” publik hüquqi şəxs olaraq yaradılıb və onun əsas missiyası parking işinin normal təşkili olmalıdır. Parking yerlərinin müəyyən edilməsi, mobil tətbiqin daha keyfiyyətli işləməsini təmin etmək, pərakəndəliyin aradan qaldırılması və s. parkingə görə ödənilən məbləğ isə mobil tətbiq üzərindən edilməlidir. Amma “Azparking” MMC cərimə işinə də girişməklə öz nizamnaməsinə uyğun olmayan fəaliyyətlə məşğuldur.
Ümumiyyətlə, bir MMC-nin vətəndaşları cərimələməsi absurddur. Bunun heç bir hüquqi bazası yoxdur. “Azparking” isə qanunları kobud şəkildə pozaraq, vətəndaşları cərimələyir.
Yayılan məlumatlara görə, toplanan pulların dövlət büdcəsinə transfer edilməsində də ciddi problemlər yaranıb. Belə ki, əvvəllər daha çox pul yığıldığı, indi isə bunun azaldığı deyilir, halbuki, nə parking yerləri, nə də parking qiyməti azalmayıb, əksinə artıb. Bu isə toplanan pulların mənimsənildiyi şübhəsini yaradır.
Belə görünür ki, parking xaosunu aradan qaldırmaq və qayda-qanunun yaradılması üçün fəaliyyətə başlayan “Azparking” paytaxt küçələrini “biznes obyektinə” çevirib, həm pul qazanır, həm də qanunu pozurlar./Demokrat.az
www.yenicag.az