!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Baha qiymətə “yoxsullara” mənzil satılır” - “Sosial mənzil” biznesi

!Reklam – Yazi

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başlayır. Bir çoxlarının ümidlə gözlədiyi sosial evlərin satış şərtləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Şərtlərin ipotekadan fərqlənmədiyini deyənlər aztəminatlı ailələrin layihədən yararlana bilməyəcəyindən narahatdırlar

Milli Məclisin sabiq deputatı, iqtisadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında MİDA-nın elan etdiyi şərtləri dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına sosial evlər adı altında kommersiya xarakterli evlərin tikildiyini, bunun bir biznes layihəsi olduğunu bildirib:

Nazim Baydəmirli

“Qeyd edim ki, mən millət vəkili olaraq, hələ 2008-ci ildə “Tikinti fəaliyyəti haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupun rəhbəri idim. Daha sonra rəhbərlik belə qərara gəldi ki, bir neçə qanun birləşdirilsin və Mənzil Məcəlləsi hazırlansın. Mənzil Məcəlləsi üzrə işçi qrupunda da oldum və əsas aparıcı komitələrdən biri də bizim komitə idi. İdeya etibarilə, sosial mənzil anlayışını Mənzil Məcəlləsinə mən daxil etmişəm. Bunda məqsəd ondan ibarət idi ki, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da əhalinin ehtiyacı olan təbəqəsi onlar üçün münasib olan şərtlərlə mənzil şəraitlərini normallaşdırsınlar. Məsələn, İngiltərə əhalisinin təqribən 30 faizi sosial mənzillərdə yaşayırlar.

Sosial mənzillər həm dövlətə, həm bələdiyyələrə, həm də böyük tikinti şirkətlərinə məxsus ola bilər. Sosial mənzillər heç vaxt özəlləşdirilmir, hər zaman dövlətin, yaxud da bələdiyyələrlə tikinti şirkətlərinin mülkiyyətində qalır və orada məskunlaşanlar münasib məbləğdə kirayə haqqı ödəyirlər. Dövlət də bundan uzunmüddətli və sabit gəlir əldə edir.

Təqribi hesablamalara görə, Bakı və ona yaxın ərazilərdə 300 min – 500 yüz min civarında ailə kirayədə yaşayır. O ailələrin də əksəriyyətinin vəsaitlərdən vergi ödənilmədiyi üçün kifayət qədər vəsait dövlət büdcəsindən yayındırılır, kölgə iqtisadiyyatına gedir. Sosial evlərin mövcudluğu isə bu kimi problemləri aradan qaldırır.

Bir məqama toxunum. Xarici ölkələrin çoxunda xeyli insan var ki, mənzil mülkiyyətçisi olmaqda maraqlı deyil, öz evinin olmasını istəmir. Ya imkanı aşağıdır, ya da ki sadəcə, belə iri həcmdə yatırım etməyi düşünmür. Bəzi böyük şəhərlərin sakinləri arasında da iş yerinə yaxın olmaq, vaxt və digər itkiləri sığortalamaq üçün sosial evlərdə yaşamağa üstünlük verənlər var.

Çox təəssüf edirəm, bizdə açıqlanan rəqəmlər və onun həyata keçirilməsi mexanizmi göstərir ki, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına sosial evlər adı altında kommersiya xarakterli layihə həyata keçirilir. Bu şərtlərin mənim qanunvericiliyə gətirdiyim sosial mənzil fəlsəfəsi ilə heç bir əlaqəsi yoxdur. Onları sosial mənzil adlandırmaq mümkün deyil, olsa-olsa bizim qanunvericiliyə süni gətirilmiş “sosial ipoteka” adlandırmaq olar.

Bu, dövlət büdcəsi hesabına ipoteka şərtləri əsasında mənzillərin satılmasıdır. Konkret desək, bir kommersiya proyektidir. Dediyim kimi, MİDA-nın açıqladığı rəqəmlər bir daha sübut etdi ki, bu şərtlərin nə normal ipoteka, nə də normal sosial ipoteka ilə, ən əsası da sosial mənzil anlayışı ilə əlaqəsi olmamaqla yanaşı, biznes layihəsindən başqa bir şey deyil”.

Həmsöhbətimiz haqqında danışılan məsələnin ciddi araşdırma mövzusu olduğunu vurğulayaraq, sosial evlər adı altında bir biznes layihəsinin ortaya gətirilməsində sabotaj cəhdinin olduğunu istisna etməyib:

“Mən belə dərinə getmək istəməzdim. Ancaq bu məsələ araşdırılarsa, sosial mənzillərin tikintisini sifariş və icra edənlərin qohumluq-qardaşlıq bağları yəqin ki, üzə çıxacaq. Təəssüf ki, Azərbaycanda kimin əli dövlət resurslarına çatırsa, özü, qohum-əqrəbası və ya dostları üçün kommersiya obyektləri açırlar.

