Ronaldu Dünya Kubokunda oynayan ən yaşlı avropalı futbolçu oldu
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatında iştirak edən Avropanın ən yaşlı futbolçusu olub.
Yenicag.az xəbər verir ki, o, Şimali İrlandiya millisinin sabiq qapıçısı Pat Jenninqsin göstəricisini üstələyib. Jenninqs 1986-cı ildə keçirilən turnirdə son oyununu məhz doğum günündə oynayıb – həmin gün ona 41 yaş tamam olmuşdu. Şimali İrlandiya Braziliyaya 0:3 hesabı ilə uduzaraq pley-offa çıxa bilməmişdi.
Ronalduya isə fevral ayında 41 yaş tamam olub. Dünya çempionatında ondan yaşlı yalnız üç futbolçu oynayıb: misirli qapıçı Essam əl-Hədari (2018; 45 yaş), kolumbiyalı Farid Mondragon (2014; 43 yaş) və kamerunlu hücumçu Roje Milla (1994; 42 yaş). Ronaldu 2026 dünya çempionatının ikinci ən yaşlı oyunçusudur – Şotlandiya millisinin 43 yaşlı qapıçısı Kreyq Qordon heyətə daxil edilsə də, Haitiyə qarşı ilk oyunda (1:0) ehtiyatda qalıb.
Ronaldu beşqat Çempionlar Liqası qalibi, Avropa çempionu, iki dəfə Millətlər Liqasının qalibi olub. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatlarında qol sayına görə rekordçudur. 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Karyerası ərzində “Sportinq” (Portuqaliya), “Mançester Yunayted” (İngiltərə), “Yuventus” (İtaliya) və “Real Madrid” (İspaniya) klublarında da oynayıb. Beş dəfə “Qızıl top” mükafatını qazanıb.
Dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir və 19 iyulda başa çatacaq.