Bu da ümumi şəkildə ölkədə mövcud olan inhisarçılıqdan, müxtəlif vəzifələrə kimlərinsə patronajlığı ilə həyata keçirilən təyinatlardan, o cümlədən ictimai nəzarətin olmamasından qaynaqlanır. Burada sabotaj çox böyük sözdür, ona toxunmaq istəməzdim.

Biznesdən az-çox məlumatı olanlar bilirlər ki, Bakıda tikintinin bir kvadrat metrinin maya dəyəri 300-400 manat civarındadır. Təmirli mənzillərin kvadrat metri isə 500 manatdan yuxarı deyil. Bunların açıqladığı rəqəmlər isə həmin məbləğdən 2 dəfə çoxdur. Yəni belə demək mümkünsə, dövlət resursları hesabına kommersiya işləri görüblər. Ancaq bu astronomik gəlirdən vergi ödəniləcəksə, yenə də bu problemin üstünə getmək olmazdı, ancaq Azərbaycanda dövlətin sahibkarlıqla məşğul olmaq ənənəsi yaradıldıqdan onların hamısının zərərlə işləməsinin şahidi olmuşuq. Bu layihələrə yatırılmış vəsaitlərin hər hansı bir ciddi gəlir gətirəcəyinə ciddi şübhələrim var. O baxımdan hökumətə tövsiyəm normal ipoteka şərtləri ilə mənzil sahibləri olmaq istəyən vətəndaşlarımızın sayının çox olmasını nəzərə alıb bu sahədə ciddi islahatlar aparılsın, ucuz uzunmüddətli vəsaitlərə çıxışı asanlaşdırsın, inhisarçılıq aradan qaldırılsın, tikintiyə lisenziya və icazələrin verilməsi prosedurları daha da şəffaflaşdırılsın. O zaman normal ipoteka rəqabət şəraitində özü bazarda formalaşacaq və heç bir dövlət resurslarına da ehtiyac yaranmayacaq..

Ancaq əlbəttə ki, vəziyyəti dəyişmək və sosial mənzilləri yuxarıda qeyd etdiyim fəlsəfəyə uyğun olaraq, münasib şərtlər əsasında tikib təhvil vermək mümkündür. Bunu edəcəklər, ya yox, görəcəyik”.

Qeyd edək ki, iqtisadçı Qadir İbrahimli sosial şəbəkədə yerləşdirdiyi geniş materialda hökumətin “Sosial evlər” layihəsini iflasa uğratdığını yazıb. İqtisadçının fikrincə, bu, artıq sosial yox, kommersiya layihəsinə çevrilib:

“Mənzil İnşaatı Dövlət Agentliyinin şərtləri nəinki yoxsulların, hətta kasıblar üçün belə sosial mənzilləri əlçatmaz edir. Satışa çıxarılan 260 mənzilin qiyməti belə müəyyən edilib:

1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayır.

Birotaqlı üçün aylıq ödəniş 129-136, ikiotaqlı üçün 203-236, üçotaqlı üçün 282-288 manatdır. Sadə hesablama yolu ilə bəlli olur ki, bu məbləğləri ödəmək üçün böyük rəsmi gəlirlər olmalıdır. Məsələn, tutaq ki, orta statistik ailə (ər-arvad+2 azyaşlı uşaq) 1 otaqlı sosial mənzil almaq üçün müraciət edib. 2018-ci il üçün yaşayış minimumu haqqında qanuna görə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib – orta göstərici 173 manat.

Deməli, 1 otaqlı ev almaq üçün onların gəlirləri 803 manatdan az olmamalıdır (ər və arvadın minimum yaşayış xərci 366 AZN + 2 uşağın yaşayış xərci 308 AZN+ aylıq ödəniş 129 AZN = 803 AZN). Bank kalkulyatoru da məhz belə hesablayır – rəsmi gəlirlərdən adambaşına yaşayş minimumu çıxılır, yerdə qalan vəsait isə kredit ödənişi kimi hesablanır.

Sosial binalardan 3 otaqlı mənzil almaq üçünsə, deputat maaşına yaxın bir məbləğ tələb edilir – ər və arvadın minimum yaşayış xərci 366 AZN + 2 uşağın yaşayış xərci 308 AZN+ aylıq ödəniş 288 AZN = 962 AZN (deputatların maaşı 1350 manatdır, müavinətləri saymasaq). Bir sözlə, baha qiymətə “yoxsullara” mənzil satılır”.

Araz Zeynalov

 

COP29

www.yenicag.az

3978
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv